Türkiyəyə təhdid: ABŞ Suriyanın şərqində yeni hərbi baza yaradır

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı noyabrın 13-də Ağ Evdə gözləyəcəyini qeyd edib. Ağ Ev heyəti məhz bu səfərin reallaşması üçün Ankarada səfərdədir. Onlar Ərdoğanı səfərə razı salmaq və danışıqların gündəliyini hazırlamaq üçün günlərdir danışıqlar aparırlar. Məlumdur ki, Ərdoğan Konqresin Nümayəndələr Palatasının məlum qətnaməsinə görə, ABŞ səfərini təxirə salmışdı.

Lakin görünən odur ki, Vaşinqton bu səfərin reallaşması üçün ciddi cəhd göstərir. 

Mövzunu “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-Türkiyə arasında Suriya böhranına görə konfliktin dərinləşməsi Moskva-Ankara oxunu kifayət qədər gücləndirib. Məhz bu məqam Ağ Evi narahat edir:

“Vaşinqtondan heyətlər Ankaraya səfər edərək çalışırlar ki, Türkiyə ilə əlaqələri bərpa etsinlər. Hazırda konfedensial danışıqlar gedir. Əslində Ərdoğanla Tramp arasında isti və normal münasibətlər var. Tramp Türkiyəyə güzəştə gedir və onun maraqlarını tanıyır. Məhz “Sülh çeşməsi” əməliyyatı Trampla telefon danışıqlarından sonra reallaşdı. Ərdoğanın səfəri baş tutarsa, Ağ Ev çalışacaq ki, maksimum güzəştlər əldə etsin. Tramp həmin güzəştləri Ərdoğana tanıyacaq. Amma seçkiqabağı demokratlar onu ABŞ-ın maraqlarını Türkiyəyə satdığına görə yenidən tənqid obyektinə gətirəcəklər. Trampın Türkiyə barədə qərar verməsi çətinləşir. Artıq Ərdoğan da Trampla görüşünün xüsusi əhəmiyyət kəsb etmədiyinin fərqindədir. Çünki Trampa qarşı təzyiqlər Amerika prezidentinin geri çəkilməsinə səbəb olur”. 



Politoloq: “Ankara müqavimət göstərib, planları pozur”


Ekspertin sözlərinə görə, Türkiyə çalışır ki, Rusiya və ABŞ anlaşmalara əməl etsinlər:

“Demək olar ki, bufer zona yaradılıb. Ərdoğanın səfəri reallaşarsa, Türkiyədə məskunlaşan qaçqınların bufer zonaya köçürülməsi üçün Trampla razılıq əldə olunacaq. ABŞ Suriyanın neftlə zəngin şərq bölgəsində yeni hərbi baza yaradır. Burada YPG terror təşkilatının fəaliyyəti mümkündür. Bu da yenidən tərəflər arasında problemlərə yol açacaq. ABŞ-Türkiyə problemləri Ərdoğanın bu səfəri ilə normallaşmayacaq. Problemlər ciddi surətdə davam edəcək. Çünki Vaşinqton Yaxın Şərqdə Türkiyəsiz yeni nizam qurmaq üçün plan həyata keçirir. Bu strategiya isə Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Ankara buna qarşı müqavimət göstərir və planları pozur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu