Qarabağın yekun statusundan danışmaq tezdir: DANIŞIQLAR PROSESİNƏ XƏLƏL GƏLİR

“Son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında maraqsız olan qüvvələrin fəallaşması, iki dost ölkə arasındakı münasibətlərə xələl gətirmək cəhdləri ciddi təəssüf hissi doğurmaqdadır”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvandakı mətbuat konfransında faktiki olaraq Ermənistanın baş nazirinin sözlərini təkrarlaması, danışıqlarda Qarabağ separatçılarının fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür: 

“Lavrovun nəzərinə çatdırmaq lazımdır ki, Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. Yenilənmiş "Madrid prinsipləri"nin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıtmasından sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə "müstəqillik" elan edə bilməzlər. Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi”.



Zaur Məmmədov: "İrəvan ilk əvvəl mərhələli həll variantı haqqında düşünməlidir"


Ekspertin sözlərinə görə, indiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir: 

“Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, məhz İrəvan ilk əvvəl mərhələli həll variantı haqqında düşünməlidir. Eyni zamanda "Madrid prinsipləri"nin ilkin mərhələlərində qeyd olunmuş - ətraf rayonları Azərbaycana qaytarmalıdır. Xüsusiylə xatırladırıq ki, Şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşıb. Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status-kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq XİN dəstəkləyir. İkinci mövqeyə əsasən - Ağdam, Füzuli və daha 2 -3 rayon qaytarılmalı, bunun əvəzində isə, Azərbaycan Avrasiya İttifaqı və KTMT na daxil olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu