Test, sadəcə seçim üsuludur: Təhsil eksperti iddialarla razılaşmır

Subbakalavrların vaxtı ilə az balla kollecə qəbul olmasını onların zəif mütəxəssis olması kimi qiymətləndirmək düzgün deyil




Ali məktəb müəllimləri arasında kollecləri bitirib imtahansız ali məktəbə daxil olanlardan narazılıq var. Ali məktəb müəllimləri kollec bitirdikləri səbəbiylə imtahansız ali məktəbə daxil olanlarla DİM-in qəbul imtahanlarında iştirak edib tələbə adı qazananların bilik səviyyəsi arasında kəskin fərqlərin nəzərə çarpdığını, birincilərin bazasının çox zəif olduğunu iddia edir. Çünki kolleclərə qəbul üçün cüzi bal tələb olunur, təhsil səviyyəsi də çox aşağı olur. Müəllimlər tədris prosesində bu fərqin aşkar göründüyünü bildirir.  

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə iddialarla razılaşmadı:

"Əvvəlcə onu deyim ki, 2019-2020-ci  tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri də əvvəlki illərdən fərqlənmədi. Bu dəfə müsabiqədə 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 
İki mərhələdən sonra isə rəqəmlər artıq oldu. Bildiyiniz kimi bu il "Təhsil haqqında" qanuna edilmiş dəyişikliyə görə subbakalavrlar imtahansız universitetə qəbul olmaq hüququ qazandı və 4774 nəfər bundan yararlanıb ali təhsil almağa nail oldu.

Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92 faizinin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45 faizinin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44 faizinin subbakalavrlar olduğunu görərik.

Bir məqamı qeyd edim ki, subbakalavr — orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsidir. Bu o deməkdir ki, XI sinfi bitirib ali məktəbə qəbul olan abituriyent ilə subbakalavr pilləsini bitirib ali məktəbə qəbul olan şəxsin bilikləri. Xüsusi ilə ixtisas biliklərində ciddi fərq var. Belə ki, subbakalavr 2-3 il bu ixtisas haqqında minimum biliklərə yiyələnib və ondan anlayışı var. Əsas odur ki, o ixtisas üzrə abituriyentdən fərqli olaraq ixtisaslı mütəxəssisdir. Ona görə də onların biliklərinin az olması fikri doğru deyil. Ümumiyyətlə, test imtahanında toplanan bal bilik göstəricisi ola bilməz. Test sadəcə olaraq seçim üsuludur. Buna görə də subbakalavrların vaxtı ilə az balla kollecə qəbul olmasını onların zəif mütəxəssis olması kimi qiymətləndirmək düzgün deyil". 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu