Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biridir    



Hər bir cəmiyyətin həyatında milli ideya mühüm rol oynayır. Ona görə də hər bir millət öz milli ideyasına sahib olmalıdır. Əks halda onun mövcudluğu heç bir halda özunu doğrulda bilməz. Əgər tolerantlıq və multikulturalizm, bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarının qəbul edilməsi kimi nəzərdən keçirilsə, görərik ki, müdrik dövlət siyasəti nəticəsində Azərbaycanda çoxsaylı xalqların azad yaşamasına və müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı mövcud olması üçün bütün zəruri şəraitlər yaradılıb.


Səid Ağayev, 
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi



Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dünya dövlətlərindəndir. Digər ölkələrdən fərqli olaraq ölkəmizdə etnik-mədəni müxtəlifliklər uğurla və səmərəli şəkildə tənzimlənir. Bunun bariz göstəricisi kimi ölkəmizdə mövcud olan etnik-dini zəmində olan sabitliyi misal göstərmək olar. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür.

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim etmişdir. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.

Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan coğrafi ərazisinə görə mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada əsrlər boyu aparıcı rol oynayıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.

Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci Vitse Prezidenti Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərirdi. “Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır”, - deyə Mehriban Əliyeva həmin konfransda vurğulayıb.

Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır. Müasir dövrdə bir sıra ölkələr tərəfindən Azərbaycan Respublikasının multikulturalizm sahəsində əldə etdiyi təcrübə öyrənilir. Bu təcrübənin əhəmiyyəti haqqında Prezident İlham Əliyev deyir: “Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır” .


Paylaş

Bizi Facebookda izləyin
menu
menu