Ümidlər "ölür" - Girovlardan nə məktub var, nə də videogörüntü

“Artıq 2 ildir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları atamdan nə videogörüntü, nə şəkil təqdim ediblər”. Bu sözləri Sherg.az-a açıqlamasında Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, 2 ildən çoxdur ki, atası ilə bağlı sadəcə olaraq şifahi məlumat əldə edirlər:

“Bu yaxınlarda bizdə ümid yarandı ki, əsir və girovların dəyişdirilməsi prosesi baş tutacaq. Hətta Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama verdi ki, əsir və girovların dəyişdirilməsi ilə bağlı hazırlıq işləri gedir. Amma hələ ki, sabitlikdir. Nə dəyişilmə prosesi baş tutdu, nə hazırlıq işləri görüldü. 5 ildən artıqdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə iş vermişik. Ümid edirdim ki, bu ilin sonuna kimi girovların dəyişdirilməsi baş tutacaq və atam geri qayıdacaq. Avropa İnsan Hüquqları Məhkəməsi işi üzərinə götürüb, komunikasiya qəbul edib və komunikasiya başa çatdıqdan sonra işə baxılma prosesi baş tutmalıdır. Avropa Məhkəməsində işi aparan insanlar açıqlama vermişdilər və biz ümid edirdik ki, bu il atamın və Şahbaz Quliyevin məsələsinə baxılacaq. Amma təəssüflər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin gələn il bu işə baxacağı bildiriləndə, ümidlərimizin hər biri öldü. Mən ümid edirdim və inanırdım ki, bu il Avropa İnsan Hüquqları Məhkməsində işə baxılmamışdan qabaq girovların dəyişdirilməsi prosesi baş tutacaq və atam nəhayət ki, 6 ildən sonra xilas ediləcək.  Hələ ki, gözləyirik, görək nə baş verəcək”.



Dilqəmin oğlu: "Ümid edirdim ki, bu ilin sonuna kimi girovların dəyişdirilməsi baş tutacaq və atam geri qayıdacaq"


K.Əsəgrov atasından sonuncu dəfə 2017-ci il noyabrın 1-də məktub aldığını bildirib:

“O vaxtdan bəri heç bir məktub gəlməyib. Hər dəfə Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirirlər ki, “Atanızın saxlanma şəraiti yaxşıdır, səhhəti normaldır”. Onlara cavab verirəm ki, “Atamın səhhətinin yaxşı olduğunu deyirsiz. Yaxşı, mən sizinlə razıyam. O zaman bir dəqiqəlik videogörüntü gətirin və biz görək ki, həqiqətən də atamın vəziyyəti yaxşıdır. Beləliklə sübut olunsun ki, siz beynəlxalq təşkilat olaraq düz deyirdiz, mən isə yanılırdım. Amma siz atamdan bir dəqiqəlik görüntü gətirə bilmirsizə, beynəlxalq təşkilat olaraq sizə inanmıram”.



Şahbazın qardaşı: "Sonuncu dəfə nə vaxt məktub aldğımız heç yadımda da deyil"


Erməni əsirliyində olan Şahbaz Quliyevin qardaşı İlham Quliyev də uzun müddətdir ki, qardaşından xəbər ala bilmədiyini deyib:

“Şahbazdan sonuncu dəfə nə vaxt məktub aldğımız heç yadımda da deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi məni proseslərdən kənarlaşdırıb. Artıq məni dəvət etmirlər. Ona görə də qardaşımla bağlı heç bir məlumat əldə edə bilmirəm”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu