Fəridə Ağazadə: "Ən böyük problem bölgələrdə mətbəələrin olmamasıdır" 

“Təsəvvür edin ki, mən qəzeti nəşr etdirmək üçün hər dəfə Astaradan Bakıya gəlirdim”



“Burada artıq kompleks tədbirlər həyata keçirilməlidir. Peşəkar jurnalistləri regionlara cəlb edəcək şərtlər, imkanlar olmalıdır”



Regionlarda mətbuatın vəziyyəti necədir? Paytaxta nə var?! Hər vasitə əlinin altındadır. Doğrudur, internet sərhədsizdir. Ucqar kənddə də internetə qoşulub “isti” informasiyalar almaq mümkündü. Amma informasiyanı kim yayır, necə yayır, nə məqsədlə yayır, bunlar da böyük əhəmiyyət daşıyır. Bu mənada paytaxt öz yerində, regionlarda da etibarlı informasiya mənbəyinə ehtiyac var. Bəs ehtiyac, zərurət duyulan media orqanları necə yaşayır, necə fəaliyyət göstərir?  Cənub bölgəsində ötən əsrdən fəaliyyət göstərən bir qəzet var – “Astara”. Paytaxt mediası təmsilçiləri belədir; çox zaman ragiondakı həmkarlarımızı unuduruq, xəbər tutmuruq, laqeyd qalırıq. Çoxunu heç tanımırıq da.

Amma bu xanım, özünü tanıtdıra bilmiş jurnalistlərdəndi. Öz fəallığı, peşəkarlığı, əzmi sayəsində. Söhbət “Astara” qəzetinin, artıq keçmiş baş redaktoru Fəridə Ağazadədən gedir. Nahaq demədim ki, regionlardakı həmkarlarımızdan gec-gec xəbər tuturuq. Fəridə xanıma “Astara” qəzetinin baş redaktoru kimi müraciət etdik. Və bildik ki, o artıq baş redaktor vəzifəsində çalışmır. Doğma qəzetini başqa bir xanım həmkarına əmanət edib paytaxta gəlib. Niyə?

1932-dən nəşr olunan qəzet 


Öncə “Astara” qəzetinin tarixinə qısa nəzər salaq.
"Astara” qəzeti 1932-ci ilin aprel ayından nəşrə başlayıb. Müxtəlif illərdə qəzetin adı dəyişdirilib, "Ostoro kolxozçu”, "Kolxoz tribunası”, "Sovet Astarası” adları ilə çıxıb. 1991-ci ildən günümüzədək "Astara” adı ilə oxuculara təqdim olunur. İllər ötdükcə qəzetin adları dəyişsə də, amalı dəyişməyib. Onun səhifələrində dövrə uyğun, zamanla səsləşən yazılar dərc olunub. Qəzet yarandığı gündən onun çoxlu sayda redaktorları, əməkdaşları, kəndlərdə ştatsız müxbirləri olub.

Qəzet bütün dövrlərdə milli mətbuatımızın ənənələrinə sadiq qalıb, öz səhifələrində rayonun tarixi, mədəni, sosial-iqtisadi, ictimai-siyasi həyatını və digər sahələrini geniş işıqlandırmaqla salnamə rolunu oynayıb. Uğurlu fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, dəfələrlə Azərbaycan Jurnalistlər İttifaqının, Mətbuat Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-nin keçirdiyi yaradıcılıq müsabiqələrinin qalibi olub. "Astara” qəzeti həmişə obyektiv mövqe tutub, dövlətçiliyə sədaqət, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin apardıqları müdrik siyasətin təbliğ olunmasında fəallıq göstərib. 



“Qəzeti nəşr etdirmək üçün Bakıya gəlirdim”


2017-ci ilin aprelindən “Astara” qəzetinə rəhbərlik edən Fəridə Ağazadəylə söhbətə Bakıya gəlişinin səbəbini öyrənməklə başlayırıq:

1 aydır ki, təhsilimlə bağlı Bakıya köçmüşəm. 2016-cı ildə “Xəzər” Universitetini jurnalistika ixtisası üzrə bakalavr pilləsini bitirdikdən sonra Astaraya qayıtdım və “Astara” qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başladım. Təhsil aldığım illərdə müxtəlif mətbu orqanlarda çalışmışdım, təcrübəm vardı. Jurnalistikaya gəlişim və bu ixtisası seçməyim mənim üçün çox xoşdur. Amma bunu da deyim ki, əslində mən hüquqşünas olmaq istəyirdim. Anam bu sahədə olduğu üçün uşaqlıqdan mənim də belə arzum vardı. Atam pilot olmağımı istəyirdi. Mən isə düşünürdüm ki, qadın haqlarının qorunması və bərpa olunmasında mənim də bir hüquqşünas kimi rolum olsun. Tale elə gətirdi ki, jurnalist oldum. Təhsil aldığım illərdə bir neçə jurnalistika müsabiqəsində iştirak etdim və birinciliklər qazandım. Artıq özümü jurnalistikadan, mediadan ayrı hiss edə bilmirdim.

“Astara” qəzetində mən də bir müddət çalışmışam. Daha doğrusu, mənim elə ilk jurnalist fəaliyyətim “Astara” qəzetindən başlayıb. Ümumiyyətlə, “Astara” qəzeti yerli jurnalistlərin yetişməsində çox mühüm rol oynayıb. İndi isə istəyirəm təhsilimi davam etdirim. Magistratura təhsili alım, elmi fəaliyyətimi davam etdirim. Hələ ki, işləmirəm. Təkliflər var, mən də hələ ki, təklifləri dəyərləndirirəm. Özümə uyğun görəcəyim yerdə çalışacam. 



- “Astara” qəzetinin baş redaktoru kimi region mətbuatının çətinliklərini, problemlərini sizdən yaxşı bilən olmaz.

-3 il baş redaktor işləmişəm. 5 nəfərlik komandamız vardı. Mən qəzetdə baş redaktor kimi çalışmağa başlayanda qəzet 8 səhifəlik idi. Qısa müddətdə səhifələrin sayı 16-ya çatdı. Yeni rubrikalar əlavə etdik, çalışdıq ki, materiallar maraqlı olsun, oxucuların diqqətini cəlb etsin. Hətta 24 səhifəlik qəzet buraxdığımız vaxtlar da oldu. Qəzetin sayt variantını, internet, PDF variantını yaratdım. İndi oxucular istənilən vaxt internet üzərindən qəzetin son nömrələri ilə tanış ola bilir. 

-Region mətbuatının əsas çətinlikləri nədir?

-İlk növbədə regionlarda mətbəələrin olmamasını deyirəm. Təsəvvür edin ki, mən qəzeti nəşr etdirmək üçün hər dəfə Bakıya gəlirdim. Bu, çox çətindir. Azərbaycanın Lənkəran kimi aparıcı, təbii sərvətlərə, rəngarəng adət-ənənələrə sahib bir bölgəsində mətbəə yoxdur. Regionlarda mütləq mətbəələr yaradılmalıdır. Heç olmasa, bölgələrin hər birində bir mətbəə olsa, işimiz əməlli-başlı asanlaşar. 

-Bu məsələni aidiyyətli orqanlar qarşısında qaldırmısınızmı?

-Biz dövlətin dəstəyini, qayğısını həmişə hiss etmişik. Geridə qalmış, köhnə qaydalarla işləyən ragion mətbuatı artıq yoxdur. Bütün mətbu orqanlara şərait yaradılır. Mətbuat Şurası həmişə bizə dəstək olub. Tədbirlərimizdə geniş iştirak ediblər. Ötən il “Astara” qəzetinin 85 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Paytaxtdan xeyli qonaqlarımız oldu, ölkədə tanınan media kapitanları yubiley tədbirinə gəldilər. Amma region mətbuatı daha çox diqqət tələb edir.

-Nə mənada? 

-Region mətbuatının bizim istədiyimiz, arzu etdiyimiz şəkildə inkişafı üçün, ilk növbədə yeni düşüncə tərzi gəlməlidir. Maddi-texniki baza güclənməlidir, yenilənməlidir. Peşəkar jurnalistlər region mətbuatına cəlb olunmalıdır. Peşəkarlar daha çox paytaxt mediasında çalışır. Belədə region mətbuatının paytaxt mətbuatı ilə ayaqlaşması mümkün görünmür.

-Fəridə xanım, işlədiyiniz müddətdə sizin və əməkdaşların əmək haqqı nə qədər idi?

-Mən baş redaktor kimi 400-450 manat alırdım, əməkdaşlar 250-300 manat əmək haqqı alır. 

-Sizcə, bu məbləğ yetərlidir?

-Şəhərə baxan yerdə normal sayılır. Çünki əməkdaşlar yerli camaatdır, təsərrüfat sahələri var, gəlir əldə edirlər…

-Sizcə, paytaxtda çalışan jurnalist 300 manata gedib region mətbuatında çalışar?

-Yox, əlbəttə, çalışmaz. Burada artıq kompleks tədbirlər həyata keçirilməlidir. Peşəkar jurnalistləri regionlara cəlb edəcək şərtlər, imkanlar olmalıdır. “Astara” qəzeti rayon İcra Hakimiyyətinin orqanıdır, amma qəzet maliyyəsini abunələr hesabına əldə edir. Mən həmişə çalışmışam ki, qəzetdə maraqlı materiallar dərc olunsun. Dövlətimizin siyasi kursu, cənab Prezidentin həyata keçirdiyi islahatlara qəzetdə həmişə yer vermişik, eyni zamanda maarifləndirici və vətənpərvərlik mövzularını daim diqqətdə saxlamışıq. Bizim oxucu auditoriyamız həm də orta məktəblərdir. Ona görə də çalışırdıq ki, qəzetdə gənc nəslin təlim-tərbiyəsi, o cümlədən milli-vətənpərvərlik mövzuları işıqlandırılsın. Elə bir sayımız olmayıb ki, orada bir şəhiddən material dərc edilməsin. Bütün saylarımızda mütləq hansısa bir şəhid və şəhid ailəsi haqqında material hazırlamışıq. Təhsil müəssisələrinə də mütəmadi çatdırılmasını təmin etmişik.  

-Saytda qəzetin oxunma sayı sizi qane edirdi?

-Oxunma, baxış sayı çox olurdu. Böyük maraq yaranırdı qəzetə. Amma operativlik, dövriliyi artırmaq üçün peşəkar kadrlara və maddi-texniki bazanın yenilənməsinə ehtiyac var. 



“Qəzet düşünən insanların görən gözüdür” 


Fəridə Ağazadə “Astara” qəzetinə rəhbərlik etdiyi illər ərzində maraqlı layihələrə imza atdıqlarını xatırladaraq dedi ki, 1 noyabr 2017-ci il tarixində Astarada ilk dəfə olaraq “Oxuyan cəmiyyət yaradaq” devizi altında “Kitab və Qəzet” yarmarkası keçirilib. Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara Mərkəzi Kitabxanası, “Astara” qəzeti, Astara “Book House” kitab evi, Astara rayon Gənclər və İdman İdarəsi və “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaq Əyləncə Mərkəzində reallaşan “9 noyabr Bayraq Günü”nə həsr olunmuş yarmarka ehtiyacı olan şəhid ailələrinə yardım etmək məqsədilə təşkil olunubmuş.

Yarmarkada Astara Pedaqoji Kollecinin tələbələri, təhsil və mədəniyyət müəssisələrinin işçiləri, məktəblilər və rayon ictimaiyyəti iştirak ediblər. 
Tədbirdə çıxış edən “Astara” qəzetinin baş redaktoru və layihənin rəhbəri Fəridə Söhrabqızı (Ağazadə) qeyd edibmiş ki, “9 noyabr Bayraq günü”nə həsr olunan, Astarada ilk dəfə keçirilən “Kitab və Qəzet” yarmarkasının əsas məqsədi maarifləndirmək, bilgiləndirmək, kitaba, qəzetə olan həvəsi artırmaq, milli-mənəvi dəyərlərimizi, tariximizi qoruyub saxlayan kitablarımızı, qəzetimizi yaşatmaq, yeniyetmə və gənclərimizi oxumağa həvəsləndirmək və həmçinin ehtiyacı olan şəhid ailəsinə yardım etməkdir.

Təsadüfi deyil ki, yarmarkanın şüarı “Kitablar cəmiyyətin düşüncə mənbəyi, qəzetlər isə düşünən insanların görən gözüdür” seçilmişdi.
Yarmarkada kitaba və qəzetə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 500-dən artıq yerli və xarici nəşrli kitablar yarmarkada sərgilənib. Kitab, qəzet -yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elmi, texniki, tibbi və müxtəlif kateqoriyalara aid kitablar, həmçinin “Astara” qəzetinin yeni və əvvəlki nömrələrindən əldə etmək mümkün olmuşdu. 

“Astara” qəzetində canlanma qardaş Türkiyənin “Türkiyənin səsi” radiosunun diqqətini də cəlb edib və radionun aparıcısı “Astara” redaksiyasının qonağı olub, mətbuatın durumu ilə bağlı geniş müsahibə almışdı. “Astara” qəzetində bir zamanlar yaşanmış durğunluğun gənc kadr tərəfindən necə aradan qaldırıldığına dair sualları F.Ağazadə cavablandırmışdı. Bütün bunlar region mətbuatına marağın azalmadığını, əksinə, getdikcə artdığını göstərir. Yəqin ki, yaxın zamanlarda deyilən problemlər də həllini tapar və region mətbuatı da sürətli xəbər yayımının bir hissəsinə çevrilər.  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu