“Ulduz” və “Xalqlar dostluğu” adları dəyişdirilsə, doğru olar - TƏKLİF

"Mükəmməl yanaşma odur ki, stansiyanın adı yaxınlıqdakı hansısa məşhur obyekti nişan versin"



Bakı metrosunun “Ulduz” və “Xalqlar dostluğu” stansiyalarının adlarının dəyişdiriləcəyi məlumatı yayılıb. Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət edildiyi bildirilir. “Ulduz” stansiyasının “Böyükşor” adlandırılması təklif edilir, “Xalqlar dostluğu”na da bir neçə yeni ad təklifləri var.  

Metro stansiyalarının adlarının dəyişdirilməsi gündəmə gələn kimi “Nəriman Nərimanov” stansiyası da yada düşür. Əslində isə Nəriman Nərimanovun özü. Azərbaycan ədəbiyyatında müstəsna yeri olan bu şəxsin ədəbi fəaliyyəti, həkimliyi, xalqa yaxınlığı, milli düşüncə sahibi olması məziyyətləri arxa plana keçir, sovet hakimiyyətinin ilk illərində tutduğu vəzifələr, bolşevikliyi önə çəkilir. N.Nərimanova qarşı hücumlara haqlı narazılıqlar da burdan qaynaqlanır.    
Qısası, biz hələ də nəyin və ya kimin yaxşı, ya pis olduğunu müəyyənləşdirə bilməmişik. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə “Cebhe.info”ya açıqlamasında hazırda Adqoyma Komissiyasına müraciət olunmadığını bildirib:

“Adqoyma Komissiyasına müraciət olunmayıb. Adların qoyulması birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Bu məsələ ilə bağlı hər birimizin öz mövqeyimiz var. Yeni tikilən stansiyalara adların qoyulması normaldır. Adların dəyişdirilməsi isə müxtəlif səbəblərdən yarana bilər. Zamanın tələbi ola bilər. Bütün dünyada metroda belə bir prinsip var ki, yerləşdiyi əraziyə uyğun olaraq stansiyalara ad qoyulur. Ölkə üçün əhəmiyyətli olan hər hansı bir adın verilməsi ilə bağlı qərar çıxarılır. Məsələn, Moskva Metropolitenində stansiya var ki, tarixən bir neçə dəfə adı dəyişdirilib”. 

Bəxtiyar Məmmədov adların dəyişdirilməsinin tarixi zərurətdən irəli gəldiyini vurğulayıb:

“Postsovet məkanında belə bir təcrübə də olub ki, bir siyasi-iqtisadi formasiyadan digərinə keçdikdə, yeni maraqlara uyğun ad dəyişməsi olur. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra da biz bunu müşahidə etdik. Məsələn, “Bakı Soveti” stansiyasının adı dəyişdirilib “İçərişəhər” qoyuldu, “26 Bakı Komissarı” stansiyası “Sahil”, “28 Aprel” stansiyası “28 May” adlandırıldı. Adların dəyişdirilməsi tarixi zərurətdən doğa bilər, yəni hazırda ortada “Bakı Soveti” adlı bir qurum yoxdur. Ona görə də bu stansiyaların adının dəyişdirilməsi normaldır. Amma məsələn, Nəriman Nərimanovun şəxsiyyətini isə biz inkar edə bilmərik. O, Azərbaycan üçün böyük işlər görmüş dahi şəxsiyyətlərdəndir. Ona görə də dəyişdirilməsi zərurəti yoxdur”.

Fəlsəfə doktoru Yadigar Cəfərli ad dəyişməsi ilə bağlı fikirlərini sosial şəbəkə üzərindən paylaşıb:  

"Bakı metrosunun “Ulduz” və “Xalqlar dostluğu” stansiyalarının adları dəyişəcəkmiş. Sosial mediada ara-sıra buna dair müzakirələr gedir.
Namizədlik işim müstəqillik illərində dəyişdirilən yer adları ilə bağlı olub.
Necə deyərlər, bu işin kitabını yazdığımı deyə bilərəm. Kim istəsə, bir nüsxəsi qurbandır.
“Ulduz” və “Xalqlar dostluğu” adları, həqiqətən dəyişdirilsə, bu, doğru qərar olacaq. Deyim niyə. Metrostansiyaların adlandırılması ilə bağlı fərqli prinsiplər var. Bildiyim qədər, Dubay metrosunda hətta hansısa şirkət pul ödəyib öz adını reklam kimi müəyyən müddət metro stansiyasına verə bilər.
Mükəmməl yanaşma isə odur ki, stansiyanın adı yaxınlıqdakı hansısa məşhur obyekti nişan versin. Məsələn, “Elmlər Akademiyası”, “İçərişəhər”, “Sahil” kimi…

Sərnişin də bilsin ki, stansiyadan düşəndə yolu kimdənsə soruşmadan rahatca hara gedə bilər.
Xalqlar dostluğu yaxşı şeydir, ulduz da gözəl səma cismidir.
Di gəl ki, konkret bu adların həmin stansiyaların ərazisi ilə nə əlaqəsi?!
Amma bu qədər yazıb vaxtınızı almaqda niyyətim tamam başqadır: Bakı getdikcə abadlaşıb, gözəlləşir. Sevimli şəhərimizə turist axını güclənir. İndi bizim Bakıda turistləri cəlb edəcək məkan hekayələrinə də böyük ehtiyacımız var.
Yer adları bu hekayələrin yaradılmasında çox karımıza gələ bilər.

İstanbulda adlara fikir vermisinizmi?! Bəyoğlu, Eminönü, Gülhanə, Kabadaş – bir-birindən maraqlı, hərəsi böyük bir tarixə bələdçi.
Belə məkanlar, Bakıda da var. Amma əfsus ki, sovet dövründən bəri Bakı küçələrinə, əsasən, ad və soyadlar verilib, məkan hekayələri itib-gedib.
Məsələn, Şəhidlər Xiyabanının girişi tərəfdən üzü İçərişəhərə düşən ərazilər vaxtilə Çəmbərəkənd adlanıb. Küçə adı kimi indi nə qədər gözəl səslənər deyilmi?!

Yaxud Bakı Dövlət Sirkinin yerləşdiyi təpəlik ərazini vaxtilə hamı Qanlıtəpə kimi tanıyıb. Burada ağır döyüşlər gedib, düşmən qoşunları üzərində qələbə qazanılıb və təpə də bu döyüşlərə görə belə adlanıb. Maraqlanan tarixini tapıb oxuya bilər. İndi oradakı küçələrdən biri Qanlıtəpə adlansa, necə olar?!
Quba meydanı, Hüseynbala açıqlığı, Qasımçapan, Qurd qapısı, Qırxpilləkən, Qapandibi və s. Axtardıqca çıxır.
Dediyim odur ki, Bakının bu cür maraqlı adları yavaş-yavaş dirildilsə, həm gənc nəsillər, həm şəhərimizin qonaqları üçün gözəl bir hekayə formalaşar.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu