Saxta mühacir istehsal edən partiyalar: Bu əməllər qatı cinayətdir - AKTUAL

"Hakimiyyəti, ayrı-ayrı məmurları korrupsiya və rüşvətxorluqda ittiham edən müxalifət partiya rəhbərlərinin özləri əslində korrupsiya və rüşvətxorluqla məşğul olub".

Sherg.az-ın xəbərinə görə, bunu son günlər saxta siyasi mühacir məsələsinin gündəmə gəlməsinə toxunarkən, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay deyib.

O, bildirib ki, əgər əvvəllər belə bir halın olması ilə bağlı müəyyən şübhələr var idisə, indi artıq bu şübhə yox, reallıqdır:

"Almaniyada mühacir alveri və bu yöndə edilən saxtakarlıqlara qarşı hüquq-mühafizə orqanları- polisin apardığı əməliyyatlar həmvətənlərimizin və bizim siyasi müxalifətin çox təəssüflər olsun ki, bu pozuntularda iştirakına şübhələri real edir. Mühacir alveri insan alveri kimi çox ağır ictimai zərərlidir və hüquqda da eyni mahiyyətli tutulur. Eyni qədər də fəsadlı cinayət əməli hesab edilir. Hazırkı əməliyyat-axtarış tədbirləri, həbslər hələ ki şübhəli qismində olaraq təqsirləndirmə deyil. Ona görə, konkret şəxsləri və partiyaları tələsik adbaad günahlandırmaq olmaz. Amma Azərbaycan müxalifətinin bu cür ziyankar və çirkli əməllərə yol verməsi faktlar, söz-söhbətləri də yeni deyil. Elə məndəki əsil faktlardan canlı birisini deyim. 2011-ci ildə Bakıda evimi əsaslı təmir edən bir bacarıqlı, həm də ali təhsilli, savadlı usta vardı. Adı Mehman idi. Bir gün dedi ki, ailəsini götürüb Avropaya  getmək istəyir. Məsləhət  və mənim fikrimi bilmək istədi. Bildirdi ki, filan partiyaya (adını demirəm) üzv olub qaçqın statusu üçün müvafiq sənəd ala biləcək. Dedim Mehman, gül kimi qazanclı sənətin, ev- eşiyin, bacarığın, müştərilərin və hakimiyyət ilə də heç bir problemin yoxdur. Nəyə lazımdır bu gediş? Dedi yox, gedəcəm. 2016-cı ildə xaricdən zəng vurdu ki, artıq, Dyusseldorfdayıq. Həmçinin, 2017-ci ildə Almaniyada, Frankfurt şəhərində olanda zəng vurdu ki, hər şey yaxşıdır, yaxşı bir təmir işindədir, qazancı, ev veriblər, qızı işləyir. Bu ara telefonumda nömrələr silindi, əlaqə itdi. Bir az da keçdi. Günlərin birində gördüm ki, hansısa internet televiziyada qanı qara müsahibə verir ki, bu gün səhər arvad-uşaqlarını o işdə olanda polis, miqrasiya evdən götürüb aparıb, deportasiya edib. Qaçıb hava limanına və yalnız uzaqdan görə bilib onları. Sən demə sənədi saxta imiş, özünü də deportasiya etdilər.  Sonra işi də, qazancı da, həyatı da getdi. Deməyim odur ki, müxalifət partiyaları, belə bir saxtakar mühacir alveri ilə, nə ziyankarlıq və fəsadlar törətdikləri barədə bilsinlər". 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu