Elmdə əsl və ən uğurlu islahat: Adamı, imkanı olmayanların yolu açıldı

Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarında dəyişiklik edib. Bundan sonra doktoranturaya xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar.

Təhsil eksperti Kamran Əsədov dəyişikliyi alqışlayaraq bunları deyib: “Elmdə əsl və ən uğurlu islahat. Gənclərin - adamı, imkanı olmayanların yolu elmə daha da açıldı”.



Kamran Əsədov: "Bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi"


Dəyişikliklərin hansı müsbət nəticələrə gətirib çıxaracağını K.Əsədov “Şərq”ə belə açıqladı:  

"Bir neçə ildir ki, doktoranturaya qəbulla bağlı dəfələrlə çatışmazlıqları deyirdik. Bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi. Bunu özüm 2011-ci ildə BDU-da doktoranturaya imtahanda görmüşdüm. 2012-ci ildə də bu təkrar oldu, amma mübarizə aparıb qəbul oldum. Demək olar ki, bir çox hallarda imtahanlarda yüksək qiymət alanlar yox, kimlərinsə qoumları, tanışları doktoranturaya keçirilir, qəbul olunurdu. Ona görə də bu gün elmdə ciddi uğurlarımız azdır, gənclərin elmə gəlməsində problemlər var idi. Çünki bir çox hallarda laiqli, savadlı şəxslər kənarda saxlanılırdı. Nazirlər Kabinetinin doktoranturaya qəbul qaydalarına etdiyi dəyişikliklə, artıq bu, hallar aradan qalxdı. Azərbaycan elminə bundan sonra yeni nəfəs gələcək. Gənclər, elmi həqiqətən sevənlərin yolu açılacaq. Hazırda ölkədə 30 yaşından aşağı elmlər doktoru yoxdur. Bunun səbəbi məhz doktorantura pillləsinə qəbuldakı neqativlər ilə bağlıdır. Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 119 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlardan 54,8 faizi qadın olmaqla 2626 nəfər təhsil alıb.

"Hazırda ölkədə 30 yaşından aşağı elmlər doktoru yoxdur. Bunun səbəbi məhz doktorantura pillləsinə qəbuldakı neqativlər ilə bağlıdır"


Təhsil alanların 78,6 faizi fəlsəfə, 21,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar. Təhsil alanların 36,1 faizi elmi müəssisə və təşkilatlarda, 63,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 32,6 və 67,4 faiz, elmlər doktoru proqramı üzrə isə 49,1 və 50,9 faiz təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 23,7 faizi 40 yaşadək olan şəxslərdir. Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2064 nəfərin 341-i iqtisad, 285-i filologiya, 230-u texnika, 171-i riyaziyyat, 167-si aqrar, 130-u tibb, 88-i siyasi, 82-si biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır. Doktorantlardan 88 nəfər aqrar, 85 nəfər filologiya, 66 nəfər iqtisad, 64 nəfər texnika, 53 nəfər kimya, 49 nəfər biologiya, 24 nəfər tarix, 20 nəfər yer elmləri, 17 nəfər sənətşünaslıq, hər birində 16 nəfər olmaqla tibb və fizika, 64 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır. 2017-ci illə müqayisədə 2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 14,4 faiz artaraq 605 nəfər, elmlər doktoru proqramı üzrə isə 26,1 faiz artaraq 87 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 46,2 faiz, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 27,9 faiz artlb və müvafiq olaraq 665 və 165 nəfər təşkil edib. Rəqəmlərdən də göründüyü kimi təhsilin yksək pilləsinə gedənlərin sayı olduqca azdır. Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən verilən qərar elmdə əsl və ən uğurlu islahatdır. İmtahanların DİM-ə verilməsi bu istiqamətdə şəffaflığı artıracaq və daha bilikli, hazırlıqlı şəxslərin doktoranturaya qəbuluna imkan verəcək".

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu