İranda üsyan: Bu, sadəcə benzinin qiymətinə deyil, mövcud sistemə qarşı etirazdır

“Artıq Cənubi Azərbaycan şəhərləri aktiv şəkildə proseslərə qoşulublar”



Hətta Xameneyinin heykəlini dağıdıb, dini bayrağa od vurublar. İranda benzinin 50 faiz bahalaşmasına etiraz olaraq aksiyalar keçirilir. Tehran hökuməti ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzinin qiymətini məcburi olaraq qaldırdığını bildirib. Qərara əsasən, benzin kartına malik şəxslər ay ərzində 60 litrə qədər benzin ala bilərlər. Daha böyük həcmdə yanacaq almaq istəyənlər isə benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 30 avrosent ödəməlidirlər. Bu isə indiyə qədər olan qiymətlərdən faktiki olaraq 3 dəfə çoxdur.

Əhalinin narazılığına səbəb olan isə benzinin qısa zaman ərzində üç dəfə bahalaşmasıdır. Küçələrə axışan etirazçılar hökuməti bu qərardan imtina etməyə səsləyir. Hətta ali dini lider Əli Xameneyiyə ölüm şüarı belə səsləndirirlər. Məlumata görə, etirazlarda biri polis olmaqla 3 nəfər həlak olub, 1000 nəfər saxlanılıb. Ölüm hadisələri Kirmanşah və Sircan şəhərlərində qeydə alınıb. İran Təhlükəsizlik Şurasının ölkədə internetin dayandırılması təlimatından sonra Telekommunikasiya Nazirliyi vətəndaşların internetə girişinin 24 saat əngəllənməsi barədə qərar verib. 

Tehran hökuməti geri addım atmır...


Aksiyalar fonunda Prezident Həsən Ruhani, spiker Əli Laricani və Ali Məhkəmənin sədri Ebrahim Raisi qapalı toplantı keçirib. Toplantıda hökumətin benzinlə bağlı qərarı dəstəklənib. Vurğulanıb ki, hakimiyyətin qolları ekspertlərin dəstəklədiyi qərarı qəbul edib və bu qərar icra olunmalıdır. İran baş prokuroru Məhəmməd Cavad Montazeri də aksiyaya qatılanları hədələyib. Baş prokuror iğtişaş törədənlərin xaricdən göndərildiyini, iğtişaş törədənlərin aşkarlanaraq cəzalandırılacağını bildirib və vətəndaşları cinayət məsuliyyətinə cəlb olunmamaları üçün belələrindən uzaq durmağa çağırıb. 

Xameneyi etirazçıları qınadı və onları “xuliqan” adlandırdı...


İranın ali dini lider Əli Xameneyi də hökumətin benzinin bahalaşması barədə qərarını dəstəkləyib və etirazçıları “xuliqan” adlandırıb. O, etirazçılara müraciət edib: “Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir. Etirazçıları sakitliyə və ictimai asayişə çağırıram. Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir. Ölkədə təhlükə yaradan bu cür tədbirləri "İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr" dəstəkləyirlər. Qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq”. 

İranda yanacağın bahalaşmasından zərər çəkənlərə maddi yardım ödəniləcək


İran Prezidenti Həsən Ruhani yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödəmək barədə fərman imzalayıb. Ruhani bildirib ki, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi qısa zamanda ödəniləcək. Ruhani etirazçılara xəbərdarlıq da edib. O bildirib ki, xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir: “Xalqın haqqı olan etirazdan sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır. Hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək”.

Cənubi Azərbaycan da etirazlara qoşuldu, ölənlər var...


Etiraz aksiyaları Cənubi Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan kimi iri şəhərlərində də keçirilib. Təbrizdə minlərə insan benzinin qiymətinin bahalaşmasıyla əlaqədar küçələrə çıxıb. Aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla etirazçının saxlanıldığı bildirilir. Şəhriyar şəhərində etirazçılar dini lider Xameneyinin üzüyünə qoyulmuş məşhur heykələ od vurublar. Polisin etirazçılara atəş açması nəticəsində 9 nəfər həlak olub. Etirazçılar dövlət və dini binaları yandırıb, banklara hücumlar ediblər. Aksiyalarda millətçi şüarlar da səsləndirilib. 

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış


Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ulrike Demmer İrandakı aksiyalara münasibət bildirib. Demmer bildirib ki, Almaniya İran hökumətinin etirazçılarla dialoqa gedəcəyinə ümid edir: “Biz hadisələri, xüsusilə qurbanlar haqqında məlumatları narahatlıqla müşahidə edirik. Biz İran hökumətini sərbəst toplaşmaq və özünüifadə azadlığına hörmət göstərməyə çağırırıq”. 



“Bu, sadəcə benzinin qiymətinə deyil, mövcud sistemə qarşı etirazdır”


Cənub qonşumuzda baş verən hadisələri “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədli deyib ki, nümayişlər benzinin qiymətinin qalxması ilə başlayıb. Yəni etirazlar sosial-iqtisadi sifarişlə bağlıdır.

Amma reallıq odur ki, hər sosial etirazlar zamanla siyasi şüarlara çevrilir və mahiyyəti dəyişir: “Hazırda İranda baş verən aksiyalar məhz bu yöndə cərəyan etməkdədir. Ümumiyyətlə, son illərdə İranda belə nümayişlərin sayı çox olub. Düzdür, dövlət etirazların qarşısını müəyyən yollarla alır. Ancaq indiki nümayişin özəlliyi ondadır ki, Cənubi Azərbaycan da buna dəstək verir. Ara-sıra soydaşlarımız Tehrandakı mitinqlərə dəstək ifadə ediblər, lakin indiki səviyyədə baş qaldırma yaşanmayıb. Artıq Cənubi Azərbaycan şəhərləri aktiv şəkildə proseslərə qoşulublar. Hətta Xameneyinin heykəlini dağıdıb, dini bayrağa od vurublar. Bu, sadəcə benzinin qiymətinə deyil, mövcud sistemə qarşı etirazdır. Bəlli məsələdir ki, İranda sosial həyat çox çətindir və iqtisadi sanksiyalar böhranın dərinləşməsinə ciddi təsir göstərir. Yaşayışı pisləşən vətəndaşlar küçələrə çıxaraq haqlı etirazlarını bildirirlər. Etirazçılar arasında gənc nəslin nümayəndələri daha çoxdur. Bu da onu göstərir ki, yeni nəsil indiki rejimin idarəetməsini qəbul etmir. Gənclər sərt dini qayda-qanunlara qarşı çıxırlar. Əlbəttə, İranda indiki sistemi dəstəkləyən kəsim hələ çox güclüdür. Bunu gözardı etmək olmaz. Ancaq hər etiraz aksiyasında hökumət bir qədər geri çəkilməyə məcbur olur. Bu gedişatla İran xalqı addım-addım əvvəlki, yəni şahlıq dövründəki siyasi libasına qayıdacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu