“Kadr islahatları kənardan asan görünə bilər, amma...” - MÜSAHİBƏ

Firudin Cəlilov: “Vəzifədən çıxarılan qocaların eləsi var ki, milyardlara sahibləniblər”

“Misir Mərdanov düz deyir. Test sisteminin formalaşmasında onun da xidmətləri olub”


Görkəmli türkoloq, professor,  sabiq baş nazirin müavini və keçmiş təhsil naziri  Firudin Cəlilov “Şərq”in suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik. 

-Bu günlərdə Polşadan görkəmli yazıçımız Cəlil Məmmədquluzadənin nəticələri Azərbaycana təşrif buyurublar, bir müddət öncə Ceyhun Hacıbəylinin də gəlini və nəvəsi ölkəmizə gəlmişdi. Ümumiyyətlə, tarixi şəxsiyyətlərimizin varislərinin Azərbaycana səfərlərini necə qiymətləndirirsiniz və bu hal sizdə nə kimi assosiasiya yaradır? 

-Əlbəttə, onların öz baba yurdlarına gəlmələri yaxşı haldır. Digər yandan bu,həm də  bir əyani göstəricidir ki, ölkəndən, millətindən ayrı düşəndə dilini də itirirsən, kökünü də.  Azərbaycandan xaricə gedən bir neçə sülalə var. Bunlara Mirzə Cəlilin sülaləsini, Qacarları, Şaxtaxtinskiləri və başqalarını şamil etmək olar.  Onlar vaxtilə miqrasiya ediblər. İndi həmin sülalənin ikinci-üçüncü nəsli yetişib. Çoxunun Azərbaycan haqqında təsəvvürü yoxdur. Dili unudub, ayrı millətlərin nümayəndələri ilə evləniblər.Yəni, köklərindən uzaq düşüblər. Belə hadisələr bir daha göstərir ki, xaricə gedənlər öz vətənləri ilə əlaqələrini kəsməməlidirlər. Bütün gənclərimiz bundan bir nəticə çıxarmalıdırlar. İkinci məsələ odur ki, onlar öz köklərinə qayıtmaqla, artıq xaricdəki çevrələrində söhbətlər aparacaqlar, Azərbaycanı tanıdacaqlar. Qohum-əqrabaları ilə bir araya gələ biləcəklər. Ölkəmizə tez-tez gələcəklər. Ola bilər ki, onlardan bəziləri köçüb gəlib Azərbaycanda yaşasın. Hesab edirəm ki, bu, çox yaxşı haldır. 

-Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı ilə bağlı son zamanlar möhkəmlənmə, çiçəklənmə müşahidə olunur. Doğrudur, bu iki ölkə, xalq arasında  münasibətlər hər zaman yaxşı olub. Amma son illər bu yaxınlaşma daha da güclənib. Hətta bəzi xarici dairələr bundan narahat olurlar...

-Bu ölkələr arasında yaxınlıq iki səviyyədə mümkün olur. Birincisi, həmin ölkələrin eyniköklü xalqlarının zehniyyətində olan yaxınlıqdı. Bu hal illərdir, mövcuddur. Bu qardaş xalqların münasibətlərində yaxınlıq özünü büruzə verir. İkinci məsələ isə dövlətlər səviyyəsində yaxınlıqdan asılıdır. Nə gözəl ki, hər iki dövlətin indiki başçılarının şəxsi münasibətləri yaxşıdır. Türkiyənin bir problemi olanda Azərbaycan Prezidenti bəyanat verir, yaxud gedir orada görüş keçirib, dəstəyini ifadə edir. Azərbaycanın çətin günündə Türkiyə prezidenti dəstəyini göstərir. Bizim iştirak etmədiyimiz beynəlxalq tədbirlərdə Türkiyə tərəfi bizi müdafiə edir, eynilə də Azərbaycan Türkiyənin qatılmadığı görüşlərdə qardaş ölkənin mövqeyini ortaya qoyur. Azərbaycanla Türkiyə arasında hər iki qatda  yaxınlıq var. Gözəl əlaqələr mövcuddur. Dəfələrlə demişəm, bu əlaqələr həm də bəzi qurumlar səviyyəsində inkişaf etməlidir. Məsələn, Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Yazıçılar Birliyi ortaq birliyin yaradılmasına doğru addımlar atmalıdırlar. 

-Ortaq əlifbanın yaradılması ilə bağlı da məsələ xeyli aktualdır...

 -Əlbəttə,  əlifba eyniləşməlidir. 30 ildir, ortaq türk əlifbası işlənilir, amma Türkiyə 3-4 hərfi əlavə etmir ki, ortaq türk əlifbası yaradılsın. Əlifbadan tutmuş dərsliklərə, ordu və sərhəd keçid məntəqələrinə qədər bütün məsələlər həllini tapmalıdır. 

-Qeyd etdiniz ki, əlaqələrin inkişafına Azərbaycan və Türkiyə liderlərinin münasibətlərinin müsbət təsiri var. Bəs AXC hakimiyyəti dönəmində Əbülfəz Elçibəylə Süleyman Dəmirəl arasındakı münasibətlərdə niyə çatlar yaranmışdı? 

-Həmin dönəmdə xalqlar arasında çox gözəl əlaqələr vardı. Həmin adamları da tanıyıram. Dəfələrlə mənim evimdə olublar.Onlar gəlib Qarabağda vuruşurdular. Çoxu da rəhmətlik Türkeşin göndərdiyi bozqurdlar idi. Xalq arasında Azərbaycana yardım göstərirdlər. Türkiyəyə hərbi akademiyada oxumaq üçün 160 tələbə göndərdim. Halbuki, Türkiyə kənar ölkədən 2-3 nəfərdən çox tələbə qəbul etmirdi. Amma bizim 160 tələbəmizi qəbul etdi. Belə əlaqələr var idi. Amma dövlət başçıları arasında münasibətlər yaxşı deyildi. O dönəmdə Dəmirəl Elçibəyin hakimiyyətdən getməsi üçün müəyyən işlər görürdü. Bunu biz bilirdik.

-Səbəb nə idi?

 -Səbəbi xırdalamağa ehtiyac yoxdur. Bu, ayrıca bir müsahibənin mövzusudur.  Hətta Dəmirəllə görüşəndə mən də soruşdum ki, heç olmasa, iki helikopter göndərə bilməzdiniz? O, söhbəti fırlatdı. Sonra bir sual da verdim ki, nətəri olur, Türkiyənin üstündən Ermənistana buğda daşıyırlar, amma siz buna göz yumursunuz? Gördüm pərt oldu və cavab verdi ki, biz Amerikadan asılıyıq, siz bunu bilmirsiniz. Əlbəttə, bu söhbətdən yayınmaq idi. 

-Təhsildən söz açdınız, test sistemi ilə bağlı verdiyiniz açıqlama müzakirələrə, hətta deyərdim mübahisələrə yol açdı. Sizdən sonra sabiq təhsil naziri Misir Mərdanov açıqlama verdi ki, test sisteminin formalaşmasında onun da xidmətləri olub...

 -Misir Mərdanov düz deyir. O vaxt Misir Mərdanov da, mən də təshil nazirinin müavini idik. Təhsilin içərisində idim. Əbülfəz Elçibəy hakimiyyətə gəlməzdən xeyli müddət əvvəl idi. Biz bu işlərlə məşğul olurduq. Sonra mən baş nazirin müavini olanda rəhmətlik Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin, bu testin əsas mexanizmini öyrənin. Onlar da gedib, öyrəndilər. İndi bəziləri məsələni qarışdırır. İlk test imtahanı 2 min tələbə ilə bağlı keçirildi. Aşağı siniflərdə oxumağa gedənlər şifahi imtahan verdilər. Amma ali məktəbə gedənlər testdən keçdilər. İyulun ortaları idi, 2 min tələbəni testdən keçirib, Türkiyəyə göndərdik. Ondan sonra ölkədə test imtahanı keçirmək üçün qurum-TQDK yarandı. Rəhmətlik Vurğun bəy də onun sədri oldu. İlk testdən 3 ay sonra Vurğun bəy o test imtahanlarını ölkə üzrə keçirdi və çox da gözəl, uğurlu keçirdi. Vurğun Əyyub çalışqan, düz və təmiz adam idi. Mən bunu deyirdim ki, testi mən gətimişəm, amma ölkə üzrə Vurğun Əyyub gerçəkləşdirdi. Çox da gözəl gerçəkləşdirdi. Amma saytlar fikrimi konteksdən çıxararaq başlığa qoyub ki, “Testi Vurğun yox, mən gətirmişəm”. Ona görə də belə mənfi reaksiyalar oldu. Bunu qəsdən ediblər. Hətta Pənah Hüseyn kimi işin içində olan adam da çıxıb, mənə qarşı qarayaxmaya qoşulur. Qeyd edir ki, test AXC-nin təşəbbüsüdür. Camaatı aldatmaq üçün iyul ayında olan olayları qəzetlərə verir. Bir ayın üstündən keçirlər. Halbuki bunu mən özüm də demişdim. Hələ Elçibəyin köməkçisi var, Oktay Qasımov.  O, yazıb ki, Azərbaycanda heç vaxt iki dəfə test imtahanı olmayıb. Bu adam bilmir ki, həmin imtahanlar arasında 3 ay fərq var. Prezidentin köməkçisi olasan, amma bunu bilməyəsən. Bu, ağrılı məsələdir. Görün, rəhmətlik Elçibəy kimlərlə işləyib! Bir daha qeyd edirəm, Misir müəllim düz deyir, həmin 2 min tələbəni göndərəndə mən təhsil naziri idim. O da mənim müavinim idi. Bu işlərə Misir Mərdanov rəhbərlik edirdi. 

-Son günlər metronun bəzi stansiyalarının adlarının dəyişdirilməsi- sovetdənqalma adların yenilənməsi məsələsi müzakirə olunur. Buna ehtiyac varmı? 

-Çox yaxşı təklifdi, amma bu təşəbbüsü reallaşdırmazdan öncə ictimai sorğu keçirilməlidir. Nərimanovun adına küçə var, məktəb var, heykəl var. Onun adının metro stansiyasına verilməsinə nə hacət? Nərimanov milli dövlətin yıxılmasında rol oynayan adam olub. “Xalqlar dosluğu” sovetlərdən qalma addır. Bu cür adları yeniləmək lazımdır. Onlardan birinə milli qəhrəmanımız Mübariz İbrahimovun adını vermək lazımdır. O birinə də elə bir adamın adı verilməlidir ki, o şəxs bizim fəxrimiz olsun. 

- “Şamaxinka”adlanan Şamaxı yolunun adı hələ də “Moskva prospekti” kimi qalır.  XXI əsrdə, çoxsaylı tarixi qəhrəmanlarımızın, şəxsiyyətlərimizin, şəhidlərimizin  adları qala-qala niyə Bakının mərkəzi küçələrindən biri “Moskva prospekti” adlanmalıdır? 

-Bu, ayrıca bir müzakirənin mövzusudur. Görünür, son dönəmlər Rusiya ilə yaxınlaşma prosesi gedir. Bunun də səbəbləri var. Bu səbəblərdən başqa vaxt danışarıq. 

- Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı da yersiz iddialar, ittihamlar səsləndirilir. Guya, Nuru Paşa Bakıya gəlib əhalidən qızıl toplayıb gedib...

 -Bu iddianı irəli sürənlər bilsinlər ki, türk ordusu Bakıya gəlməsə idi, bu gün paytaxtımızda ermənilər hakimiyyətdə idi. Rusiya bütün gücünü sərf edirdi ki, Xəzəryanı ölkələri özünə birləşdirsin. Bu istiqamətdə güclü iş aparırdı. Nuru Paşa gəldi və Bakını azad etdi. Biz Nuru Paşaya mütləq heykəl qoymalıyıq. O vaxt Azərbaycanın qızılımı vardı ki, gəlib qızıl aparsınlar? Əksinə, gənc igidlər gəlib torpaqlarımız uğurunda şəhid oldular ki, biz Azərbaycan adlı müstəqil bir dövlətdə yaşaya bilək. Metro stansiyalarından  birinə elə Nuru Paşanın adını vermək olar. 

- Ermənilər demişkən, Qarabağın həlli ilə bağlı nə düşünürsünüz. Çoxsaylı platformalarda, saysız-hesabsız danışıqlar, görüşlər keçirilib, hələ də davam edir. Amma yenə də düşmənin destruktiv mövqeyi nəticəsində münaqişənin ədalətli həllinə nail ola bilmirik. Məsələnin həllini nədə görürsünüz? 

-Qarabağ problemi yaranan gündən, indiyə qədər beynimdən Qarabağ ağrısı çəkilməyib. “Ərazilərimizi hansı yollarla və necə azad edə bilərik?” sualları ətrafında daim düşünürəm. Bu müddət ərzində Qarabağ münaqişəsinin həllinin 5-6 yolu olub. Bir dövrdə elə yol olub ki, bir güllə belə atmadan məsələni həll etmək olardı. Bir dövrdə elə yol olub ki, 50-60 milyon dollar xərcləməklə problemi öz xeyrimizə tənzimləyə bilərdik. Elə bir vaxt da yetişib ki, ancaq hərb yolu ilə torpaqlarımızı azad edə bilərdik. Zaman keçdikcə, hər dövrün verdiyi imkanlar müxtəlif olub. Fikrim var ki, bu məsələ ilə bağlı telekanalların birinə çıxıb, Qarabağ probleminin əvvəlindən bu gününə qədər təhlilini verim. 

- Sonuncu sualı verirəm. Hazırda ölkəmizdə kadr islahatları həyata keçirilir. Bu islahatlar cəmiyyətdə ruh yüksəkliyi yaradıb, insanların daxilində ümid işığı yandırıb. İslahatları siz necə qiymətləndirirsiniz?

- Kənardan bu məsələlər çox asan görünür. Mən yüksək vəzifələrdə çalışmışam. Bu mətbəxi yaxşı bilirəm. Baxırsan, adi bir adamdı işdən çıxarmaq istəyirsən, amma onun arxasından elə qüvvələr çıxıb işə mane olur ki, məcbur qalıb, dayanıb, fikirləşirsən. Bu gün vəzifədən çıxarılan qocalar siravi adamlar deyil axi. Onların eləsi var , milyardlara sahibləniblər. Kadr islahatları o qədər də asan məsələ deyil. Bu proses kənardan asan görsənir. Əlbəttə, dəyişikliklər yaxışıdır. Bunlar islahatlar istiqamətində atılan ilkin addımlardır. Bu  islahatların daha dərin və sürətli aparılmasının tərəfdarıyam. Köklü islahatlara getmək lazımdır. Qurumların daxilində də islahatlar aparılmalıdır ki,  köhnə kadrlar kənarda qalsınlar. Onların proseslərə müdaxilə imkanları olmasın. 

Söhbətləşdi: Ayyət ƏHMƏD 
 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu