Yerevanda Corc Sorosa qarşı etiraz aksiyası keçirilib

Yerevanda Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında “VETO” erməni ictimai-siyasi hərəkatının 50-dək üzvü toplaşaraq həmin təşkilatın Ermənistanda bağlanmasını tələb edib.

“Report” xəbər verir ki, etiraz aksiyası yerli portallar tərəfindən canlı yayımlanıb.

“Bu təşkilatın fəaliyyəti nəticəsində ölkəmizin milli təhlükəsizliyinə ziyan vurulduğunu dəfələrlə bildirmişik. Bu ofisdən ölkəmizə qarşı işləyənlərə maliyyə ayrılır, pozğunluğa rəvac verilir. Bizim qanunlar ölkəmizin təhlükəsizliyinə xələl gətirən hər hansı təşkilatın fəaliyyətinə yol vermir”, - deyən “VETO” hərəkatının rəhbəri Narek Malyan bir qrup hüquqşünası cəlb edərək Sorosa bağlı təşkilatın qadağan olunması barədə məhkəmə iddiası qaldıracaqlarını bildirib.

Xatırladaq ki, Narek Malyan dünən Facebook-da canlı yayımda demişdi: “Nikol Paşinyan əsir götürülüb. Sorosçular əsir götürüblər. Onlar baş nazirə öz iradələrini diktə edir və onu cəfəngiyyat danışmağa vadar edirlər”.

“VETO” hərəkatının rəhbəri əlavə etmişdi ki, noyabrın 20-də Açıq Cəmiyyət Fondu ofisinin qarşısında "Nikol Paşinyana azadlıq" şüarı altında aksiya keçiriləcək: "Biz onun sərbəst buraxılmasını tələb edəcəyik. Çünki hesab edirik ki, baş naziri Sorosun, xarici kəşfiyyat şəbəkəsinin caynağından qurtarmaq lazımdır...”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu