Hafiz Əhmədov: “Mirzə Cəlilin varislərini ilk axtarıb tapan mən olmuşam” - MÜSAHİBƏ

"Necə olur ki, varisləri Avropadan qısa zaman ərzində, viza təşkil edərək Azərbaycana gətirmək asan başa gəlir, amma Tovuzdan Bakıya jurnalist çağırmaq mümkün olmur?!"



“Yol pulunu biz verərik” nə deməkdir?! Sözün açığı, bunu şəxsiyyətimin alçaldılması kimi dəyərləndirirəm. İsa müəllimə dedim ki, niyə mənə vaxtında xəbər vermədiniz?



"İndi kənddə kartof əkməklə məşğul ola-ola tanınmış şəxslərin varislərindən müsahibələr hazırlayıram. Bugünədək 60-dan çox maraqlı məqaləm olub"




Məlum olduğu kimi, ötən gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər. Rəsmi təqdimatda vurğulanıb ki, “Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli ədibin Polşada yaşayan nəvə-nəticələrinin ünvanını əldə edərək, onlarla əlaqə yaradıb”. Təqdimatın bu şəkildə yayılması qalmaqala səbəb olub. Tanınmış araşdırmaçı-jurnalist, “Hafiztimes.com” saytının təsisçisi Hafiz Əhmədov Mirzə Cəlilin varislərini bu ilin əvvəlində tapdığını və onlardan müsahibə alan ilk azərbaycanlı jurnalist olduğunu deyib.

H.Əhmədov feysbukda status yazaraq, bu işdə adının hallanmamasına və əməyinin mənimsənilməsinə etirazını bildirib. Gənc araşdırmaçının narazılığını nəzərə alaraq onunla söhbətləşmək qərarına gəldik. Jurnalist “Şərq”ə müsahibəsində bütün məsələlərə ətraflı aydınlıq gətirdi...



 - Hafiz bəy, öncə Cəlil Məmmədquluzadənin nəticəsi Martini və onun oğlu Pşemslav Cavanşirilərlə ilk tanışlığınız barədə danışardız. Onları necə, hansı yollarla tapdınız? 

 - Xeyli müddət Bakıda çalışdıqdan sonra Tovuz rayonunun ucqar kəndinə - Köhnəqalaya qayıtdım və burada yaşamağa qərar verdim. İlk vaxtlarda vəziyyət çox çətin idi, kəndə internet və telefon xətti yox idi. Bir müddət sonra internet çəkdirdim və “notebook”la işləməyə başladım. Dünyanın müxtəlif yerlərində yaşayan varisləri internet üzərindən tapmağa çalışmışam və tapmışam. İnanın, hansısa məşhur şəxsiyyətin ailə üzvünü tapmaq üçün ən azı 5-6 ay əziyyət çəkirəm. Əsas varisə çatana qədər xeyli adamla, tanınmış şəxsin uzaq qohumları ilə ünsiyyət qurmalı oluram. Addım-addım yol qət edərək nəhayət varisləri tapıram. Varislərlə əlaqələrim də əsasən feysbuk və ya “email” adresi ilə olur. 



- Varislərlə ingilis dilində danışırsız? 

 - Bəli, ingilis dilində yazışıram. Sözün düzü, ingilis dilini çox da yaxşı bilmirəm, ancaq normal qaydada fikirlərimi çatdırıram. Cəlil Məmmədquluzadənin nəticəsi Martini Cavanşiri tapanadək demək olar ki, bir çox qohum-əqrəbası, yaxın dostları ilə tanışlıq yaratmışdım. Hətta Martinin Polşada təhsil aldığı universitet yoldaşlarını belə bu işə cəlb etmişdim. Uzun yazışmalardan sonra oğlunu - Pşemslav Cavanşirini taparaq məsələylə bağlı ona yazdım. Xeyli vaxt keçəndən sonra cavab yazdı və aydın oldu ki, nəinki ulu babası Cəlil Məmmədquluzadə, ümumiyyətlə, Azərbaycanla bağlı cüzi də olsa məlumatları yox idi. Ona və atasına Mirzə Cəlillə bağlı ünvanladığım sualların hamısı cavabsız qalırdı. O, açıq şəkildə ulu babasını tanımadığını, haqqında heç nə bilmədiyini deyirdi. Bu, çox dəhşətli və məyusedici idi. Əvvəlcə qısaca yazdım ki, babanız çox tanınmış şəxsiyyət olub. Onun həyatını, yaradıcılığını orta məktəblərdə, universitetlərdə tədris edirlər. Hətta adına ölkəmizdə küçələr var. Vikipediya məlumatlarını da ingilis dilində ona göndərdim ki, babası barədə ilkin informasiyalar əldə etsin. 



- Müsahibəni ədibin nəticəsi Martini Cavanşiridən götürmüşdünüz? 

- Pşemslav Cavanşiri ilə ünsiyyət qurduqdan sonra atası - Martininin “email” adresini istədim ki, ona öz suallarımı göndərim. Müsahibəyə qədər Azərbaycanın tarixi, mədəniyyəti, o cümlədən Cəlil Məmmədquluzadə ilə bağlı Cavanşirilər ailəsinə xeyli məqalə yolladım. Azərbaycanı hər şeyi ilə onlara təqdim etdim. Məhz bu sayədə bilgiləndilər. Görünür, onları yönləndirdikdən sonra müəyyən məlumatlar əldə etmək imkanları olub. Çünki müsahibədə Məmmədquluzadə ailəsi və əmiləri haqqında kifayət qədər informasiyalı idi. Evlərində saxladıqları köhnə fotoları və öz şəkillərini internet üzərindən mənə göndərdilər. Müsahibədən sonra isə dedilər ki, ən qısa zamanda Azərbaycana gəlmək istəyirlər. Onlarla daim feysbukda ünsiyyətdəyəm. Bir alim var, iddia edir ki, guya, Martini Cavanşiri ilə telefonla danışıb, hətta görüşüb. Görüş olubsa, bununla bağlı foto, hansısa dəlil-sübut olmalıdır, amma ortada heç nə yoxdur. Ən əsası isə odur ki, ilk dəfə Mirzə Cəlilin nəticəsi və onun oğlu ilə ünsiyyət quranda aydın oldu ki, Azərbaycanla bağlı kiçik anlayışları belə yoxdur. Sadəcə İranla bağlı məlumatları var idi. Çünki uzun müddət İranda yaşayıblar, daha doğrusu, oranı öz “vətənləri” biliblər. Şübhəsiz, bunun da kökündə bilgisizlik dayanır. 



- Akademik İsa Həbibbəyli narazılığınıza və tədbirə çağırılmamağınıza aydınlıq gətirdi. Bildirdi ki, əlaqə nömrənizi tapa bilməyib və...

- Məsələ necə olub, sizə danışım. Saytlardan gördüm ki, Cəlil Məmmədquluzadənin nəticəsi və onun oğlu Bakıya gəliblər və bununla bağlı tədbir keçirilib. Özü də vurğulanır ki, varisləri tapan və onları Azərbaycana dəvət edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidir. Tədbir keçirilir və məni dəvət etmirlər, heç məlumat da vermirlər. Günortaya qədər gözlədim ki, bəlkə gec də olsa zəng edərlər. Amma səs-səmir çıxmadı. 10 gün öncədən anons verilir ki, Mirzə Cəlilin nəticəsi Bakıya gələcək, görüş olacaq və s. Necə olur ki, varisləri Avropadan qısa zaman ərzində, viza təşkil edərək Azərbaycana gətirmək asan başa gəlir, amma Tovuzdan Bakıya jurnalist çağırmaq mümkün olmur?! Axı Martini Cavanşiri ilk axtarıb tapan, ondan müsahibə götürən, əlaqə nömrəsini İsa müəllimə verən mən olmuşam. Niyə adımı qeyd etmədilər? Bir məqamı da qeyd edim, o boyda Mirzə Cəlilin varisləri ilk dəfə Azərbaycana gəldilər, amma onlardan düz-əməlli müsahibə götürən jurnalist tapılmadı. Çünki jurnalistlər özləri çaş-baş qalmışdılar ki, görəsən, bunların ata-anası polyak olub, yoxsa hansısa başqa millətdən. Sağ olsun, Xəqani Səfəroğlu müsahibəmi paylaşdı və adımı da qeyd etdi ki, varislərdən ilk müsahibəni götürən Hafiz Əhmədov olub. Tədbir olub-bitdikdən sonra İsa Həbibbəyli mənə zəng edir ki, bəs, nömrəmi unudublar və məni Bakıya, varislərlə görüşə dəvət edirlər. Hətta yol pulumu verəcəklərini dedi.  

- Akademikin zəngindən sonra Bakıya gəlməkdən niyə imtina etdiniz? 

- “Yol pulunu biz verərik” nə deməkdir?! Sözün açığı, bunu şəxsiyyətimin alçaldılması kimi dəyərləndirirəm. İsa müəllimə dedim ki, niyə mənə vaxtında xəbər vermədiniz? Axı müsahibədən sonra çox böyük və dəyərli iş gördüyümü demişdiniz. Başa düşürəm, işləri çoxdur, alim adamdır, heç olmasa köməkçiləri, akademiyanın işçiləri xəbər verərdilər. Tovuzdan Bakıya 7 saatlıq məsafədir. Bir neçə gün öncədən desəydilər, işimi düzüb-qoşub, pul tapıb gələrdim. Onlar zəng edəndə artıq günorta idi, Bakıya axşam saatlarında çatıb nə edəcəkdim ki? Qalmağa yerim də yoxdur. Ona görə getməyi məsləhət bilmədim. 



- Başqa hansı görkəmli şəxslərin varisləri ilə əlaqə qurmusunuz, yaxud hələlik axtarışdasınız? 

- Azərbaycanın böyük mütəfəkkiri, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin Yaponiyada varisləri yaşayır. Azərbaycanın ucqar bir kəndində yaşaya-yaşaya Yaponiyada həmin varisləri tapdım və M.F.Axundzadənin nəticəsi Pəri Pezeşkinin oğlu Parsi Parsinejaddan müsahibə götürdüm. Onlar İran azərbaycanlısı kimi tanınırlar. Parsi Parsinejad hazırda Amerikada yaşayır və həm ABŞ-da, həm Yaponiyada M.F.Axundovla bağlı mühazirələrdə iştirak edir, elmi məqalələr hazırlayır. Axundovun təbliğatını aparırlar. Qadınlar İran adətlərinə görə şəkillərini vermədilər, amma kişilərdən ala bildim. Bundan başqa Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun nəticəsi - Əhməd Güvənci taparaq müsahibə almışam. O, 1951-ci ildə Əhməd bəy Ağaoğlunun nəvəsi Suna Gülərin birinci nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Əhməd Güvənç türk musiqi tarixinin ən önəmli simalarından biridir. Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb, yaxın dost olublar. Uzun illərdir ki, yaddaşlardan silinməyən “Gülpembe” və “Dönence” adlı mahnıların bəstəkarıdır. Məncə, Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı ən yaxşı müsahibə o idi. Elə ilk dəfə Azərbaycana gəlişi zamanı Barış Manço ümummilli lider Heydər Əliyevə Əhməd Güvəncin azərbaycanlı olduğunu deyib. Əhməd bəy Ağaoğlunun qızı atasının zəngin arxivini, Malta sürgünündə olarkən yazdığı məktubları Ə.Güvəncə verib. Onunla daim əlaqə saxlayıram. Həmçinin, Ceyhun Hacıbəylinin Fransada yaşamış digər oğlu Timuçinin ailə üzvlərini tapıb, onlarla həmsöhbət olmuşam. Timuçin Hacıbəylinin birinci nikahından dünyaya gəlmiş oğlu Klement Bailly Hacıbəylinin yeganə övladı - Jeremie Hacıbəylidir. O, 1977-ci ildə Fransada dünyaya gəlib. 

- Araşdırmalarınız çox dəyərlidir. Varislərlə bağlı müsahibələrə reaksiyalar necə olur? 

- Ciddi oxucu ilə bağlı problemimiz böyükdür. Gündəmə hesablanan əhəmiyyətsiz mövzularla oxucuları çaşdırıblar. Əfsuslar olsun ki, maarifləndirici yazılara, tarixi araşdırmalara çox az sayda insan maraq göstərir. İnanın, ziyalı oxucu tapanda çox sevinirəm. Böyük zəhmət hesabına başa gələn müsahibələrimi bir çox millət vəkilinə, alimlərə, tarixçilərə göndərirəm. Bunu həm müsahibəni yaymaq, həm də müəllifin özüm olduğunu göstərmək üçün edirəm. Ümumi götürəndə, verilən dəstəkdən razıyam. Tarixçilər də diqqət göstərirlər. Xüsusən, sonuncu hadisədən sonra xeyli insan öz dəstəyini verdi. Üç gün ərzində yüzlərlə dəstək mesajı gəldi. Hətta bəzi mesajlardan kövrəldim. Bir neçə nəfər yazıb ki, “öz aramızda 40 manat pul toplamışıq. Sizi Bakıya dəvət edirik ki, gəlib müsahibinizlə görüşəsiniz”. Görün, necə düşüncəli və qayğılı insanlar var. Yaradıcılığıma sahib çıxdılar, məni tək qoymadılar. Vallah, gördüyüm iş üçün bir qəpik qazanc əldə etməmişəm. Məqsədim məhdud imkanlarımla bacardığım qədər dövlətə, xalqa xidmət etməkdir.



- “Hafiztimes.com” saytını hansı zərurətdən təsis etdiniz? 

- Sayt istədiklərimi reallaşdırmaqda mənə çox kömək edir. Həmişə arzulayırdım ki, özümün saytım olsun və bütün araşdırmalarımı, müsahibələrimi orada dərc edim. Məsələ ondadır ki, bir çox media qurumlarında yaradıcılığa, sərbəstliyə məhdudiyyətlər qoyulur. Hər redaksiyanın bir şərti olur, biri deyir bunu yazma, o biri deyir filankəslə danışma. Təsəvvür edin, müsahibələrimin sadəcə 40 faizi yayımlanıb. Ona görə də özüməməxsus sayt yaratmağa qərar verdim. Sağ olsunlar, Türkiyədəki dostlar sayəsində “Hafiztimes.com” saytını təsis edə bildim. İşdən çıxarılarkən aldığım sonuncu maaşı saytın yaradılmasına sərf etdim. İndi kənddə kartof əkməklə məşğul ola-ola tanınmış şəxslərin varislərindən müsahibələr hazırlayıram. Bugünədək 60-dan çox maraqlı məqaləm olub. Müəyyən fasilələrlə saytda dərc edirəm. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu