YAP-ın yaradılmasının 27 illiyi ilə bağlı toplantı keçirildi

Bu gün YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının  27-ci ildönümünə həsr olunmuş təntənəli toplantı  keçirilib. Toplantıda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilarlarının nümayəndələri və gənc fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov əlamətdar hadisə münasibətilə partiya üzvlərini təbrik edib. Əli Əhmədov partiyanın keçdiyi şərəfli yoldan danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəalliyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və Onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atıldı. Partiya yarandıqdan az sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı. 

YAP Sədrinin müavini qeyd edib ki, bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır. Onun sözlərinə görə, Azərbaycan hazırda dünyada ən sabit və təhlükəsiz ölkələrdəndir. 1990-cı illərin əvvəlində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur.

YAP-ın sıralarında 750 min nəfərə qədər üzvün birləşdiyini deyən Əli Əhmədov söyləyib ki, Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu isə Ulu Öndər Heydər Əliyevin ideyalarına olan inamdan irəli gəlir. Onun sözlərinə görə, ötən dövr ərzində partiyamız Azərbaycan xalqına ləyaqətlə, şərəflə xidmət edib. İqtidarda olduğu 26 il ərzində YAP-ın və onun liderinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın liderinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir.
   Əli Əhmədov bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır: “Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. YAP sıralarında bu qədər insanın birləşməsi və onun siyasətində yaxından iştirak etməsi vətəndaşlarımızın mütləq əksəriyyətinin Heydər Əliyev ideyalarına dərin inamı, eyni zamanda, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. Əgər vətəndaşların qəlbindən gələn bu istək olmasaydı, YAP sıralarında 750 min nəfərin cəmləşməsi mümkün olmazdı”.

Baş nazirin müavini deyib ki, bu yaxınlarda keçirilən rəy sorğuları da təsdiqləyir ki, ölkə əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Əli Əhmədov söyləyib ki, YAP bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcək. “Uzun illər Azərbaycan vətəndaşları YAP iqtidarının faydasını görəcək və onun siyasətinə xidmət edəcək. Azərbaycan vətəndaşları ötən illərin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırıq. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov YAP-ın yaranması dövründə mövcud olan gərgin ictimai-siyasi vəziyyət barədə fikkirlərini bildirib. O qeyd edib ki, həmin illərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev öz həyatını təhlükəyə ataraq Azərbaycana qayıtdı, xalqımızı çətin şəraitdən çıxarmaq üçan əməli addımlar atdı. Yarıtmaz hakimiyyət xalqımızı böyük çətinliklərlə üz-üzə qoymuşdu. Mütəfəkkir fikirli ziyalılar bu vəziyyətdən çıxmağın yolunu Ulu Öndəri Azərbaycana dəvət etməkdə görürdülər. Çoxsaylı çağırışları cavabsız qoymayan Ulu Öndər Bakıya qayıtdı və çətin vəziyyətdə xalqının yanında oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə xalqımız üzləşdiyi bəlalardan xilas oldu.

T.Budaqov bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini söyləyib, qazanılan uğurları faktlarla diqqətə çatdırıb.

 YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə çıxışında partiyanın keçdiyi şərəfli yoldan danışıb, Azərbaycanın ötən illər ərzində güclü dövlətə çevrildiyini bildirb. M.İbrahimqızı bu gün Azərbaycanı istəməyən dairələrin ölkəmizin əleyhinə kampaniya apardıqlarını deyərək partiya üzvlərini həmin dairələrə qarşı daha güclü mübarizə aparmağa səsləyib.

Toplantıda həmçinin,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev və Bakı Slavyan Universitetinin tələbəsi, YAP-ın təqaüdçüsü Səbinə Nəsibli çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin qarşısındakı xidmətlərdən danışıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu