Sumqayıt: Heydər Əliyev iqtisadi siyasətinin əsəri

Prezidentin Sumqayıta növbəti səfəri bu dəfə şəhərin 70 illik yubileyi çərçivəsindəydi. Məhz bu səbəbdən şəhərdə bayram bayrama qarışmışdı.  Dövlətimizin başçısı bu dəfə də bir sıra obyektlərin açılışında iştirak etdi, sakinlərlə görüşdü, yubiley tədbirində çıxış etdi.
Prezidentin çıxışında bir maraqlı məqam xüsusi ilə seçildi. Söhbət, Azərbaycanın ən gənc şəhərlərindən olan Sumqayıta həmişə xüsusi diqqətin olmasından gedir. 

Cənab Prezidentin də dediyi kimi hələ ulu öndərin respublikamıza rəhbərlik etdiyi ilk dönəmdən Sumqayıt onun diqqətində olan şəhərlərdəndir. Xüsusən ekoloji cəhətdən həddən artıq çirkin şəhər olan Sumqayıtla bağlı Ulu öndərin narahatçılığı həssas məqamlardandır. Prezident haqlı olaraq qeyd edir:
“Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.
Səfəri zamanı Azərbaycan Prezidenti çıxışında onu da bildirdi ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdi.
Bu gün Sumqayıtın keçmiş SSRİ-də, bütün dünyada tanınmasının Heydər Əliyevin adı ilə bağlı olması heç kimdə şübhə doğurmur. Ötən əsrin 70-ci illəri və 80-ci illərin birinci yarısında Heydər Əliyevin təşəbbüskarlığı sayəsində şəhər tərəqqi və dirçəlişin ən gözəl nümunələrindən birinə çevrildi. İnsanlar böyük həvəslə talelərini bu gənc şəhərlə bağladı.
Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır.  34 illik rəhbərliyi müddətində  ulu öndər 16 dəfə Sumqayıtda olub. Elə bu faktın özü Sumqayıta göstərilən böyük diqqətdən xəbər verir. 
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Qısa müddətdə şəhərdə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Cənubi Qafqazda ilk dəfə Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı. 1970-1974-cü illərdə üzvi sintez zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı. Şəhər SSRİ-nin kimya sənayesi mərkəzlərindən birinə çevrildi. 

Yəqin çox az adam bilir ki, 1975-1976-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan nadir kompleksin əldə edilməsi üçün Moskvaya müraciət etmişdi. Çox keçmədən ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 adlı texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.

1969-1982-ci illərdə Ulu Öndərin rəhbərliyi altında Sumqayıtda digər müəssisələr istifadəyə verilmişdi. Şəhər sözün həqiqi mənasında İttifaqın ən böyük sənaye qüdrətlərindən biri idi.

Azərbaycan prezidenti dünənki Suçqayıt səfəri zamanı çıxışında olduqca maraqlı bir məqama da toxundu. Sitat:
“1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.
Sumqayıt və ümumiyyətlə Azərbaycan üçün tənəzzül dövrü Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə bitdi. Müstəqillik illərində Heydər Əliyev 6 dəfə Sumqayıtda oldu, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşdü. Onların problemləri ilə maraqlandı, şəhərin az qala süquta uğramış iqtisadiyyatının bərpası üçün  misilsiz işlər gördü.

Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərdi. 
Ümummilli lider Sumqayıtın yenidən ənənəvi sənaye kompleksi kimi bərpasına, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılmasına, bununla da Sumqayıt yenidən seçilən bir şəhərə çevrilməsinə nail oldu.

Elə bu günün özündə də şəhər ümummilli liderin layiqli davamçısı İlham Əliyevin xüsusi diqqətindədir.
Bunu sübut etməyə elə bircə bu fakt kifayətdir:
Cənab prezidentin Sumqayıta dünənki səfəri 15 il ərzində sayca 24-cüdür. Dövlətimizin başçısının da dediyi kimi: “Bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.

Səbuhi Məmmədli

Paylaş

Bizi Facebookda izləyin
menu
menu