Deputat: "Dövlətimiz qayğıya ehtiyacı olan vətəndaşlarımızın mənzillə təmin olunmasına ciddi fikir verir"

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Ölkə başçısı bir sıra mühüm məsələlərə toxunub. Prezident qeyd edib ki, gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək:

“Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər".

Prezidentin çıxışını Sherg.az-a dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, ölkə başçısı hər zaman olduğu kimi qaçqınlarımıza olan diqqət və qayğını yenə ön plana çəkib. 

Deputatın sözlərinə görə, Bakı ətrafında, Sumqayıtda və müxtəlif rayonlarımızda vətəndaşlarımızın yeni mənzillərlə təminatı davam edir:

“Həm qaçqın və məcburi köçkünlər, həm də şəhid ailələri, müharibə veteranları, əlillər və bu təbəqədən olan digər şəxslər mənzillə təmin olunacaq. Bu proses hər zaman davam edir. Dövlətimiz planlı şəkildə qayğıya ehtiyacı olan vətəndaşlarımızın mənzillə təmin olunmasına ciddi fikir verir. Qismət olsa, bütün məcburi köçkünlərimiz doğma yuvalarına qayıdacaqlar. Amma bu qayıdışa qədər də qayğıya ehtiyacı olan insanlar normal mənzildə yaşamalıdırlar və buna haqları var. Dövlətin onlara qayğısı hər zaman davam edir və edəcək də. Bu proses artıq proqramlaşdırılıb. Hansı mərhələdə kimlərin hara və necə köçürüləcəyi növbəli və ciddi qayda ilə həyata keçiriləcək. Təbii ki, burada Cənab Prezident və hörmətli Vitse-prezidentimiz Mehriban xanımın nəzarəti, rəhbərliyi və xüsusi diqqəti yenə də ön plandadır.

Cənab Prezident “Dövlətqaçqınkom”un sədri Rövşən Rzayevi qəbul edəndə ona verdiyi tapşırıqlar da hamının diqqətindədir. Əlillərimizin nəqliyyatla təminatı, köçkünlərimizə dövlət tərəfindən verilən müavinətlərin bir az da artırılması dövlət başçısının diqqətindədir. Ona görə də biz məcburi köçkünlər hər zaman dövlətimizin yanındayıq və prezidentin apardığı siyasəti sona qədər dəstəkləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu