Rusiya Qafqazda bu limanın qarşısını alır... – General

Rusiya hazırda Gürcüstan elitasının işğalıyla məşğuldur. Rusiyaya suveren müttəfiqlər yox, vassallar və qullar lazımdır. Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri general-leytenant Ben Hoces deyib. Onun sözlərinə görə, Gürcüstan regionda NATO üzvlüyü üçün hər şeyi edən vacib oyunçudur, amma bununla belə, son zamanlar hökumətin NATO-ya münasibətdə entuziazmının azalması müşahidə edilir:

“Gürcüstan NATO üzvü olmalıdır. Tiflisə sentyabrdakı son səfərimdən sonra mən hökumət tərəfindən əvvəl gördüyüm hissi görmədiyimin fərqinə vardım. Ordu peşəkar və həmişəki kimi sadiqdir, amma hökumət məmurlarının Qərbə inteqrasiya marağı zəifləyib”.

Onun sözlərinə görə, Qara dənizdə təhlükəsizliyin təmini Anakliya layihəsinin uğurlu bitməsindən asılıdır:

“Anakliya limanının tikilməsi Gürcüstan üçün oyun qaydalarını yaxşılaşdıracaq. Əgər Anakliya nəzərdə tutulan liman kimi olsa, Gürcüstan Avropa və Asiya arasında vasitəçiyə çevriləcək. Avropa şirkətləri Gürcüstana investisiya edirlər. Bununla Gürcüstanın təhlükəsizliyi avtomatik yaxşılaşacaq, hər kəs onu qorumaqda maraqlı olacaq. Məhz buna görə Rusiya istəmir ki, liman tikilsin. Anakliya kommersiya layihəsi olsa da, onun siyasi aspektləri var. Bu liman sayəsində bölgəyə Amerika gəmiləri cəlb oluna bilər. Rusiya həm də bunun üçün limanın tikilməsini istəmir”.

Hoces Gürcüstan hökumətinin Rusiyanın heç vaxt bu ölkədə genişmiqyaslı əməliyyat keçirməməsi üçün Kremlin qarşısının alınması metodları üzərində işi davam etdirməli olduğunu bildirib:

“Gürcüstanın təhlükəsizliyi əksər hallarda onun qonşuları və ABŞ-dan asılıdır. Ona görə də Gürcüstan Rusiyanın onu udmaması üçün hər şeyi etməlidir. Bu o deməkdir ki, Rusiyanın qarşısını elə almaq lazımdır ki, o heç vaxt Gürcüstana girmək haqqında düşünməsin. Gürcüstan gərək müttəfiqləri onun yardımına gəlməzdən öncə Rusiyanın qarşısını almaq səviyyəsində olsun”.

Hoces ABŞ-ın Gürcüstanda hərbi mövcudluğunu artırmasının ölkənin müdafiəsini zəmanət altına almaq mənasına gələcəyini qeyd edib:

“İstərdim ki, ABŞ Gürcüstandan Yaxın Şərqdəki problemlərin öhdəsindən gəlmək üçün istifadə etsin. Mümkündür ki, burada daimi baza olmasın, amma mövcud bazanın tərkibinə Hərbi Hava Qüvvələrinin nümayəndəliyi üçün hərbi aerodromun genişləndirilməsi daxil edilsin”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu