Bakıda borca pul paylayan aparatlar peyda olub

Bakıda iri supermarketlərdə “Azpulmat” aparatları quraşdırılıb. Belə ki, istənilən şəxs şəxsiyyət vəsiqəsini aparata daxil etməklə, həmçinin barmağını aparata tutmaqla, barmaq izi ilə borca pul ala bilər. İlk dəfə 20 manat almaq mümkündür, 5 gün ərzində 21 manat qaytaranlar növbəti mərhələdə 40, daha sonra 60 manat götürə bilərlər.

Sosial şəbəkələrdə yayılan fotoda aparatın qarşısında növbələr yarandığı görünür. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminallarının fəaliyyətini araşdırıb.

Bu barədə “Report”a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı müəyyən edilib ki, "Azpul" MMC-yə məxsus terminallar vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir. "Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” qanunlarla tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” qanunun icrasının təmin edilməsi barədə ölkə prezidentinin 28 oktyabr 2008-ci il tarixli fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir", - deyə Palatanın sözçüsü bildirib. E. Allahverdiyev onu da vurğulayıb ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu