Əhməd Cəfəroğlu bir an belə Azərbaycana biganə qalmadı - TARİX

O, mühacirət mətbuatımızın nəhənglərindən olub



Tanınmış türkoloq xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər nəşr etdirib



"Azərbaycan Yurd bilgisi", "Türk amacı", "Türk dili və ədəbiyyatı məcmuəsi" dərgiləri… 1930-40-cı illərdə nəşr olunan dərgilərin yaradıcısı və baş redaktoru Əhməd Cəfəroğludur. Əhməd bəy mühacirət mətbuatımızın nəhənglərindən olub. Bu dərgilərdə Əhməd bəyin imzası ilə "Azərbaycanın böyük matəmi - 27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və sair məqalələr nəşr olunub.  
Bu dəfə Əhməd Cəfəroğlu şəxsiyyətinə nəzər salmağı qərara aldıq.  

Topçu jurnalist


Əhməd Cəfər oğlu 1899-cu ildə Gəncədə anadan olub. Üç yaşında atasını itirib. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailəsi Səmərqəndə köçür. Əhməd ilk təhsilini orada alır, sonradan Gəncəyə qayıdırlar. 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsil alır. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur, üç semestr oxuya bilir. Həmin dövr situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdır.
Ə.Cəfəroğlu Gəncədə istiqlal mübarizəsinə qoşulur. Nuru Paşanın Qafqaz İslam Ordusu üzv olur. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak edir.
Əhməd yenicə açılan Bakı universitetinin (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur. Bu universitet də yarımçıq qalır, o, Gürcüstana, oradan da Türkiyəyə keçir.

Orada İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Məşhur türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və 1925-ci ildə universiteti bitirir. Bir müddət Türkologiya İnstitutunda assistent işləyir. Həmin ilin sonunda Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Almaniyaya gedir. Berlin və Breslau universitetlərində türkologiya üzrə təhsil alır, orada dövrün tanınmış alimləri olan Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader, Diels və başqalarının mühazirələrini dinləyir. 1929-cu ildə Breslau Universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edir.
1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönür. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün ölümündən sonra kafedra müdiri. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi.
"O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o, "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu". Bəs Cəfəroğlu nələr yapmışdı? Bu kiçik yazıda o böyük işlərdən necə danışım?
1923-1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb.
Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da.
Əhməd bəy dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü seçilmişdi. 
Əhməd Cəfəroğlu Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılırdı. 
Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş.
"Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi.
"Türk amacı" dərgisinin (1942-1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub.
Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. Məncə, həmin dərgilərdə yazdığı məqalələrin adları hər şeyi deyir: "Azərbaycanın böyük matəmi - 27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan"...
Cəfəroğlu bu qədər işin içində imkan tapıb Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkəcəyəm: "Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı", "XVII əsr Azəri şairi Məlik bəy Avçı", "Böyük Azəri türkçüsü Mirzə Fətəli"...
Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur.
1955-ci ildə o, İspaniyanın "De Alfonso el Sabio" ordeninə layiq görülmüşdü.
Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. "Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı" – bu da keçmiş tələbələrinin ustad haqqında dedikləridir.

Əhməd bəyi “Xəzər” dərgisi tanıtdı


Tanınmış türkoloq, professor Əhməd Cəfəroğlu XX əsr Azərbaycan ictimai, elmi və bədii fikir tarixində özünəməxsus iz qoyub. Həyatının əsas hissəsini doğma yurdundan kənarda keçirsə də, bir an belə Azərbaycanın siyasi və mədəni həyatına biganə qalmayıb, xalqının dilinə, ədəbiyyatına, tarix və etnoqrafiyasına dair çoxsaylı elmi əsərlər nəşr etdirib. 
Türkologiya sahəsinə möhkəm tellərlə bağlanan alim ömrünü bu istiqamətin öyrənilməsinə həsr etmişdir. Obyektiv səbəblərdən Ə.Cəfəroğlunun çoxşaxəli fəaliyyəti ana vətənində məlum olmasa da, ömrünün sonuna qədər yaşayıb-yaratdığı Türkiyədə, eləcə də Avropa və Amerikanın bəzi elmi dairələrində onun araşdırmaları yüksək qiymətləndirilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Elşən Əbülhəsənli yazır ki, Azərbaycanda alimlə bağlı yazılar yalnız ötən əsrin sonlarından mətbuat səhifələrində görünməyə başlandı. 1990-cı ildə “Xəzər” dərgisi ilk dəfə olaraq tarix elmləri namizədi Hüsaməddin Məmmədovun təqdimatı və ön sözü ilə məşhur türk yazıçısı Samim Qocagözün öz müəllimi Ə.Cəfəroğlu barədə xatirəsini dərc etmişdir. Lakin Ə.Cəfəroğlunun elmi-ədəbi ictimaiyyətə, həmçinin, geniş oxucu kütləsinə tanıdılması sahəsində ilk ciddi addım professor Vilayət Quliyevin 1991-ci ilin martında “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş irihəcmli məqaləsi oldu. Gərgin axtarışların məhsulu olan bu məqalədə dünya elmi dairələrində yaxşı tanınan Ə.Cəfəroğlunun ömür yolu barədə müfəssəl məlumat verilir, Azərbaycan ədəbiyyatı tarixinə və folklorşünaslığına dair tədqiqatlarından bəhs olunur. Ə.Cəfəroğlunun 80 illik ömründə ucaldığı elm zirvəsinin arxasında müxtəlif elm sahələrində gərgin axtarışlarla, məhsuldar fəaliyyətlə, mübarizələrlə dolu keşməkeşli bir həyat dayanır. 

Əhməd Cəfəroğlu publisistikası


Ə.Cəfəroğlunun publisistikasında Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna dönə-dönə toxunulur. Müəllif Cümhuriyyətin işğalının 13-cü ildönümündə qələmə aldığı “Azərbaycanın böyük matəmi – 27 nisan” adlı məqaləsində yazır: “1920-ci ilin 27 nisanında böyük türk dünyasının köksündə hürriyyət bayrağını ilk qaldıran bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan – Odlu yurd qırmızı ruslar tərəfindən işğal edilmişdir”.
27 aprellə bağlı digər bir yazısında Ə.Cəfəroğlu deyirdi: “Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı, sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üçrəngli bayrağının yerinə yabançı ellərin oraq-çəkicli bayrağı qaldırıldı. İstiqlal idealı yerinə istila ruzigarları əsdirildi”.
Yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik olan Ə.Cəfəroğlunun yaradıcılığı humanitar biliyin olduqca müxtəlif sahələrini əhatə edir. Yarıməsrlik elmi-pedaqoji fəaliyyəti nəticəsində dünya türkologiyasının aparıcı simalarından birinə çevrilmiş böyük həmyerlimizin yaradıcılığında Azərbaycanla bağlı araşdırmalar mühüm yer tutur. Onu elmi azərbaycanşünaslığın banilərindən hesab edirlər. O, türk dünyasının mühüm və ayrılmaz bir hissəsi saydığı vətəninin tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, dilinə, şifahi və yazılı ədəbiyyatına dair onlarla əsərin müəllifidir.
Bu əsərlər Azərbaycanın tanıdılması, onun mədəniyyətinin təbliği sahəsində böyük rol oynamışdır. Onlar istər ehtiva etdiyi material, istər irəli sürdüyü ideyalar, istərsə də tədqiqat metodikası baxımından bu gün də elmi dəyərini qoruyub saxlamaqdadır. Alimin Azərbaycanla bağlı araşdırmaları içərisində onun ədəbiyyatşünaslıq irsi mühüm yer tutur. Fitri filoloji istedada malik olan Ə.Cəfəroğlu istər yazılı, istərsə də şifahi ədəbiyyatı xalqın tarixini, ictimai-siyasi və estetik görüşlərini, əxlaq və təfəkkür tərzini, sözün geniş mənasında, mədəniyyətini əks etdirən ən etibarlı sənəd kimi araşdırır və uğurlu nəticələrə gəlirdi.
Əsas profili etibarilə dilçi-türkoloq olan Ə.Cəfəroğlu Azərbaycan folkloruna da xüsusi maraq göstərirdi. O, şifahi xalq ədəbiyyatını xalqın bədii təfəkkür xüsusiyyətlərini, estetik ideallarını yaşadan yaradıcılıq faktı kimi nəzərdən keçirirdi. Alimin folklorumuza dair tədqiqatları həm mifoloji materialı, həm monumental epik abidələr olan dastanları (“Dədə Qorqud”, “Aşıq Qərib”, “Qaçaq Nəbi”), həm də aşıq poeziyasını (Qurbani, Abbas Tufarqanlı, Dədə Qasım) əhatə edir. Bu tədqiqatlarda o yalnız bir araşdırıcı kimi çıxış etmir. Onun nəşr etdiyi folklor materialları bir sıra orijinal cəhətləri ilə maraq doğurur.
Ə.Cəfəroğlu Azərbaycan ədəbiyyatı tarixinin ümumi məsələləri və nəzəri problemlərinə, onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığına ondan artıq əsər həsr etmişdir. Alimin milli ədəbiyyatımızın çoxəsrlik və mürəkkəb tarixinə konseptual baxışını əks etdirən “Azərbaycan dili və ədəbiyyatının dönüm nöqtələri” adlı geniş tədqiqatı ədəbiyyatımızın minillik inkişaf prosesini işıqlandırır və bu gün də böyük əhəmiyyət kəsb edən elmi dövrləşdirməsini verir. Onun ayrı-ayrı ədəbi dövr və şəxsiyyətlərə verdiyi yığcam və dəqiq xarakteristika həmin məsələyə dair bir sıra elmi baxışları qabaqlamışdır. Əsər müəllifin professionallığına, ədəbi faktları geniş mədəni kontekstdə nəzərdən keçirmək qabiliyyətinə, ayrı-ayrı sənətkarları tarixi-ictimai perspektivdə qiymətləndirmək bacarığına malik olduğunu parlaq şəkildə nümayiş etdirir.
Folklorşünaslıq sahəsində olduğu kimi, ədəbiyyat tariximizlə də bağlı tədqiqatlarında Ə.Cəfəroğlu bir sıra orijinal mətnləri elmi istifadə dairəsinə daxil etmişdir. Alimin XVII əsr şairi Məlik bəy Ovçu, XIX əsr şairi Siraci haqqında tədqiqatları isə xüsusi elmi yeniliyi ilə seçilir. Onun ədəbiyyatşünaslıq irsində Mirzə Fətəli Axundzadə ilə bağlı araşdırmaları da xüsusi yer tutur. Bu araşdırmalar böyük mütəfəkkir ədibin milli ictimai və ədəbi fikir tariximizdəki mövqeyini daha dərindən, düzgün və obyektiv anlamaq baxımından son dərəcə qiymətlidir. Alimin Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına dair araşdırması da dərinliyi və sanbalı ilə qiymətli araşdırmadır.
Ə.Cəfəroğlu 1975-ci il yanvarın 6-da İstanbulda vəfat edib. Türk şairi Fazil Hüsnü Dağlarcanın onun ölümünə həsr etdiyi seirində alimin vəfatının “səssiz” olmasını təəssüflə qeyd etmişdi.  Lakin o zaman Türkiyə mətbuatında Ə.Cəfəroğlunun vəfatı ilə bağlı çoxsaylı məqalələr də dərc olunub. Bu məqalələrdə alimin ölümü ağır itki kimi qiymətləndirilmişdi. Görünür, Fazil Hüsnü Əhməd bəyin itkisindən hədsiz kədərləndiyinə görə onun ölümünü “səssiz-səmirsiz” adlandırırmış.  

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu