"Suşi", kartof, konservlər…  - Tələbələrin nədən zəhərləndiyini ortaya çıxaran yoxdur - AKTUAL

Bakı Dövlət Universitetinin 100 illiyi təəssüf ki, həm də tələbə qızın ölümü ilə anılacaq. Noyabrın 21-i BDU-nun 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı qidadan zəhərləniblər. Xasmətova Şəkər vəfat edib, digər 2 tələbə qızın müalicəsinin Kliniki Tibbi Mərkəzdə davam etdirildiyi, hətta qızların komada olduğu da deyilir. 

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.



Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dilrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qızlar nədən zəhərlənib? Rəylər saysız-hesabsız...


Faciəli hadisə ilə bağlı təhsil eksperti Kamran Əsədov sosial şəbəkə üzərindən çıxış edib. K.Əsədovun paylaşımını bəyənməyənlər də olub və müxtəlif reaksiyalar verilib. Amma öncə ekspertin yazdıqlarına baxaq.



“Bakı Dövlət Universitetinin yataqxanasında 2 tələbə qızın zəhərlənməsi, 1 tələbənin vəfat etməsi bədbəxt hadisədir. İtki isə, böyük itkidir.
Məndə olan məlumata görə, tələbələrimiz ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan, süd məhsullarından istifadə etdiklərinə görə zəhərləniblər.

Mənə verilən məlumata görə, hadisə dünən gecə saatlarında, 20 noyabrda baş verib. Həmin vaxtı təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Həmin vaxt tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Onlar özləri xəstəxanaya getməkdən imtina ediblər.

Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib.
Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirəm. Bu, bizim üçün böyük itkidir. Gördüyüm qədər məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Hətta BDU-nun rektoru Elçin Babayev tələbələrə görə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib onların müalicəsi ilə yaxından tanış olub.
Əziz tələbələr, qidalanmanıza diqqət yetirin. Sağlamlığınızdan önəmli heç nə ola bilməz. Konservləşdirilmiş məhsul, süd və süd məhsulları alarkən mütləq istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirin.



“O, qızın ölümü həmin həkim briqadasının üstündədi"


Gənc qızın ölümü, 2 nəfərinsə ağır vəziyyətdə olmasının nədən, hansı qidadan, hansı səbəbdən baş verdiyinin hələ də dəqiqləşməməsi ciddi narazılıqlar yaradıb. Bu hal sosial şəbəkədə də hiss edilir. Feysbuk istifadəçiləri yazır ki, “o qızın ölümü həmin həkim briqadasının üstündədi. Əgər zəhərlənmə əlamətləri olubsa, təcili hospitalizasiya olunmalıydılar. İynə vurub getmək böyük məsuliyyətsizlikdi. Eyni əlamətlərlə infeksion xəstəlik də ola bilərdi ki, bu da təkçə həmin üç tələbənin deyil, yataqxanadakı bir cox tələbələr üçün təhlükəli olardı. Yaziq ölənə!
Xatırladaq ki, ölüm faktı baş verdikdən sonra zəhərlənmənin nədən baş verməsinə dair müxtəlif açıqlamalar yayıldı. Qızların restoranlardan birindən “suşi” sifariş etdiyi bildirildi. Zəhərlənmənin də böyük ehtimalla bu qidadan olduğu üzərində dayanıldı. Sosial şəbəkədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda isə ilkin ehtimal kimi zəhərlənmənin kartofdan baş verdiyinin qeyd olunduğu da yazılırdı.   
Əsl səbəb nə zaman bilinəcək, məlum deyil. 



Tələbələr normal qidalana bilmir 


Təhsil eksperti Etibar Əliyev isə tələbələrin qidalanmasına diqqət yönəldib: 

“Ali məktəblərdə tələbələrin qidalanması məsələsinə diqqəti artırmaq lazımdır. Tələbatı böyük olan yeməklərin keyfiyyəti çox aşağı səviyyədədir. Dönərxanaların əksəriyyəti Hindistandan gətirilmiş, kiloqramı 2 manata olan, mənşəyi bilinməyən ətlə işləyir. Azərbaycanda ticarətin qaydası belədir: az pul qoyub, çox qazanmaq. Dönərin bir kiloqramının pulunu bir pay dönərdən çıxarırlar. Bu azmış kimi Universitet həyətində dönərxana açır. Xəzərə bitişik regionda yaşamağımıza baxmayaraq, yeməkxanalarda balıq xörəklərinə rast gəlinmir. Söhbət varlıların məskən saldığı restoranlardan getmir. Nəticədə cavanlar bizə yad və aşağı qiyməti 30 manata olan "suşi" kimi yeməklərdən istifadə edirlər (bunu da almağa hələ gücləri çatsa). Tələbənin nizamlı qidalanması deyilən bir şey yoxdur. Universitetlərin ətrafındakı türk yeməkxanalarında yeməklər olduqca bahadır. Təxminən 20-25 il öncə universitetlərin yataqxana inşa etmək imkanları çox idi. Rektorların çoxu bu imkanı əldən verdilər və milyonlar lazımsız işlərə xərcləndi. Türkiyədə və dünyanın əksər ölkələrində universitet kampusları və yataqxanalar həm də tələbələrin təhlükəsizliyi məkanıdır. Təəssüflər olsun ki, bizim tələbələr bu cür imkanlardan məhrumdurlar. Tələbə Universitetə böyük vəsait ödəyir, təəssüflər olsun ki, əvəzində ona keyfiyyətsiz təhsil və normal yaşamaq və qidalanmaq şəraiti verilmir.



Qızlar arıqladıcı çaylar içib?


Təhsil eksperti Kamran Əsədov isə 3 aydır BDU-nun yeməkxanasında nahar etdiyini yazır: 

“Qidalanma problemi haqlı iraddır. Amma bunu təkcə BDU-dan gözləmək olmaz. BDU yeməkxana baxımından düşünürəm ki, problem yaşamır. Keyfiyyət məsələsinə gəldikdə isə, mən 3 aydır günorta yeməyini orada, elə tələbələr olan yerdə yeyirəm. Bir də AMEA-nın bufetində. Tələbəyə gəl ordan yox, burdan ye demək olmaz. Onda da deyəcəklər ki, bəs tələbəni öz restoranından yeməyə məcbur edir. Fakt odur ki, biz qız balamız vəfat edib, 2-si zəhərlənib. Allah ölən balamıza rəhmət eləsin, digərləri tez sağalsın. Elçin Babayev bütün günü orda olub, onların vəziyyəti ilə yaxından maraqlanıb, diqqətdə saxlayıb. Hansı rektor gedib tələbənin nə yediyi ilə maraqlanır? Və ya harda yaşaması ilə? Xatırlayırsızsa, 1 il əvvəl Sumqayıt Dövlət Universitetinin 10-dan çox tələbəsi bir qazeldə qəzaya uğradı, vəfat etdi. Və ya AZİ terror aktının qurbanı oldu. Və ya bir ay əvvəl 7 tələbə dönərdən zəhərlənib və ya 2 tələbə bıçaqlanıb. Bütün bunlar və daha çoxu baş verib. Yəni hansısa bədbəxt hadisəni kiminsə adına yazmaq yaxşı deyil. Amma istənilən halda arzuolunmaz haldır.

Etibar Əliyev: Faciəni heç kimin adına yazmaq niyyətim yoxdur. Mən yemək və yaşamaq intizamsızlığından yazmışam. Əgər tələbəyə qarşı hansısa təhlükə törənibsə, rektor və digər vəzifə sahibləri tələbənin yanında olmalıdır. Ancaq bunun çox geniş təbliği də yolverilməzdir.

Tələbə qızların zəhərlənməsi ilə bağlı daha bir versiya onların arıqlamaq üçün xüsusi çaylardan uzun müddət istifadə etmələri və bu səbəbdən orqanizmlərinin zəifləməsi də göstərilir. Bu baxımdan mədənin zədələnməsi versiyası da yoxlanmalıdır. Qızların son 2 gündə qəbul etdiyi qidaların nədən ibarət olduğu öyrənilməlidir. Hər halda tələbə qızın ölüm səbəbi, 2 tələbəninsə sağlığının təhlükə altında olmasının səbəbləri araşdırılmalıdır. Suşi hansı restorandan sifariş edilibsə, bunu qızların mobil telefonlarından öyrənmək olar. Həmçinin tələbə qızların son zamanlar aztəminatlı ailələrə verilən pulsuz yemək kuponundan istifadə edib-etmədikləri də araşdırılmalıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu