Ombudsmanın qadın, həm də hüquqşünas olması şərt deyil - ŞƏRH

İnsan haqları üzrə müvəkkil kişi olan ölkələr də var


Milli Məclisin İnsan hüquqları komitəsində yeni ombudsmanın seçilməsi məsələsinə baxılacaq. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanovanın yerinə üç xanımın namizədliyi irəli sürülüb.Namizədlərin 3-ü də xanımdır.

1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli  Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüddür. O, Apelyasiya Məhkəməsi sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva, daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb.
2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 – 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb.

Daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apelyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

3-cü xanım namizəd isə Kəmalə Əliyevadır. Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Ombudsmanlığa namizədlərin üçü də ixtisasca hüquqşünasdır. İnsan hüquqları üzrə ombudsman  mütləq hüquqşünas və mütləq qadın olmalıdırmı? 



Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, fəlsəfə doktoru Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, ombudsmanın qadın, həm də hüquqşünas olması heç də əsas şərt deyil:

"Belə bir qayda yoxdur ki, insan hüquqları üzrə ombudsman mütləq qadın olmalı və ixtisasca da hüquqşünas olmalıdır. Amma ombudsmanın ictimai sektor təmsilçisi, qeyri-hökumət strukturunda çalışması məqbul hesab edilən şərtlərdir. Adətən ombudsmanın dövlət strukturuna bağlı olmamasına önəm verilir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova QHT sektorundan bu vəzifəyə gəlmişdi. Uzun illər Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdu, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin rəhbəri idi, BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almışdı. Rəhbərlik etdiyi təşkilat bir sıra beynəlxalq qurumların üzvü idi, BMT-nin müxtəlif qurumları ilə sıx əməkdaşlıq edirdi. Yəni o xanım ictimai vəzifənin nə olduğunu bilirdi. Həm də niyə məhz qadın? İnsan haqları üzrə müvəkkil kişi olan ölkələr də var. İnsan hüquqları üzrə müvəkkil kimi uğurlu fəaliyyət göstərmək üçün hüquqşünas olmamaq da mümkündü". 

S.Bənənyarlı seçiləcək ombudsmanın müsbət fəaliyyətinə ümid etdiyini də dedi:

"İrəli sürülmüş 3 qadından birinin namizədliyi təsdiqlənəcək hər halda. Ümid edək ki, yaxşı olacaq, müsbət fəaliyyətin şahidi olacağıq".

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu