İqtisadiyyatımızda canlanma: Türkiyədən Azərbaycana işləmək üçün gələnlərin sayı çoxalıb

Türkiyədən ölkəmizə gələn işçilərin sayı artıb. Bu barədə Türkiyə Məşğulluq Xidməti Baş İdarəsindən “Trend”ə bildirilib. Məlumatda qeyd olunur ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfərlər çoxalıb. Statistikaya əsasən bu ilin ilk 10 ayında gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıqdır.

Adətən Azərbaycandan qonşu ölkələrə iş ardınca gedənlər daha çox gözə görünür. Belə təəssürat yaranır ki, azərbaycanlılar iş axtarmaq üçün xarici dövlətlərə üz tutur. Lakin Türkiyə Məşğulluq Xidməti Baş İdarəsinin bu məlumatı ölkəmizə iş ardınca gələnlərin sayının heç də az olmadığını, əksinə, ildən-ilə bu sayın artdığını göstərir.
Bəs Azərbaycana işləməyə gələnlər hansı sahələrdə daha çoxdur?



İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, qonşu ölkədən işləməyə gələnlər müxtəlif sahələrdə çalışır:

“Məlumdur ki, sovet dönəmində Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə iş ardınca gedənlərimiz çox idi. Başqa sovet respublikalarına da gedənlər olurdu. Orta Asiya, Ukrayna və sairə. Amma daha çox Rusiyanın şəhərlərinə işləməyə gedirdilər. Azərbaycan müstəqillik qazandıqdan sonra isə ölkələr getdikcə dəyişməyə başladı və ilk yerdə də əlbəttə ki, Türkiyə qərarlaşdı. Səbəblər də məlumdu. Bir millətik, dilimiz, dinimiz eynidir. Həm də buna şərait yaradıldı. Türkiyədə xarici ölkələrdə çalışmaq təcrübəsi çoxdan var. Məhz Türkiyədən gələn işçilər sayəsində bizimkilər də xarici ölkədə işləmək baxımından püxtələşdilər. Əlaqələr möhkəmləndikcə bu sahədə təcrübə də artdı. Azərbaycan əcnəbi işçi məsələsində Türkiyə təcrübəsinə yiyələndi. Azərbaycanlılar Türkiyədə daha çox tikinti və iaşə sahəsində çaılışırlar, amma başqa sahələrdə də çalışanların sayı getdikcə artır. Məsələn, təhsil, səhiyyə sahəsində. Bizdə də Türkiyə vətəndaşları ilk zamanlarda daha çox tikinti və iaşə sahəsində çalışırdılar. Dövrə uyğun olaraq hansı sahələrdə canlanma vardısa orada çalışırdılar. Amma artıq görürük ki, hazırda demək olar bütün sahələrdə Türkiyə vətəndaşları çalışır. Nano-texnologiyalar, səhiyyə, otelçilik sahələrində çalışanların sayı xeyli artıb. Tikinti, səhiyyə sahəsində də işləyənlər çoxdur. Tikintidə çalışmaq isə 2 cürdür: fəhlə olaraq, bir də mühəndis-texniki işlərdə. İaşə obyektlərində çalışanların sayı yenə də kifayət qədərdi. Klinikalarda Türkiyədən gəlmiş həkimlər çalışır. Yəni, hansısa sahəni xüsusi qabartmaq olmur artıq. Hər sahədə çalışanlar var”.

İqtisadçı Azərbaycana xarici işçi qüvvəsinin axınının artmasını iqtisadi inkişafla izah etdi:

“Həqiqətən də bu il Azərbaycan iqtisadiyyatında canlanma müşahidə edildi. Gərək bunu deyək. 2015-ci ildə isə belə deyildi. Hazırda iqtisadi inkişafda dönüş mərhələsidir və bu da kənar işçi qüvvəsinin ölkəyə gəlməsində özünü göstərir".

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu