Daha bir gənc seçkidə gücünü sınayacaq:“İnsanlara xidmət şərəfli işdir”

 
Bələdiyyə seçkilərində iştirak etmək barədə hələ ötən ildən düşünürdüm. Bu mənada Xətai rayonu 34 saylı ikinci seçki dairəsindən öz namizədliyimi irəli sürdüm və imza topladıqdan sonra namizədliyim təsdiqləndi”. 

Bu sözləri “Sherg.az”a gənc politoloq Rusif Məmmədsoy bildirib. O qeyd edib ki, bələdiyyə seçkiləri həm gənc siyasətçilər üçün bir tramplindir, həm də dairə sakinlərinə xidmət etmək şərəfidir:

“Bunlar məni bu marafonda sınamağa vadar edən əsas amillərdəndir. Bundan əlavə ətrafımdakı insanlar da mənim namizədliyimi irəli sürməyimi dəstəkləyirdilər. Bələdiyyə seçkiləri ilə bağlı geniş bir kampaniya planlaşdırırıq. Hansı ki, bir  gənc olaraq, tələbə olaraq əlimdə olan kiçik resurslarla bunları həyata keçirə bilsək, artıq öz qələbəmizi qeyd edə bilərik”.



R.Məmmədsoy diqqətə çatdırıb ki, bələdiyyəmizlə bağlı problemlər olduqca böyükdür:

“1999-cu ildən bəri bu problemlər öz həllini gözləsə də, nədənsə xalq tərəfindən seçilən həmin bələdiyyə üzvləri bu mənada hər hansı müsbət dəyişikliklər edə bilməyiblər. Bu səbəbdən də gənclərin daha enerjili, daha çevik olduğunu nəzərə alaraq seçkilərdə iştiraklarını dəstəkləyirəm. İnsanların da həmin gənclərə, bizlərə etimad göstərməsini gözləyirik.

Ölkə üzrə problemlərdən ən başlıcası bələdiyyə üzvlərinin yalnız torpaq və əmlak vergisi almaqla kifayətlənməsidir. Onlar elə düşünür ki, bununla da işləri bitir. Əgər belədirsə, bu zaman bələdiyyə nəyə lazımdır? Həmin işləri İcra Hakimiyyəti orqanları və s. qurumlar da həyata keçirə bilər. Bələdiyyələr yerli özünüidarəetmə orqanları olmaqla yanaşı, eyni zamanda yerlərdə insanlarla ən yaxın ünsiyyətdə olan bir qurumdur. Bu mənada müsbət və ya mənfi ictimai rəyin formalaşmasında birbaşa iştirak edirlər. Bu səbəbdən də ölkə rəhbərliyi də bələdiyyələrin fəaliyyətində maraqlıdır və gündəlikdə yer alır”. 

Poltoloq vurğulayıb ki, bələdiyyələrimizin statusu olduqca aşağıdır: 

Lakin, bələdiyyələr səlahiyyətlərinin genişlənməsində hər hansı aktivlik nümayiş etdirmirlər. Bələdiyyə üzvləri insanlarla daima ünsiyyətdə olmalı, mütəmadi şəkildə təklif və layihələr irəli sürməlidir. Yerlərdə insanların əksəriyyəti bələdiyyə sədrini tanımır. Bu mənada əgər həqiqətən də hər hansı işlər görülürsə mütləq şəkildə təbliğatı gücləndirməlidirlər. İnsanların bələdiyyələrə inamını bərpa etməlidirlər. Bizim təklif və layihələrimizin əsas hissəsi məhz bələdiyyənin statusunun artırılması ilə bağlıdır. Bu mənada Mənzil İstismar Sahələrinin (MİS)ləğv edilməsi və həmin qurumların bələdiyyələrin nəzarətinə keçməsini təklif edirik. Bununla da bələdiyyənin müəyyən mənada statusu artırıla bilər. Çünki həmin MİS-lərin əsas işlərindən biri də zibilliklərə nəzarətdir. Lakin göründüyü kimi, bununla da ciddi məşğul olunmur. Bizim dairədə elə ərazilər var ki, bu, birmənalı şəkildə ekoloji terrordur”. 

Müsahibimiz onu da əlavə edib ki, küçə heyvanlarının da qayğısına qalmaq mütləqdir:

“Dairəmizdə axşam saatlarında küçədə rahat gəzmək mümkün deyil. Sahibsiz küçə heyvanları olduqca çoxdur. Onaların, tibbi müayinədən keçməsinə, xüsusi yerlərdə saxlanılmasına şərait yaratmaq lazımdır. Çox təəssüf ki, bələdiyyələrimiz burada da laqeydlik göstərir. Ölkəmizdə aparılan gəncləşdirmə siyasətinin məntiqi davamı kimi bu il seçkilərdə qalib gələcəyimə əminəm. İnsanlara vicdanla xidmət edəcəyimə, onları bir çox problemlərdən xilas edəcəyimə inanıram. Onlar da mənə inanır və dəstəkləyir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu