Bibiheybət yolunun çöküşü: Bakı əhalisi üçün yağış qan-qarğışdı - AKTUAL

Paytaxtımızın məğlubedilməz düşməni – yağış, şəhər üzərində yenə qələbə çaldı.  Əməlli işə düşmüşük. Yağışın yağması, adətən bərəkət, nur hesab olunur. Bakı əhalisi üçünsə yağış qan-qarğışdı.  Yağışa həsrət qalan ölkələr, susuz səhralar var. Bizsə, “ay, amandı bizə yağış göndərmə” duaları edirik, həm də lap ürəkdən. Çünki yağışın bəlalarından xilas ola bilmirik. 

Bir neçə saatlıq yağıntı kifayət edir ki, şəhər iflic olsun. Küçələr, yollar dəryaya  dönsün. 

Budəfəki yağış isə lap betər oldu. 

Torpaq sürüşməsi, yollarda çatlar, işıq, qaz, su problemi... Qəzalar. 

Bibiheybətdə sürüşmə


Bəxtimiz gətirmədi. Noyabrın 20-dən başlayan yağış qısa fasilələrlə hələ də davam edir. Ötən həftənin şənbə və bazar günü boyunca yağıntı daha da intensivləşdi, nəticədə paytaxtın avtomobil yolları keçilməz oldu, "Sədərək" ticarət mərkəzini su basdı, ticarət mərkəzinin qarşısında kanalizasiya xətlərinin də işləməməsi gölməçələrin yaranmasına gətirib çıxardı, bir neçə avtomobil gölməçələrin altında qaldı.

Getdikcə qəzaların miqyası böyüdü. Bibiheybət yolu çökdü. Noyabrın 24-ü axşamdan Bakının mərkəzi ilə Bibiheybət qəsəbəsini birləşdirən və bir neçə il əvvəl salınan yolda sürüşmə baş verdi.

Sürüşmə zamanı torpaq qatı və iri daşlar yamaca tökülüb və orada park edilmiş "Mersedes" markalı avtomobili yararsız vəziyyətə saldı.
Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza baş verdi. 

Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post patrul əməkdaşları və təcili yardım cəlb edilib.



Maşınlar necə hərəkət edəcək?  


Onsuz da yollarımız tıxacdan əskik olmur. Yağışlı havada isə vəziyyət daha da kritikləşir. Yolları su basdığından hərəkət intensivliyi minimuma enir, tıxaclar daha da artır. Bakı-Salyan yolunun çökməsi isə bu ərazi ilə avtomobillərin hərəkətinin dayandırılmasını zəruri edib. Xüsusilə bütün yük avtomobillərinin Bakı-Salyan yolunun 14 km-liyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb.
Bəs avtomobillər hansı yolla hərəkət edəcək? Hazırda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir. Hərəkət əsasən köhnə yolla – “20-ci sahə” adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayon ərazisindən keçməklə hərəkətə davam edə biləcək:

“Bu əraziyə yaxın yerlərdə yaşayan sürücülər üçün müvafiq yol nişanları qoymaqla onların təhlükəsiz hərəkəti təmin ediləcək. Dövlət Neft Şirkətinin bu ərazidə olan fəaliyyətində istifadə etdiyi texniki vasitələrin də hərəkət istiqaməti təyin edilib. Onlar 20-ci sahə dairəsindən və ya Bayıl qəsəbə daxilindən keçməklə hərəkətə davam edə biləcəklər. Hazırda vəziyyəti nəzərə alaraq sürücülərdən paytaxt istiqamətindən mərkəzə doğru hərəkət edərkən 3-cü dairəvi yolla hərəkətlərini davam etdirmələrini xahiş edirik.


Sürüşmə nədən baş verib?


Baş nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə baş verən əraziyə gələrək, hadisə yerinə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidmətinin rəisi Əziz Qaralov isə bildirib ki, Bayıl ərazisi sürüşməyə meyilli olduğundan ciddi nəzarətdə saxlanılır. Ə.Qaralovun sözlərinə görə, 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında sürüşmə baş vermişdi:

“Bu sürüşmələrin bir-biri ilə əlaqəli olduğunu demək mümkün olmasa da, xatırladım ki, oktyabr ayında Badamdar ərazisində sürüşmə baş verib. Dünən axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub. Təxminən yolun 80-100 metrlik hissəsi uçub.
Prosesə insan amili səbəb olub. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir və yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur.
Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artır və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə yenidən baş verib”.


Drenaj, estakada üsulundan istifadə edilməlidir


Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov “Şərq”ə açıqlamasında təhlükəli olduğu təsdiqlənən ərazilərdə aparılan işlərdə bu amilin nəzərə alınmasını vacib saydığını dedi: 

“Son illərdə regionlarda, həmçinin paytaxt yollarında da əsaslı təmir işləri aparılır, yeni yollar salınır. Amma elə ərazilər var ki, geoloji quruluş, relyef baxımından istənilən nəticəni əldə etmək olmur. Bu, yerin altı ilə əlaqəlidir. Yollar çəkilərkən yerin alt qatı ilə bağlı ciddi təhqiqat aparılmalıdır. Süxurların vəziyyəti öyrənilməlidir. Salınacaq yolun yatağı möhkəm olmalıdır. Yol tikintisində istifadə edilən materiallar ərazinin tələblərinə cavab vermir. Bəzən də elə materiallardan istifadə olunur ki, sızılmaya məruz qalanda çatlar əmələ gətirir. Birləşdirici materiallara vurulan qatqıların tərkibi də uyğun olmalıdır. Təhlükəli ocaqlarda standartlara uyğun özüllər yaradılmalıdır. Əsas problemlərdən biri qrunt sularının axarları və kanalizasiya sistemidir. Yeraltı sular hardansa axmalıdır da. Suyun axarı olmadığı üçün vurub hardansa çıxır. Torpaq qatı tədricən yuyulur, nəhayət çökmə baş verir. Hamımız görürük ki, yağış yağanda şəhərdə böyük problem yaşanır.



Suyun əsas kanalizasiya xəttinə ötürülməsi üçün xüsusi axarlar olmalıdır. Kanalizasiya sistemi düzgün qurulmalıdır. Dəqiq tədqiq edilməlidir ki, sürüşmə, çökməyə səbəb nədir. Səhlənkarlıqdır, yoxsa təbii amillər. Çünki sürüşmə, çökmə prosesi tez-tez təkrarlanır. Bunun səbəbi bilinməlidir və ona uyğun da tədbirlər planı işlənməlidir. Yağış, sürüşmə problemi tək Bakı üçün xarakterik deyil. Dünyada belə təhlükəli ərazilər var. Yağış bol olanda ən inkişaf etmiş ölkələrdə də problem yaşanır. Amma məsələ problemdən çıxış yolunun tapılmasıdır. Bir sıra ölkələrdə məhz təhlükə riskini azaltmaq üçün dərin drenaj və estakada üsulundan istifadə edilir ki, bədbəxt hadisələr təkrarlanmasın. Əgər hansısa ərazi sürüşmə təhlükəsi altındadırsa, orada iş aparılarkən bu amil gözardı edilməməlidir. Artıq məlumdur ki, Bayıl yamacı, Bibiheybət, Əhmədli, Günəşli, Zığ şossesi aktiv sürüşmə zonalarıdır. Belədirsə, o ərazilərdəki işlər yerin quruluşuna görə aparılmalıdır".

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu