"Mehriban xanım Azərbaycanı dünyaya yüksək səviyyədə tanıdır" - MÜSAHİBƏ

Gövhər Baxşəliyeva: "Bu, bizim ölkə üçün hava və su kimi lazımi işdir"

Akademik, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Şərq”ə danışıb. Xanım parlamentari ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində görülən işlər və başqa məsələlər  ətrafında müakirə apardıq.  

 Söhbəti təqdim edirik. 

- Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfəri nə ilə yadda qaldı və bu səfərin ölkəmiz üçün töhfəsi nədən ibarət olacaq?

-Mehriban xanımın gördüyü böyük işləri, yaratdığı siyasi və humanitar əlaqələri yüksək qiymətləndirirəm. Rusiya Azərbaycanın böyük qonşusudur. Dünyada superdövlətlərdən biridir. Bu, bir reallıqdır və o reallığı qəbul etməliyik. Tarixən Rusiya ilə Azərbaycanı çoxsaylı tellər bağlayıb. Ona görə də, biz Rusiya kimi böyük qonşu ilə daim mehriban qonşuluq siyasəti həyata keçirməliyik. Şübhəsiz ki, Azərbaycanın indiki iqtidarı bu siyasəti tam həyata keçirir. Bu mənada hörmətli Mehriban xanımın Rusiya səfərini müsbət qiymətləndirirəm.

-Birinci vitse-prezidentin məlum səfəri olduqca müsbət rezonans yaratdı... 

-Azərbaycanlı xanımın, Şərq xanımının ölkəmizi belə yüksək səviyyədə təmsil etməsi qürurverici haldır. Rusiya prezidenti Vladimir Putin Mehriban xanımı qəbul etdi,  “Dostluq” ordeni ilə təltif edərək şəxsən özü mükafatı ona təqdim etdi.  Bundan başqa, Mehriban xanım baş nazir Dmitri Medvedyevlə danışıqlar apardı. Valentina Matviyenko ilə görüşdü. Moskvada “X Azərbaycan-Rusiya Regionlararası Forum”da iştirak etdi. Azərbaycanı, Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etdi. 

-Mehriban xanımın Birinci vitse-prezident seçilməsi ölkədə bir etalon, stimul rolunu oynadı...

 -Azərbaycan xanımlarının vəzifəyə gətirilməsi məsələsi ilə bağlı hələ ulu öndər Heydər Əliyevin dövründə çox böyük irəliləyişlər oldu. Heydər Əliyev qadınlara həmişə xüsusi hörmət və ehtiramla yanaşıb. 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə qadınlar qarşısında çıxışlar edirdi. Öz dolğun ifadələri ilə qadınları göylərə qaldırırdı. Ümumilli liderin prezidentliyi dönəmində sərəncam imzalandı ki, bütün icra orqanlarında müavinlərdən biri qadın olsun. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. İndi də biz Mehriban xanımın simasında  görürük ki, Azərbaycan qadını, xanımı hansı işlərə qadirdir və hansı  keyfiyyətlərə malikdir. Mehriban xanımın vətənpərvərliyi, milliliyi, onun vətən sevgisi qadınlarımız üçün böyük stimul və örnəkdir.

-Azərbaycanın, Azərbaycan həqiqətlərinin, mədəniyyət və incəsənətimizin dünyada tanıdılması istiqamətində Mehriban xanımın əvəzsiz xidmətləri var...

-Doğrudur.  Ümumiyyətlə, Mehriban xanım Azərbaycanı dünyada tanıtmaq üçün böyük  işlər görüb, bu gün də görür. Mehriban xanım Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində iştirak etdi. Olduqca təqdirəlayiq addımdır. Azərbaycanı yüksək səviyyədə tanıtmaq, digər ölkələri Azərbaycanla əməkdaşlığa dəvət etmək bizim ölkə üçün hava və su kimi lazımdır. Azərbaycan xalqının mədəniyyət və incəsənətini dünyada tanıtmaq asan məsələ deyil. Bəziləri deyirlər ki, tutalım, Romada hansısa katakombanı təmir etmək nəyimizə gərəkdir. Amma onlar bu addımın fəlsəfəsini anlamırlar. Həmin şəxslər bilməlidirlər ki, bütün bunlar Azərbaycanın digər ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasına xidmət edir. Bu gün dünyada Azərbaycana dəstək axtarırıq. Ümdə  məqsədimiz Qarabağ məsələsinin bizim xeyrimizə çözülməsinə nail olmaqdır. Bunun üçün Prezident və Birinci vitse-prezident mümkün olan, hətta mümkün olmayan addımları atır və böyük miqyaslı işlər görürlər. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu