Cümhuriyyətin yadigarı: BDU 100 il ərzində möhtəşəm bir yol qət edib

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Ölkə başçısı çıxışı zamanı bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib:

“Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib”.



Tarixçi alim: "19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərində Azərbaycanda yetişən fikir babaları heç ABŞ-da, London və Britaniyada yetişməmişdi"


Prezidentin çıxışı ilə bağlı Sherg.az-a danışan tarixçi-alim Dilavər Əzimli bildirib ki, müasir tədqiqatlar Cümhuriyyət dövrünə qədər Azərbaycanda 700-dən artıq  ali savadlı insanların olduğunu sübut edir:

“Bu insalar müxtəlif sahələr ürzə təhsil almışdılar. Sovet dönəmində belə bir məqamı qeyd edirdilər ki, “kim ki Sankt-Peterburqda oxumayıb həmin insanlar savadsızdır”. Amma unutmaq lazım deyil ki, bir zamanlar mövcud olan mədrəsə təhsil sistemi olduqca güclü idi. Bu təhsilin nəhəng simaları olub. Cəmaləddin Əfqani, Mirzə Fətəli Axundov kimi şəxslər də mədrəsə təhsili alıblar. 19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərində Azərbaycanda yetişən fikir babaları heç ABŞ-da, London və Britaniyada yetişməmişdi. Azərbaycandakı fikir adamları dünya səviyyəli idilər. Onlar M.F.Axundov və Həsən bəy Zərdabi məktəbindən keçiblər. Əli bəy Hüsyenzadə, Əlimərdan bəy Topçubaşov da belə şəxsiyyətlərdən idilər. Hesab edirəm ki, mədrəsə təhsili hesabına Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Əgər dövləti savadsız cəmiyyət qursaydı, həmin dövlət analoqu olmayan dövlətə çevrilməzdi. Bu baxımdan ölkə başçısının söylədiklərinə böyük həqiqətlər var”.

Tarixçi qeyd edib ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Bakı Dövlət Universitetinin əsası qoyuldu:

“Bakı Dövlət Universiteti 100 il ərzində möhtəşəm bir yol qət edib. Nəzərdə tutulurdu ki, universitet dünyəvi təhsil sisteminə görə Avropa standartlarına tam uyğun şəkildə qurulsun. BDU möhtəşəm insanları yetişdirdi, bu təhsil ocağından böyük diplomatlar, dövlət xadimləri çıxdı. İstərdim ki, BDU bu özəlliyini sona qədər qoruyub saxlaya bilsin. Mən də BDU-nun yetirməsiyəm və oradan alimlik dərəcəsi almışam. Fəxr edirəm ki, məhz bu universitetdən məzun olmuşam. BDU-da mənə nəhəg simalar dərs deyib. BDU mənim üçün çox doğma və əzizdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu