Türkiyə səfirliyinin mətbuat müşaviri “Şərq”i ziyarət edib

 Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan “Şərq” qəzetinin qonağı olub. Redaksiyamıza təşrif buyuran Türkiyəli qonağı məmnunluqla qarşılayan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öncə qəzetin tarixi, fəaliyyəti və kollektivi haqqında Hüseyin Altınalana  məlumat verib.




Baş redaktor bildirib ki, 23 ildir fəaliyyət göstərən “Şərq” qəzeti türkçü və millli mətbu orqan kimi Azərbaycanın mətbuat həyatında önəmli yerə sahibdir. A.Aşırlı “Şərq” qəzetinin Türkiyə gündəmini də yaxından izlədiyini bildirib və qardaş ölkədəki ictimai-siyasi proseslərin daim diqqət mərkəzində olduğunu vurğulayıb:




“Türkiyə mətbuatını hər gün izləyirəm. Eyni tarixi, eyni dili paylaşırıq və eyni soy-kökə məxsus bir millətik. Bizi kimsə ayıra bilməz. Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir. Qardaş ölkə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”.

Baş redaktor Azərbaycan “Türk ocağı”nın Bakıda yenidən bərpa olunması barədə də qonağa qısa məlumat verib. 

Hüseyin Altınalan da öz növbəsində dəvət və qarşılamaya görə Akif Aşırlıya təşəkkürünü bildirib. Qonaq qəzetçi olduğu üçün mətbuatın problemlərinə yaxından bələd olduğunu söyləyib:

“Mətbuatda gedən ən sadə bir cümlə böyük təsir gücünə malikdir. Ona görə də mətbuatı diqqətə almaq lazımdır”. Müşavir əlavə edib ki, güclü Azərbaycan, güclü Türkiyə deməkdir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan keçən ay Bakıda çıxışı zamanı bir məqamı qeyd etdi. Dövlət başçısı vurğuladı ki, “Biz artıq “bir millət, iki dövlət” yox, “6 dövlət, bir millətik”. Bu, həqiqətən, çox önəmli mesajdır. Nə qədər birlik olsaq, bir olmağı bacarsaq, qazanan tərəf biz olacağıq”. 

Daha sonra müşavir “Şərq” qəzetinin nəzdində yaradılmış “Mətbuat Muzeyi” ilə tanış olub. Muzeyin ərsəyə gəlməsi haqda qonağa məlumat verən baş redaktor Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar haqqında ətraflı danışıb. Muzeylə yaxından tanış olan qonaq görülən işlərdən məmnunluq ifadə edərək, mühüm işə görə A.Aşırlıya təşəkkürünü ifadə edib. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu