Universitetlərin paytaxtdan kənara köçürülməsi müsbətdir: Amma problemlər də olacaq

Ali məktəblərin şəhər kənarına köçürülməsi yaxın zamanda reallaşa bilər. Bu məsələ Bakının Baş Planına daxildir. Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi əksini tapıb. Baş Planın müzakirələri zamanı Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, paytaxtdakı sıxlıq, tıxacların yaratdığı nəqliyyat problemləri nəzərə alındıqda ali məktəblərin şəhər kənarına köçürülməsi məqsədəuyğundur. Amma bunun üçün həmin ərazilərdə normal şərait yaradılmalı, metro stansiyaları da olmalıdır. Bu halda tələbələrin dərslərə rahat gediş-gəlişi təmin ediləcək.   

Ali məktəblərin şəhərdən kənara köçürülməsi illərdir mütəxəssislər tərəfindən səsləndirilir. Ali məktəblərin köçürüləcəyi ərazilərdə yataqxanaların, kampusların tikilməsi, tələbələrin tələbatını ödəyəcək infrastrukturların, sosial obyektlərin olmasının vacibliyi də vurğulanır. Yəni təkcə ali məktəbləri köçürməklə iş bitmiş hesab edilməməlidir. Həmin ərazilər şəhərcik halına gətirilməlidir ki, tələbələr tez-tez şəhər mərkəzinə qayıtmalı olmasın. Ali məktəblərin köçürülməsi ilə nəqliyyatın sıxlığı probleminin böyük ölçüdə həll olunacağı da şəksizdir.      



Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında universitetlətin şəhərdən kənara köçürülməsinin mühüm addım olacağını dedi:

"Xatırlatmaq istəyirəm ki, indi şəhərin mərkəzində olan universitetlər, ilk vaxtlar, yəni tikildiyi dövrlərdə elə şəhərin kənarında idi. Sonradan onların ətrafında yaşayış binaları salınmağa başlandı. 

Hesab edirəm ki, təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur. Amma indi bunların həyata keçirilməsi olduqca çətindir. Danılmaz faktdır ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını dərsə maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır. Ona görə də  ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Dərslər başlayandan sonra  pik saatlarda nəqliyyatın vəziyyətini təhlil etdiyimiz zaman məlum olur ki, tıxacların yaranmasının əsas səbəblərindən biri tələbələrin öz avtomobillərindən istifadə edərək universitetlərə gəlməsidir. Ona görə də təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi tıxacların azalmasına müsbət təsir göstərə bilər. 

Əlbəttə ki, universitetlərin paytaxtdan kənara köçürülməsi mühüm addımdır. Bu zaman müəyyən problemlər də ortaya çıxa bilər. Lakin bütün hallarda önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından asılı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir.
Xatırlatmaq istəyirəm ki, universitetlərin şəhərin mərkəzindən kənarlara köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Qonşu Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilirlər. Deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Hazırkı şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək.

Lakin K.Əsədov bu ideyanın yaxın vaxtlarda reallaşmasının çətin olduğunu da bildirdi: 

"Neftdən gələn gəlirlər ciddi şəkildə azaldığı, dövlət büdcəsində müəyyən ixtisarlar həyata keçirildiyi üçün bu tip iri tutumlu layihələrin reallaşması yaxın illərdə hesab edirəm ki, mümkün olmayacaq. Hesab edirəm ki, əgər bu layihə reallaşsa, ilk növbədə bir-birindən uzaq məsafədə tədris binaları olan universitetləri vahid bir yerə köçürmək mümkündür. Bu tip ali təhsil müəssisələri İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Məhz bu ali təhsil müəssisələri sadaladığım problemlərin daha çox yaşandığı nüanslara uyğundur. Şəhərin mərkəzində yerləşirlər və tıxacların yaranmasına səbəb olurlar, həm də tədris binaları ayrı-ayrı yerlərdədir. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu