"TANAP Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir" - Deputat

2019-cu ilin 30 noyabrında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Avrasiya məkanında mühüm enerji layihələrindən biri olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunları qeyd edib: 
“Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür”.



Trans-Anadolu qaz kəmərinin (TANAP) Avrasiya məkanında mühüm enerji layihələrindən biri olduğunu söyləyən millət vəkili Rauf Əliyev “Sherg.az”a söyləyib ki,  TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir:

“Cənub Qaz dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü – “Şahdəniz və Cənub Qafqaz Boru kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminən ki, TAP –da vaxtında istifadəyə veriləcək. Beləliklə Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir. TANAP “Cənub Qaz Dəhlizi” nin tərkib hissəsi olaraq “Şahdəniz-2” yatağından çıxan qazı Türkiyə və bu ölkədən Avropaya nəql edən bir layihədir. TANAP Türkiyə -Gürcüstan sərhədində Cənub Qaqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans- Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1800 km TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrdək artırılması nəzərdə tutulub. 

Bu layihə Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin nəticəsidir və eyni zamanda bu layihə digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırılır. Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir və bu layihə artıq beynəlxalq əməkdaşlıq layihəsidir.

Bu layihə çərçivəsində hasil olunacaq təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanstan, Bolqarıstan, Albaniya ərazisindən keçməklə və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdırılacaq.

Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu layihə geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bir layihədir. TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır.

Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu