Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

"Minsk Qrupu ölkələri vasitəçidən daha artıq düşmənin qapıçısı rolunu oynamaqdadır"



"Peşəkarlıqla sürət üst-üstə düşmür. Xəbər artıq çörəkdir və onun dadı-duzu, yəni durğu işarələri olmadan da “yeməyə”  çalışırlar. Bu sahə bir növ  daha özfəaliyyət üçün yararlı meydan kimi görünür"



Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Şərq”in suallarını cavablandırıb. Onunla STM-nin yaranmasını zəruri edən amillər, qurumun fəaliyyət istiqamətləri, görülən və görüləcək işlərdən danışdıq. Bundan başqa qurum sözçüsü ilə jurnalistlərin peşəkarlıq səviyyəsi, ölkədə xarici dilli media ilə bağlı mövcud problemlərə diqqət çəkdik. Eyni zamanda Birinci vitse-prezidentin Rusiya səfəri, səfərin verdiyi töhfə, ölkədə aparılan kadr və struktur islahatlarına toxunduq. 

Həmçinin ekspertlə Dağlıq Qarabağın işğaldan azad edilməsi yolları, Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatlar, İran  və Gürcüstanda cərəyan edən mübhəm proseslərə aydınlıq gətirdik. 

- Sosial Tədqiqatlar Mərkəzinin yaradılması hansı zərurətdən doğdu və bu gün Mərkəz gözlənilən, nəzərdə tutulan töhfəsini verə bilirmi?

- Bilirsiniz ki, ölkənin ictimai-siyasi həyatında xüsusi mərhələ Prezident İlham Əliyevin bu ilin 11 yanvar  tarixli müşavirəsindən sonra başladı. Paralellər aparsaq, görərik ki, il ərzində baş vermiş böyük və çoxvektorlu dəyişikliklərin siqnalı məhz  həmin gün səslənən fikirlərdəki mesajlarda idi. Ölkə rəhbəri dünyada və regionda baş verənlərin Azərbaycana da müəyyən təsirləri ilə bağlı fikirlərini bölüşdü, eyni zamanda dövlətin  xarici və daxili siyasətinin mütləq xalqla müzakirə edilməsini, hesabatlı bir yanaşmanın vacibliyini vurğuladı. Dövlət və vətəndaş cəmiyyəti arasında  xüsusi institutlaşmış təsisatların gərəkliyini ifadə etdi, ictimai rəyin xüsusi əhəmiyyətinin olduğunu diqqətə çatdırdı, bir sözlə, ictimai rəy dövlətinin yaradılmasına başlandığını bildirdi. Başqa bir mənada, beyin mərkəzlərinin dövrünün yetişdiyini elan etdi. Ümumiyyətlə, həmin günə qədər mövcud olan dövlət qurumları ilə vətəndaşlar arasındakı ənənəvi münasibətin dəyişməsi artıq yeni dövrün reallıqları idi. Dünyada bir əsrə yaxındır ki, beyin mərkəzləri dövlətlə iç-içə iş görür, cəmiyyətdaxili düşüncələri araşdırır, layihələşdirir və dövlətə təqdim edir. O həm sorğular vasitəsilə cəmiyyətin görünməyən, gizli kəsimlərinə nüfuz edir, həm də  vətəndaşın dövlətə qədərki müraciət etdiyi, fikrini bölüşdüyü quruma çevrilir. Bizdə həm bu praktika yox idi, həm də əlbəttə, dövlətin vətəndaşlara xidmət göstərən müvafiq qurumları olsa da, məhz bu formada - peşəkar beyin mərkəzi modeli mövcud deyildi. Ən ciddi detal isə illərdir, Azərbaycanda sorğu işi aparan qurumların, beyin mərkəzlərinin demək olar ki, hamısı xaricə məxsus idi, illər boyu ölkəmizlə bağlı ciddi data-bazalar depolaya bilmişdilər.
STM bütövlükdə götürülmüş məsələləri həll etmək üçün yuxarıda sadaladığım məqsədlərə görə, Azərbaycan Prezidentinin 8 fevral tarixli  fərmanı ilə təsis edildi.
Elə nizamnaməsinə görə də Sosial Tədqiqatlar Mərkəzi - Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Mərkəz ötən 10 ay müddətində kadr bazasını formalaşdıra bildi, texniki təchizatını müəyyən qədər tamamladı. Sorğu sənədlərinin işlənməsində son texnologiyanı  tətbiq edərək, dövlətə, onun qurumlarına açıq və qapalı arayışlar hazırlayır, sorğu sənədləri, hesabatlar vasitəsilə fəaliyyətini ifadə edir. Əlbəttə, yarandığı elə uzun müddət olmasa da, bu dövrdə yüzlərlə sənədimiz dövlətin müvafiq strukturlarına göndərilib. “Azərbaycan barometri” jurnalının sentyabr buraxılışında  “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” hesabatı təqdim edildi. Və ictimaiyyətdə olduqca böyük maraq doğurdu, ardınca oktyabr ayı üçün çap edilən “İnam indeksi” jurnalının xüsusi buraxılışında "Prezidentin fəaliyyəti ictimai rəydə" hesabatı dərc edildi.
Hazırda ikipilləli təhsil, mətbuat xidmətləri və s. qapalı sorğular  üzərində ciddi iş gedir. Hörmətli dövlət başçısı çıxışlarında dəfələrlə STM-nin sorğularına istinad edib.  Bu, bizim fəaliyyətimizə verilən çox yüksək qiymətdir.

- Davamlı olaraq, "Facebook"da sorğular keçirirsiniz daha doğrusu, sorğu xarakterli suallar ünvanlayırsınız.  STM bütün sorğuları sosial media üzərindənmi aparır? Ümumən, hər hansı bir sosial məsələ ilə bağlı ictimai rəy necə öyrənilir?

- Sosial şəbəkələr üzərindən şəxsi olaraq (STM-lə bağlılığı yoxdur) keçirdiyim sorğuların əsas məqsədi fikir alternativlərini tapmaq, yazılarda istifadə etmək və ümumi tendensiyanı müəyyənləşdirməkdir. Şübhəsiz ki, bu sorğuların inam dərəcəsi, nəticəliliyi düzgün ola da bilər, olmaya da bilər, yəni,  obyektiv olması mümkün deyil. Amma STM-nin rəy sorğularını öyrənən xüsusi şöbəsi -  İctimai Rəyin öyrənilməsi Departamenti  mövcuddur və əvvəlcə maraq qrupunun dairəsi müəyyənləşdirilir, sorğuları üzbəüz, planşetlərə, məxfiliyi qorumaqla və ən əsası təsadüfi seçmə yolu ilə aparırlar. Hansı ki, bu metodla səhv dərəcəsi, xəta əmsalı üç faiz civarındadır.

- Qeyd etdiniz ki, cənab Prezident çıxışlarında STM-nin sorğusuna istinad edib. Bu, deməyə, düşünməyə əsas verirmi ki, artıq STM özünü doğruldub?

- Artıq dəfələrlə cənab Prezident tərəfindən hesabatlarımıza istinad edilir. Əlbəttə,  ölkə rəhbərinə müxtəlif mənbələrdən, hətta sosial şəbəkələrdən və xalqla təmaslardan məlumatlar daxil olur. Amma sırf beyin mərkəzinin hazırladığı sənədlər ictimai rəyi əks etdirdiyi üçün və ən əsası hesabatları müstəqil şəkildə, ikinci bir təsir olmadan birbaşa hazırladığı üçün, boyasız, alternativlərlə dolu təqdim etdiyi üçün fərqlənir. Və ölkə rəhbərinin də etimadını məhz bu amillərə görə qazana bilib. Cəmiyyətdə nə baş verirsə, mütləq bizim xüsusi arayışlarımız, araşdırmalarımız  dövlətə göndərilir. Hörmətli Zahid müəllimin rəhbərliyi ilə formalaşan peşəkar kollektiv olduqca sürətli və əməkçiliyi ilə seçilir. Həm fəaliyyətin yüksəkliyi, həm sənədlərin peşəkar hazırlanması dövlət rəhbərinin diqqətini cəlb etdi. Qarşıda daha böyük işlərimiz var: Artıq STM-nin özünü doğrultmasını tam əminliklə demək lazımdır.

- Media ilə STM arasında təmasları necə qurursunuz və bu təmaslarda daha hansı yeniliklərə imza atmağı düşünürsünüz?

- STM-nin Mətbuat Xidməti yarandığı gündən media ilə işini yüksək səviyyədə qurub. Tədbirlərimizə media mənsublarının dəvəti, press-relizlərimizin yayımı, canlı efirlərdə STM əməkdaşlarının iştirakının təmin edilməsi də bu sıradadır. STM-nin MX öz işlərini tam yüksək standartla qurmaq üçün əməkdaşlarının xüsusi proqramlarla işləyə bilməsi üçün təlimlərə cəlb edir, həftəlik, aylıq, rüblük və xüsusi hallar üçün media hesabatları hazırlayır. Sosial mediada və mediada publik fikri öyrənir, sənədlər hazırlayır. Amma düşünürük ki, MX olaraq xüsusi onlayn tətbiqimizi hazırlayaq, media ilə daha operativ işləmək üçün ayrıca platforma yaradaq və media nümayəndələri ilə birlikdə layihələr icra edək. 

- STM TV də fəaliyyət göstərir. Bu internet televiziyasının yaradılmasında qayə, məqsəd, hədəf nədən ibarətdir?

- STM TV  adı ilə onlayn televiziya yaratmışıq, amma hələ ki, tam olaraq texniki quruculuq işləri aparılır deyə, yayımları mütəmadi apara bilmirik. Amma onlar qısa müddətdə efir üzü görməyə mane olacaq detallar deyil.
Bu televiziyada 8-10 proqram nəzərdə tutmuşuq. Ora aiddi canlı efirlər, diskusiyalar, debatlar, qonaqlı efirlər, sujetlər, sənədli filmlərin hazırlanması, xüsusi məsələlərə həsr edilmiş ekspert düşüncələri, STM fəaliyyətinə aid məsələlərin müzakirəsi və s. Eyni zamanda da gündəmin, ölkənin sosial, siyasi, ictimai mənzərəsinin müzakirəsi də aparılacaq. İlk addım kimi əsas “Youtube” müstəvisində və “Facebook” üzərindən işlərimizi quracağıq. Düşünürəm ki, bir  il ərzində ölkənin böyük sosial media platformalarından birini yarada biləcəyik.

- İllərdir, mediadasınız, redaktor, baş redaktor kimi də fəaliyyət göstərmisiniz. Azərbaycan mediasında jurnalistlərin peşəkarlıq səviyyəsini necə dəyərləndirirsiniz? 

- Peşəkarlıqla müasir media Azərbaycanda təəssüf  ki, üst-üstə düşmür. Fikir verin, gənclər arasında çox az sayda peşəkarlar var. Amma yaşlı nəsil jurnalistlər tamamilə işinin ustasıdır.  İkinci bir müşahidəmi deyim  ki, mediadakı peşəkarların əksəriyyəti jurnalistika ixtisasına sahib deyillər, amma sahib olanların da böyük əksəriyyəti hazırlıqlı durumda deyil. Demək ki, universitetlərin də bu sahədə ciddi problemləri var. Digər məsələ, hər kəsin mediaya çıxışının olması və media məqsədinə aid olmayan xüsusi planlarını icra etmək üçün asan platforma olmasıdır. Bu da medianın kiminsə şəxsi məqsədlərindən asılı olması deməkdir. Digər  ciddi problem texniki yanaşma ilə bağlıdır. Peşəkarlıqla sürət üst-üstə düşmür. Xəbər artıq çörəkdir və onun dadı-duzu, yəni durğu işarələri olmadan da “yeməyə”  çalışırlar. Bu sahə bir növ daha özfəaliyyət üçün yararlı meydan kimi görünür. Təəssüf  ki, axtarsan çox az normal səviyyədə araşdırma yazısı, reportaj, oçerk tapa bilərsən. Ayrıca, mediada məzmun  amili də ürəkaçan səviyyədə  deyil, cəmiyyətin arzularına işıq tutan, qələm yaradıcılığını nümayiş etdirən mətnlər də yoxdur. Arada bir olması da çarə deyil. Bulvar düşüncəsi, qurşaqdan aşağı yazılar isə media deyil, şoudur, şou isə yaradıcılıq sahəsi ola bilməz.

- Azərbaycanda xarici dilli media sahəsi ilə bağlı boşluğun olduğu iddia olunur. Razısınızmı və bu məsələni necə tənzimləmək olar?

- Əlbəttə, bu sahədə ciddi boşluq və problemlər var. Yeganə doğru yanaşma Azərbaycan diaspor təşkilatları ilə olduqları ölkələrdə iş aparmaq olar.
Baxın, Rusiyada, ABŞ-da, Avropada, hətta Argentina və Hindistanda belə mediaya ayaq bassan, mütləq bir erməni görəcəksən. İranda ermənilərin onlarla qəzeti, radio, televiziyası mövcuddur. Amma bizdə yanaşma doğru deyil, əksəriyyət daha çox məsuliyyəti və xərci dövlətin üzərinə qoymağa və şəxsi mənafelərini güdməyə çalışır. Amma düşünürəm ki,  həm dövlət, həm də daxildəki böyük media qurumları mütləq xarici dildə bölümlər açmalı və mütəxəssisləri, işi bilənləri cəlb etməklə boşluğu doldurmaq olar. Amma yetər ki, o iş yerləri açıla.

- Bilirik ki, həm də siyasi şərhçisiniz, beynəlxalq məsələlərlə bağlı tez-tez şərhlərinizə rast gəlirik. Qardaş Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarının nəticəsini necə proqnozlaşdırırsınız?

- Hazırkı xəritədə hər kəs istədiyini hələlik ala bildi. Amma qazananlar arasında ən az qazanan Türkiyə oldu. Baxmayaraq ki, nəzərdə tutulan bölgəni böyük faizlə təmizləsə də, Türkiyəni ciddi maliyyə itkisinə, böhrana salan 6 milyon qaçqına ev sahibliyi edir, Avropa ilə münasibətləri korlandı, üstəgəl, ortada dividend yoxdur. Biz xalq olaraq, Türkiyənin bu müqəddəs işinin yanındayıq, amma Türkiyəni sadəcə bu prosesdə bir az aldatdılar.  “Barış pınarı” tamamlana bilmədi, ən dəhşətlisi PKK-nı, İŞİD-i qoruyub, saxlaya bildilər. 5-10 ildən sonra PKK yenidən meydana çıxacaq və Türkiyənin başı davamlı ağrıyacaq. Amma Suriyada Rusiya bu ölkəni qazandı, minlərlə kilometr uzaqdan gələrək, bu gün dünyanın taleyinin həll oldunduğu Aralıq dənizində hərbi baza qurdu. ABŞ Şimali İraqdan Şimali Suriyaya, ordan da Colan təpələrinə -  İsrailə qədər uzanan zolağı ələ keçirərək, bu iki ölkənin bütün neft  bölgələrini əlinə aldı. Trampın bu yaxınlardakı sözü idi: “Bizə neft lazımdır”.

- Qonşu Gürcüstandakı prosesləri necə qiymətləndirirsiniz, prosesi körükləyən hansı məsələlər oldu?

- Gürcüstan iki böyük gücün arasında əzilir. Bunun başqa bir izahı yoxdur. Avropaya inteqrasiya tərəfdarları arxalarındakı milyonlarla maliyyə gücünə rəğmən, xalqın müəyyən hissəsi ilə tərs düşüblər. Çünki Gürcüstan kasıb, gürcü xalqı acdır. Rusiyada çörək dalınca gedən sayı yüz minlərə çatır.  Gürcüstanda kütləvi etirazlar noyabrın 14-də parlamentin yeni konstitusion dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb.  Yayda yəqin ki, yaşananlar xatirinizdə olar: Rusiya dumasının deputatı Qavrilovun gürcü parlamentində iclasa sədrlik etməsi və davamında yaşanan qarşıdurmalar nəticəsində meydanlarda qan töküldü. Ənənəvi Qərb – Rusiya savaşı oyunçuların –Saakaşvili ilə İvanaşvilinin toqquşması demək idi.
Əminəm ki, Gürcüstanda siyasi sabitlik uzun müddət təmin edilməyəcək. Üstəgəl, məsələnin gürcü kilsəsi və erməni, Cavaxetiya tərəfi də var.

- İranda benzininn qiymətinin bahalaşmasından sonra baş verən aksiyanın genişlənməsi nə ilə bağlıdır, burada xarici qüvvələrin "əl"i varmı və məqsəd nədir?

- Böyük ehtimal  ki, etiraz aksiyaları cəmiyyətin nəbzini ölçməklə bağlı idi. Artıq nüvə məsələsinə görə ABŞ-ın tətbiq etdiyi sanksiyalar sadə xalqın həyatını cəhənnəmə çevirir, onlar da sosial etirazları meydanlara daşıdılar. Amma burda təkanverici qüvvə, məncə elə mollaların özü idi. Həm nəbzi ölçdülər, həm də sıxılmış “qaz” çıxdı və İran sabitləşdi. Amma etirazların gedişində ABŞ rəsmiləri İran xalqını, Güney Azərbaycanı tərpətməyə çalışdılar. Müyəssər ola bilmədilər. Deməzdim ki, soydaşlarımız aksiyalara qatıldı. Əsas etirazlar fars və ərəblər yaşayan bölgələrdə idi, burda Güney Azərbaycana idxal edilən şüar da yəqin ki, türklərə yaxşı təsir göstərmədi. “Molla getsin, şah gəlsin” yanaşması ilə Azərbaycan qalxmayacaqdı.

- Bir az da ölkədaxili məsələlərə diqqət çəkək. Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiyaya səfər etdi. Bu səfər hansı zərurətdən doğdu və orada keçirilən görüşlər Azərbaycan- Rusiya münasibətlərinin inkişafına nə kimi impulslar verəcək? 

- Mehriban xanım Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında yeni bir mərhələnin başlanğıcıdır. Birinci vitse-prezident əvvəllər də bu ölkəyə səfərində iki ölkənin əlaqələrinin intensiv inkişafı naminə ciddi addımlar atıb. Amma indiki səfərin proqramı, həyata keçirilən görüşlər, verilən bəyanatlar və görülən tədbirlərin miqyası özünün kulminasiya nöqtəsini yaşamaqdadır. Səfər çərçivəsində Mehriban xanımın Rusiyanın “Dostluq” ordeni ilə təltif edilməsi Rusiyada Azərbaycan rəhbərliyinə göstərilən diqqətin meyarı idi, üstəgəl, bu orden isti münasibətlərin və hazırkı həssas məqamda mehriban qonşuluq münasibətlərinin də təcəssümü oldu.
Bölgəyə və regiona baxdıqda aşkar görmək mümkündür ki, qlobal və regional təhdidlərə qarşı birgə fəaliyyət niyyəti və əməli fəaliyyət yüksək səviyyədə həyata keçirilir. Biz bilirik ki, bütün Rusiya mediası düşmənlərimizlə doludur və ölkələrimizin münasibətlərinə xələl gətirməyə, təxribat törətməyə çalışırlar və Rusiya ictimai fikrində “özünəməxsus” azərbaycanlı obrazı yaradaraq, bizə zərbə vurmağa çalışırlar. Mehriban xanım bu səfərdə həm də o imici dağıtdı və Rusiya mediasına bildirdiyi fikirlərdə Azərbaycan haqda müsbət imic yaratdı. Bu, təkcə obrazla da başa çatmadı, onun Rusiya siyasi elitasının bütün qolları ilə görüşlərində verdiyi mesajlar da əhəmiyyətlidir. Eyni zamanda, humanitar və iqtisadi əlaqələrin müzakirəsi zamanı real potensial qiymətləndirildi. Hazırda o da məlumdur ki, iki ölkə arasındakı iqtisadi dövriyyənin yükü MDB-də ən yüksəkdir. 11 min azərbaycanlı tələbə bu ölkədə ali təhsil alır. 2019-cu ildə Azərbaycana səyahətə gələn rus turistlərin sayı 900 min nəfərə çatıb. Səfər çərçivəsində Birinci xanımın Xalq Təsərrüfatı Sərgisində “Azərbaycan pavilyonu”nun açılışında iştirakı ayrıca əhəmiyyət daşıyır. Bu, bir tərəfdən Qafqaz regionunda düşmən Ermənistanın gözü qarşısında əməkdaşlıq formatının uğurunun, nəticəsinin, faydasının nümayişi idisə, digər tərəfdən ən ali səviyyədə siyasi və iqtisadi münasibətlərin olması, Azərbaycanın cazibədarlığının artması Rusiyanın belə bir müsbət, amma imtina və inkar edə bilməyəcəyi fakt qarşısında qalması ilə nəticələnərsə, mütləq seçimin Azərbaycandan yana olması deməkdir.

- Cənab Prezidentin Soçidə "Valday" klubundakı çıxışı düşmən ölkə ictimaiyyətini əməlli-başlı silkələdi. Ölkə başçımızın bu çıxışından sonra düşmən ölkə mediası Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" destruktiv bəyanatını pislədi. Sizcə, cənab Prezident "Valday"da kimlərə, hansı mesajı verdi?

- “Valday”da yaşananlar Paşinyan üçün öldürücü zərbə idi. Həm də açıq şəkildə bu mesaj illərdi, Qarabağla bağlı manipulyasiya edənlərin, ondan Azərbaycana qarşı təzyiq  kimi istifadə edənlərin üzünə vurulmuş şillə idi. Əsas məqsəd Paşinyanın üzünə, amma ağalarına ünvanlanmış konkret həmlə idi. Görünür  ki, qarşı tərəflər – Rusiya daxil olmaqla dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan prezidentinə minnətçi düşüblər.  Bu, həm Azərbaycanın yüksək səviyyədə mövqe ifadəsi idi, həm də münaqişənin artıq yeni bir mərhələyə keçdiyinin göstərişi idi. Prezident Xankəndində məsuliyyətsiz bəyanatlar verən Paşinyana “Valday”da cavab verməsi diplomatik dərsin praktiki hissəsi idi.

- İllərdir, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmur. Münaqişənin tənzimlənməsinə dair ikili yanaşma var. Kimi diplomatik imkanların olduğunu düşünür, kimi də bütün yolların dalana dirəndiyini dilə gətirərək müharibənin qaçılmaz olduğunu söyləyir…

- Münaqişənin həlli üçün mərhələli yol daha realdı. Qarabağa aid rayonları azad etmək və gündəlikdən çıxarmaq lazımdır. Güclü lobbi fəaliyyətinə ehtiyac var. Hər cür üsulla qarşı tərəfi ələ almaq mümkündür və bir “Troya atı” düzəltmək olar. Bunları bitirəndən sonra üç cəbhədə düşmənlə “söhbət” etmək mümkündür.
Naxçıvanda, Qarabağda və Qərb bölgəsindən Göyçəyə tərəf üç cəbhə açmaqla düşməni məğlub etmək olar. Yoxsa heç bir halda ATƏT-in Minsk Qrupu format olaraq uğurlu ola bilmədi və hər üç ölkə vasitəçidən daha artıq düşmənin qapıçısı rolunu oynamaqdadır. Belə bir yanaşma  ilə daha bir neçə 10 illiyi uzatmaq olmaz.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu