Köklü islahatlar: Ölkəmizin inkişafı üçün vaxtında əhəmiyyətli addımlar atılır

“Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır”. Bu sözləri deputat Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, ölkədə son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib. Onun sözlərinə görə, sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyasının, əməkhaqqının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiya 2,5 faiz həddini keçməyib:

“Hazırda ölkə iqtisadiyyatının da sürətlənməsi prosesi başlanıb. Dövriyyələrin qismən "kölgədən" çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb ki, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə, ölkədə əlverişli investisiya mühiti formalaşıb. Bu, həm də Azərbaycanın neft sektorundan asılılığın sıfıra enməsinə gətirib çıxaracaq.
Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Məsələn, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib”.



Millət vəkili söyləyib ki, yeni iş yerlərinin yaradılması dinamikasını təmin edən iqtisadi artımın templəri qorunub saxlanılmalı, ölkənin bundan sonra da dayanıqlı inkişafı təmin edilməlidir.

Onun sözlərinə görə, əhalinin real gəlirləri, əməkhaqları, pensiya və müavinətlər, birdəfəlik sosial yardıma yönəldilən vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb.

“Bu nailiyyətlər qorunmalı, eyni zamanda, bu tendensiyanın davam etdirilməsi məqsədi ilə müvafiq strukturlarla ahəngdar və koordinasiyalı şəkildə fəaliyyət təmin edilməlidir. Bunun üçün artıq Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin yenilənmiş strukturuna daxil edilib. Bu da ölkə iqtisadiyyatının gücləndirilməsinə xüsusi töhfə verəcək”-deyə, deputat qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu