Azərbaycanın BMT-yə müraciəti zəruridir: İşləmək lazımdır

“İşğaldakı torpaqlarımızda dağıdılmış evlərin inşasına, köçkünlərin qayıdış planının təsdiqlənməsinə, bunun üçün vəsaitin ayrılmasına çalışmalıyıq” 



Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb. Diplomat BMT rəhbərinə müraciətində yazıb ki, Azərbaycanın qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyadır. Yaşar Əliyevin sözlərinə görə, bu Konvensiyanın hamılıqla ratifikasiya edilməsi mühüm addım olar.

Y.Əliyev əhalinin soyqırımından, hərbi cinayətlərdən və etnik təmizləmədən qorunması üçün “müdafiəyə görə məsuliyyət” konsepsiyası üzrə BMT mandatının əhəmiyyətini vurğulayıb. Məsələ ondadır ki, belə müraciəti dəstəkləyənlərlə yanaşı, BMT kimi qurumlara müraciət etməyin mənasız olduğunu düşünənlər də var. Onların fikrincə, Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməni icra etməyi bacarmayan bir təşkilata əlavə müraciətin əhəmiyyəti yoxdur. Lakin bir qisim hesab edir ki, belə məsələləri mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, ictimailəşdirmək də faydalıdır.



Müraciəti “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin baş katib Antonio Quterreşə ünvanladığı məktub zəruri müraciətdir və fəaliyyət bir qədər də intensivləşməlidir. Partiya təmsilçisi vurğulayıb ki, Azərbaycanın məruz qaldığı təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunub:

 “Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilib. Erməni hərbi birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunub. Lakin tələblər indiyə qədər yerinə yetirilməyib. Əslində bu qətnamə indiyə qədər işğal olunmuş torpaqlarımızın hüquqi stasus alaraq hər hansı şəkildə separatçıların beynəlxalq subyekt olmasının qarşısını alıb. Mənə görə bu qətnamə də mükəmməl deyil. Qətnamədə konkret olaraq hər hansı subyekt işğalçı kimi göstərilməyib. Ancaq konkret olaraq işğal faktı təsdiqlənib. Qətnamədə “erməni birləşmələri” ifadəsi qeyri-müəyyənlik daşıyır. Həmçinin, heç kimə sirr deyil ki, əslində işğal faktı üçüncü qüvvələrin iştirakı ilə reallaşıb”. 

Analitikin sözlərinə görə, Ermənistanın nə 1990-cı illərdə, nə də indiki şəraitdə Azərbaycan üzərində hərbi-taktiki və iqtisadi üstünlüyü olub:

“İşğal faktı birmənalı olaraq Ermənistan adına təşkil edilib. Ona görə də biz BMT ilə işləməyi davam etdirməliyik. Hətta müraciətlər və təkliflərimiz mövsümə görə deyil, daha öncədən irəli sürülməlidir. Nəzərdə tutulmuş işləri bir neçə il öncədən hazırlayaraq BMT-nin diqqətinə çatdırmalıyıq. Məsələn, aktiv olaraq Dağlıq Qarabağ və ətraf rayonlarda işğal nəticəsində dağıdılmış evlərin inşa edilməsinə və köçkünlərin evlərinə qayıdış planının təsdiq olunmasına, bunun üçün vəsaitin ayrılmasına çalışmalıyıq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu