İlham Əliyev dünyada böyük rəğbətlə qarşılanır - ŞƏRH

“Azərbaycan Prezidenti böyük lider və ən səmimi ölkə rəhbəri statusunu qazanmağı bacarıb”



“Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”. Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili söyləyib. Onun sözlərinə görə, TANAP layihəsinin həyata keçirilməsində Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir: “Son illər tək TANAP layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir çox layihələr reallaşıb. Bu layihələrin həyata keçirilməsində Azərbaycan Prezidentinin xüsusi rolu olub. Azərbaycanın enerji resurslarının Gürcüstan ərazisindən keçməklə Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”.

Qonşu dövlət rəhbərləri tərəfindən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə verilən qiyməti “Şərq”ə dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, hər bir dövlətin qonşu ölkələrlə münasibəti ilk növbədə ölkə rəhbərlərinə olan münasibətlə ölçülür.



Ekspertin sözlərinə görə, bu mənada Prezident İlham Əliyevi sözün tam mənasında uğurlu dövlət başçısı hesab etmək olar:

“Çünki dövlət başçısı İlham Əliyev “qonşularla sıfır problem” xəttini yürüdərək bizi əhatə edən ölkələrin hamısı ilə mehriban qonşuluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri qurmağı bacarıb. İşğalçı Ermənistanı çıxmaq şərti ilə çevrəmizdəki bütün ölkələrlə - Türkiyə, Rusiya, İran və Gürcüstanla həm iqtisadi-siyasi münasibətlərimiz, həm də mədəni və humanitar əlaqələrimiz daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələrin hər biri üçün vazkeçilməz, önəmli ölkə halına gəlib. Cənab Prezidentin qonşu ölkələrin hökumət və dövlət başçıları ilə şəxsi dostluq münasibətləri də yüksək səviyyədədir. Bu liderlərin hamısı İlham Əliyevə böyük hörmət və rəğbət hissi ilə yanaşırlar. Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin dövlət başçısı haqqında söylədiyi “Prezident İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” sözü də bu fikrimizin əyani təsdiqidir. Onu da deyim ki, Zurabişvili bu sözü sadəcə kompliment kimi deməyib. O, prezident postunda fəaliyyət göstərdiyi son 2 il ərzində Azərbaycanın Gürcüstan üçün necə bir əvəzsiz, alternativsiz ölkə, qiymətli müttəfiq olduğunu real şəkildə görür və dərk edir. Məhz buna görədir ki, Zurabişvili öz açıqlamasında Gürcüstanın bir dövlət kimi öz mövcudluğunu davam etdirməsi üçün mühüm əhəmiyyət kəsb edən regional layihələrin reallaşdırılmasında Azərbaycan Prezidentinin rolunu məxsusi olaraq vurğulayır”. 

Analitik bildirib ki, dövlət başçısı İlham Əliyev bu cür yüksək qiyməti öz şəxsi keyfiyyətlərinin sayəsində və qonşu ölkələrlə münasibətdə düzgün strateji siyasət yürütdüyünə görə qazanıb:

“Odur ki, dövlətimizin başçısının apardığı uğurlu iqtisadi siyasətə və onun şəxsiyyətinə qonşu dövlət rəhbərləri tərəfindən verilən qiyməti, dəyəri yüksək qiymətləndiririk. Açıq etiraf etməliyik ki, İlham Əliyev qonşu ölkələrin rəhbərlərinin gözündə etibar edilə biləcək böyük lider və ən səmimi ölkə rəhbəri statusunu qazanmağı bacarıb”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu