Tbilisidə düşmən təxribatı: Ermənilər susduruldu

Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb. Toplantıda Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib. Qondarma erməni soyqırımını da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb. Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan nümayəndə onun xahişini bir daha səsləndirib. Bundan sonra sessiya iştirakçıları ayağa qalxıb.

Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili Ermənistan silahlı birləşmələrinin Xocalıda da soyqırım törətdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. Deputat həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.



Əhməd Şahidov: “İrəvan “dialoq tərəfdarıdırsa” “hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə razılıq versin!”


Növbəti erməni təxribatını “Şərq”ə dəyərləndirən Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, Ermənistan nümayəndələri, diplomatları bütün beynəlxalq platformalarda özlərini “sülhsevər” göstərməyə çalışırlar. Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilərin “dialoq tərəfdarı” görüntüsü yaratması tamamilə absurddur və onların təcavüzkar siyasəti hər yerdə ifşa olunmaqdadır:

“Ermənilər Dağlıq Qarabağın və işğal altında olan digər ərazilərin işğalı faktını gizlətməyə və qondarma rejimi hər vəchlə təbliğ etməyə çalışırlar. Düşmənin bu təşəbbüsü hər beynəlxalq platformada müşahidə olunur. Burada əsas məsələ Azərbaycan tərəfinin reaksiyasıdır. Ölkə başçısı İlham Əliyev və Azərbaycanın rəsmi nümayəndə heyəti beynəlxalq tədbirlərdə Ermənistan rəsmilərinin cavabını tutarlı faktlarla verirlər. Eyni zamanda XİN rəhbəri Elmar Məmmədyarov, diplomatlar, səfirlər, deputatlar, o cümlədən vətəndaş cəmiyyəti olaraq bizlər hər fürsətdə erməniləri susdururuq. Azərbaycanın haqq səsini qaldırmağa çalışırıq. Əsas arqumentlərimizdən biri də odur ki, əgər İrəvan iddia etdiyi kimi “dialoq tərəfdarıdırsa” o zaman təklif etdiyimiz “hamının hamıya” prinsipi ilə əsir və girovların dəyişdirilməsinə razılıq versin. Ermənistan tərəfi buna yaxın gəlmir. Təəssüflər olsun ki, XİN rəhbərlərinin Bratislavada baş tutan görüşündə də girovlarla bağlı arzulanan nəticə olmadı. Rəsmi İrəvan bir daha girovların dəyişdirilməsini qətiyyətlə rədd etdi. Ermənistan adi məsələdə belə dialoqa hazır deyilsə, işğalçı ölkənin sülhdən, birgəyaşayışdan danışmağa haqqı yoxdur”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu