Çinin amansızlığı: Uyğur türklərinə qarşı repressiya davam edir

Uyğur türkləri üçün yaradılan düşərgələr soyqırım aktıdır


Çin rejiminin uyğur türklərinə qarşı vəhşiliyi davam edir. Milyonlarla müsəlman uyğurun məhkəmə edilmədən saxlanıldığı Çin düşərgələrində ağır təhqir və işgəncələrə məruz qaldığı deyilir. Ötən gün ABŞ Nümayəndələr Palatası uyğur türklərinə qarşı edilən repressiya siyasətinə görə Çin səlahiyyətlilərinə sanksiyalar haqqında qətnamə hazırlayıb. Qətnamənin Senatda təsdiq olunacağı gözlənilir. Çin hökuməti sözügedən sanksiya qanununa sərt reaksiya verib. 

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü layihənin ölkənin daxili işlərinə müdaxilə olduğunu iddia edib. Nazirlik rəsmisi bildirib ki, uyğurlara qarşı görülən tədbirlər etnik mənsubiyyətlə bağlı yox, “terrorla mübarizə” çərçivəsindədir.  



Politoloq: “Təəssüf ki, müsəlman ölkələri öz maraqları naminə uyğur türklərinin açıq qətliamına göz yumurlar” 


Uyğurlara qarşı uzun zamandır həyata keçirilən etnik təmizləmə siyasətini “Şərq”ə analiz edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Çinin Şərqi Türküstanda yaşayan uyğur türklərinə qarşı etnik ayrı-seçkiliyi və diskriminasiya siyasəti artıq dözülməz həddə çatıb. 

Ekspertin sözlərinə görə, beynəlxalq birlik, xüsusilə Türkdilli Əməkdaşlıq Şurası Təşkilatı Pekinə sərt etirazını bildirməlidir: “Çin dövləti tərəfindən uyğur türkləri üçün yaradılan düşərgələr soyqırım aktıdır. Ölüm düşərgələrində milyonlarla uyğur türkünün işgəncə gördüyü deyilir. Bununla yanaşı ziyalılar da repressiya edilib. ABŞ-ın Çinə qarşı sanskiyalar paketi hazırlaması müsbət haldır. Əlbəttə, bu addım Amerika-Çin arasındakı iqtisadi savaş fonunda da atıla bilər. Ancaq istənilən halda sanksiya paketi türk dünyasının işinə yarayır. Türk respublikaları bundan istifadə edərək uyğurlara qarşı zülmü bütün dünyaya yaymalı, uyğurların Türkdilli Əməkdaşlıq Şurası Təşkilatına üzv olmaları üçün çalışmalıyıq. Uyğurların bütün haqları tapdanır, dini və etiqad azadlıqları kobudcasına pozulur. Bu onu göstərir ki, Çinin beynəlxalq güc olması dünya xalqları üçün təhlükədir. Təəssüf ki, müsəlman ölkələri öz maraqları naminə uyğur türklərinin açıq qətliamına göz yumurlar”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu