İşgəncələrə məruz qalan azyaşlılar: Onların psixoloji durumu daha önəmlidir

“Həqiqət üzə çıxmadan kimsə nə uşaqların, nə ata-ananın, nə də babanın taleyi ilə oynamamalıdır”




Ögey ana və doğma ataları tərəfindən işgəncələrə məruz qalan iki azyaşlının həyat dramı günlərdir sosial şəbəkədə paylaşılır. Azyaşlılar barədə jurnalist Elgün Gəncimsoy “facebook” səhifəsində məlumat yayıb.    
Dəhşətli hadisəni işıqlandıran jurnalist uşaqların məruz qaldığı işgəncələrin izlərini əks etdirən fotolar paylaşıb:
Uşaqlardan birinin adı Qulu, digərininki Hüseyndir. Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu, Nuranənin həyatınıda üçüncü evlilik olsa da, onun doğma övladı yoxdur. Qadın üçüncü həyat yoldaşının anadan yetim qalmış uşaqlarına işgəncə verib, həm də doğma ata ilə birgə.

"Axşam atam evə gec gəlirdi. O, dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qaqamın üzünü yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü" - deyir , balaca Hüseyn.
Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutub. Baş verənlərə dəfələrlə şahidlik edən baba, işgəncə izlərinin fotosunu çəkib, hüquq-mühafizə orqanlarına müraciət edib. Amma cavab ürəkaçan olmayıb: "Qızım qaraciyər serrozundan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalarla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O, dünyasını dəyişdi. Biri bir yaş yeddi aylıq, digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki, bu körpələri incitməsin. Amma xeyri olmadı. O, qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncələr ediblər. Qolunu sındırıblar. Bunu polis bilməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb tədavi edib. Yazıq yetimləri boğazından və ayağından asıblar. Dağ çəkiblər. Belində siqaret söndürüblər. Barmağını qaynar suya salıblar".

"Nuranənin qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərimizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orada qalırdıq. Qaqamın əli şişmişdi. Mən Nuranəyə qaqamın əlini göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da suluqlanmış əlimi iynələdi" - deyir, balaca Qulu.

"Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki, qardaşıma çörək versin. O bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyuq su səpib çölə çıxardı. Qapını da bağladı" –deyə balaca Hüseyn qardaşının dediklərini təsdiqləyir.
Vəziyyətdən xəbər tutan E.Gəncimsoy uşaqların babası yaşadığı ünvana yollanıb:

- Bizi evdə görən hər iki körpə babaları Qulu kişinin ayaqlarına sarmaşdılar. Yetimlər elə zənn etdilər ki, biz onları babasından alıb işgəncə gördükləri ata evinə aparacağıq. Çox çətinliklə könüllərini aldıq balaca "qəhrəmanların". Ailənin tək ümidi Azərbaycan ədliyyəsinin mərhəmətinə sığınmağa qalıb. Yalnız onların - Sabunçu Rayon Məhkəməsinin qərarı ilə uşaqlar atalarından alınıb babalarının himayəsinə verilə bilər. Məhkəmə iclasının vaxtı isə hələ məlum deyil.

E.Gəncimsoy qeyd edir ki, uşaqların babası özəl telekanallara müraciət edib, iki telekanalın qapısına gedib, lakin efirə çıxarılmaq üçün ondan pul istənilib. Jurnalistika prinsiplərinə hələ ki, sadiq qalaraq telekanalların adını çəkmirik. Zamanı gələndə yəqin ki, onların adı açıqlanacaq. 
Baba deyir ki, pulu olmadığı üçün efirə buraxılmayıb: “Mən dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur".



Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, azyaşlıların babasının (ana atasının) videosunu sosial şəbəkə hesabında artıq paylaşıb və müvafiq orqanlara müraciət edib:

"Düşünürəm ki, burada qarşı tərəf də danışdırılmalıdır və faktlar ortaya çıxmalıdır. Düzdür, videodan uşaqlara qarşı zorakılıq faktları görülür, amma uşaqlar çox kiçikdir və onların dedikləri məndə şübhə yaradır.
Deyim ki, burada qərəzli yanaşma da ola bilər. Çünki orada deyilir ki, efirə gedilib və pul istənilib. Sözügedən məsələni araşdırmışam və öyrənmişəm ki, elə bir şey olmayıb. Onların getdiyi zamanın bütün videoları çıxarılıb, baxılıb və yalan olduğu müəyyən edilib".

K.Ağazadə son olaraq deyib ki, yayılan məlumatlarda qərəz olmazsa, ata və analıq cəzalarını almalıdır:

"Daha sonra isə uşaqlara qəyyum təyin edilməlidir. Yox əgər qərəz aşkarlanarsa, düşünürəm ki, babaya cəza verilməlidir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb, hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.
Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.



“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova “Şərq”ə açıqlamasında rəhbəri olduğu təşkilatın işi nəzarətə götürdüyünü dedi:

- Vəkil Könül Yusubova ilə müqavilə imzalanıb artıq və bu gündən etibarən hadisənin hüquqi tərəfləri ilə tanışlıq başlayır. Hadisə barədə ilkin olaraq mənə məlumat verilmişdi, lakin hüquqi müqavilə bağlanmadığından hərəkətə keçə bilmirdik. İndi isə artıq hüquqi müstəvidə araşdırmalara başlanacaq. Birliyimiz azyaşlılara həm psixoloji, həm də hüquqi yardım göstərəcək. Uşaqların babası ilə danışmışıq. Vəkilimiz işlə tanış olacaq, vəziyyəti öyrənəcək, bundan sonra biz mətbuata geniş açıqlama verəcəyik. Biz fəaliyyətimizi şouya çevirmirik. Burada 2 azyaşlının psixoloji durumu önəmlidir. Həqiqət üzə çıxmadan kimsə nə uşaqların, nə ata-ananın, nə də babanın taleyi ilə oynamamalıdır. Burada atalıqdan məhrumetmə iddiası da ola bilər. Amma tələsməyək, vəkilimizin araşdırmasının nəticəsini gözləməliyik. 

- Düşünürəm ki, bu hadisədə rəsmi orqanların etinasızlığı var. Baba bildirir ki, bir çox instansiyalara müraciət edib, lakin etinasızlıqla qarşılaşıb. İstintaqın gedişində bütün bunlar məlum olmalıdır. Ailə, Qadın, Uşaq Problemləri üzrə Komitə isə fikrimcə, fəaliyyətsiz bir qurumdur. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu