Köhnə Bakının toy ənənələrini bərpa edək! – CƏMİYYƏTİN İSTƏYİ

Şadlıq saraylarında menyu şişirdilir, restoran müdiri qazanır, toy sahibi isə ziyana düşür



"Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə-bozbaş yeyə bilməzsiniz. Onun dalınca nəsə başqa bir xörək yemək günahdır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı yazıb.
O bu fikirləri söyləməkdə sözünün canı olduğunu xüsusi qeyd edib:
"Sözümün canı var. Mənə dedilər ki, Qobuda bu gün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi. Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər.... 

Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə, düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların şadlıq evlərində də yerin - stulun biri 100-200 manat arasında (yəni adamın biri 100-200 manat). İnsan da özü-özünə belə zülm eləyər? Verilən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə nə vardı ki!”.



Sabiq deputat əlavə edib ki, indiki toy sahibləri toyxana mafiyasının ciblərini doldurur: 

"Qazan, doldur toyxana mafiyasının ciblərini... Bu mafiyanı və yabançı adlar daşıyan şadlıq saraylarını boykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”...
“Bəyin oğurlanması” filmində mərhum Səməndər Rzayevin məşhur frazası “ayə, ay camaat, bu toy ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib!” yenə yerinə düşdü.  Nə edək ki, bu qəliz, həm də vacib məsələni doğru-düzgün həll edək? Və biçarə, binəva vətəndaşı toy mafiozlarından xilas edək?                          


“Valideynlər var, övladına təmtəraqlı toy edir, sonra illərlə banka kredit ödəyirlər”


Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında Sabir Rüstəmxanlının yazdıqlarına qüvvət verdi:

“Belə başa düşdüm ki, Sabir bəyin yazısında söhbət mağar toylarından gedir. Mən də Tovuzda mağar toyunda olmuşam. Orda duyduğum ləzzəti başqa heç bir toyda hiss etməmişəm. İstəyir lap bahalı, zəngin toy olsun, mağar toyundakı ləzzət onların heç birində olmur. Toylara çox gedən deyiləm. Bir qohumun toyunda iştirak etmişəm, şadlıq sarayında, inanın, dəhşət idi. Süfrədə daha nələr yox idi. Amma qonaqlar sanki yeməyə heç nə tapmırdılar. Bildirçin kababı yeyilmədi, okean balığına əl vurulmadı, hamısı necə gətirilmişdisə, eləcə də süfrədə qaldı. Menyunu bu qədər şişirtmək nəyə lazımdı? Bundan yalnız şadlıq sarayının sahibi, restoran müdiri qazanır. Toy sahibi isə ziyana düşür. Toya gələn onsuz da büdcəsini hesablayır. Sən istər 100 manatlıq masa sifariş et, istəyirsən 200 manatlıq, mən öz büdcəmi hesablayıb ona uyğun nəmər salacam. Axı bir insan 2-3 saatın ərzində 100-200 manatlıq nə yeyə bilər? Bu qədər qidanı qəbul etmək mümkün deyil. Ona görə də israfçılıq baş alıb gedir, yeməklər tökülüb qalır, atılır, həm də günah qazanırlar. Dərd burasındadır ki, insanlarımız baş verənlərdən dərs almır, əksinə, bir-birinin səhvini təkrarlayırlar. Bunun adı bəhsə girmək, rəqabət aparmaqdır. Amma xəstə rəqabətdir bu. İnşallah, 10-15 ildən sonra övladıma toy edərəmsə, görəcəksiniz necə toy məclisi təşkil edəcəm". 

L.Mehralı valideynlərin və yeni evlənənlərin bu durumdan əziyyət çəkdiyini dedi:

“Bir gənc status yazmışdı ki, ailəmdən imtina edirəm. Səbəb isə toyda iki ailə arasında nəmər üstündə yaranan narazılıq idi. Oğlan evi deyib bizim toydu, nəmər bizə çatmalıdı, qız evi deyib yox bizə, dava düşüb. Valideynlər var, övladına təmtəraqlı toy edir, sonra illərlə banka kredit, ya da borc ödəyirlər. Birdən işdi, valideynlərin başına bir iş gəlsə, o pulu – borcu gənc ailə necə ödəyəcək? Olmaz ki, toya sərf olunan məbləğə gənclər üçün qonşu ölkələrdən birinə səyahət təşkil etsinlər, ya da ipoteka borcunu ödəsinlər. Evlənmək deyəndə ata-ana toyu fikirləşir. Evlənmək ilk növbədə ev qurmaq deməkdir. Bizdə ev qurulmamış borc yığılır. Nə var ki, “möhtəşəm” toy olsun". 



“Axı bir insan 2-3 saatın ərzində 100-200 manatlıq nə yeyə bilər?!”


Sosioloq bildirdi ki, bu məsələ ilə həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları ciddi məşğul olmalı, gənc fəallar da prosesə qoşulmalıdır:

“Bir neçə il əvvələ kimi yas mərasimlərimizdə nə qədər israfçılıq müşahidə olunurdu. Süfrəyə banan da düzürdülər. Amma görürük ki, dövlət qurumları işə müdaxilə etdikdən sonra yas mərasimlərinin keçirilməsi xeyli yüngüllləşib. Məsələn, Tovuzda hazırda yas mərasimlərində halva, pendir, çörək, çay verilir. Amma əvvəllər yas evinin adamı küçədə dana qovalayardı. Bu toylardan heç kim məmnun deyil, amma bir çatıdı keçib boğaza. Hesab edirəm ki, toy məclisləri ilə bağlı da qaydalar tətbiq etmək mümkündür. Bundan hamı razı qalacaq, çünki insanlar artıq cana doyub. Şadlıq evləri isə əlbəttə narazı qalacaqlar, çünki biznesləri axsayacaq". 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu