Azərbaycan etibarlı əllərdədir – Heydər Əliyev siyasi yolu davam edir

Son 16 il ərzində ölkəmizdə sabitlik və əminamanlıq hökm sürüb



12 dekabr ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümüdür. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında böyük xidmətləri olan dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan iqtisadiyyatı, elmi, təhsili, səhiyyə və mədəniyyəti sürətli inkişaf yoluna qədəm qoyub. Bu illərdə milli-mənəvi dəyərlərimizin qurulması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, demokratiyanın inkişafı, dünya azərbaycanlılarının təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqi prosesinə cəlb edilməsi Heydər Əliyevin böyük xidmətləri arasında xüsusi yer tutur. 

O cümlədən, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində ulu öndərin yalnız Azərbaycan tarixində deyil, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, ölkəmizi bütün sahələrdə gələcəyə aparan yolları müəyyən edib. Prezident İlham Əliyevin ulu öndərin müdrik siyasi kursunu, mütərəqqi dövlətçilik konsepsiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil oldu. Bu baxımdan, son vaxtlar aparılan struktur və kadr islahatları diqqətəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Aparılan islahatlar keyfiyyətə əsaslanan inkişafın təmin olunmasına, insan kapitalının keyfiyyət göstəricilərinin yüksəlməsinə, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Respublikamızda dövlət idarəçiliyi sistemi daim təkmilləşir və daha çevik idarəetmə formasının yaranması üçün mühüm addımlar atılır. Aparılan struktur və kadr islahatları gənclərə yol açır, onların dövlət idarəçiliyi sisteminə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın  beynəlxalq siyasi nüfuzu yüksəlir.



Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov “Şərq”ə açıqlamasında deyib ki, bu yol ardıcıl, sistemli və davamlı islahatlar yoludur. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb.

Deputat bildirib ki, Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin vəfatının 16-cı ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir: “Xalqımız ümummilli lider Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Azərbaycan davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır”. 

YAP rəsmisi vurğulayıb ki, sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni tam xarakterizə edən ifadələrdir:

“Sözün həqiqi mənasında son 16 il ərzində ölkəmizdə sabitlik və əminamanlıq hökm sürüb. Azərbaycan müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın öz Prezidentinə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil isə onun hər hansı beynəlxalq siyasi dairənin və ya dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir”.

Millət vəkili bəyan edib ki, Prezident İlham Əliyev dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınır:

“Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçib. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı zirvələrə aparır”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu