Trampın cəhdləri faydasızdır: Çini zəiflətmək real görünmür

Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək



ABŞ Prezidenti Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb. Bu barədə prezident “Twitter” hesabında yazıb. Tramp bildirib ki, “əgər Çinin pulu çatmasa, onlar bunu yaradacaqlar. Niyə Dünya Bankı Çinə borc verir? Çinin kifayət qədər pulu var”. Çinin zaman keçdikcə dünyanın nəhəng iqtisadi gücünə çevrildiyi qarşısı alınmaz reallıqdır. ABŞ özünə rəqib bildiyi Çinin iqtisadi cəhətdən qüvvətlənməsini heç zaman həzm edə bilməyib və buna mane olmaq üçün müəyyən addımlar atıb. Trampın çağırışının məhz bu məqsədlə gündəmə gəldiyi deyilir. 

Amerika rəhbərinin çağırışını “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Trampın tələbi faydasız və mənasızdır. 

Ekspertin sözlərinə görə, Amerika onsuz da 20-30 ildir Çini sıradan çıxarmaq, zəiflətmək, iqtisadi inkişafını azaltmaq üçün əlindən gələn hər şeyi edir: “Hətta Yaxın Şərqdə törədilən terror və müharibələrin bir səbəbi də bununla bağlıdır. “Sars” virusu və “Quş qripi” də məhz Çin iqtisadiyyatına zərər vurmaq üçün təşkil olunmuşdu. Lakin bütün bunlar heç bir effekt vermədi. Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, “dünyanın fabriki”nə çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Dünyanın ən böyük investorudur”. 



İqtisadçı bəyan edib ki, Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub: 

“Bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. Trampın bəyanatları ucuz populizmdən başqa bir şey deyil. Amerika tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və 3-cü dünya ölkələrinin sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq çoxdan ifşa olunub. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı. Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu