Proqramların efir vaxtı düzgün təyin edilmir - AKTUAL

Telekanallarımız böyük bir tamaşaçı qrupunu - gənclər və məktəbliləri itirib



Mütəxəssis deyir ki, dünyada seqmentə ünvanlanma praktikası var, bizdə isə yoxdur



“Sosial əhəmiyyətli proqramlar tamaşaçı üçün uyğunsuz zamanda efirə verilir. Bununla da sosial önəmli proqramları sıfırlayırlar”



Televiziyalarımızın proqram siyasəti daim tənqid olunur. Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya istisna olmaqla, özəl telekanalların demək olar, hamısı tənqid hədəfindədir. Tok-şouların az qala məhkəmə salonunu (həm də ağır cinayətlərə dair işlər üzrə məhkəmə) xatırlatması, şadlıq sarayı müğənnilərinin meydan suladığı şou-proqramlar, bayağı əyləncə verilişləri, toy çəkilişləri, şit yumorlar, mənasız tele-seriallar, şablon xəbərlər, cansıxıcı tarix “dərsləri”… Azərbaycan televiziyası tamaşaçısının böyük bir qismini itirib artıq. Televiziyanın tamaşaçısı evdar qadınlar, işsiz kişilər və təqaüdçülərdir. Amma onlar üçün də normal proqramlar yox səviyyəsindədir. Televiziyalarımızın əsas problemlərindən biri də proqramların efir vaxtınını düzgün təyin edilməməsidir. 


     

TV-lərdə gündüzlə gecəni səhv salırlar

 
Fəlsəfə doktoru Etibar Əliyev sosial şəbəkədə status paylaşmışdı. TV-lərə aid olduğundan diqqətimizi çəkdi:

- Televiziyaların birindən iki dəfə məni səhər saat 08:30 da verilişə dəvət ediblər. Demək, 07:30-da evdən çıxmalısan ki, bir saata orda olasan. Acqarına kimin həvəsi olacaq bizlərə baxmağa. Televiziyaların birində isə çox aktual bir verilişin canlı yayımı saat 16:00-a salınmışdı. Buna da heç kimin baxmaq imkanı yoxdur. İndi saat 19:40-dır. "Xəzər TV"-də həbsdən yenicə çıxmış Fədayə Laçından müsahibə götürür və onu oxutdururlar. Aktual verilişlər camaat yuxudan durmamış, günorta və camaat yatandan sonra efirə verilir. O gün dostlardan biri rica etdi ki, saat 24:00-da efirə gedəcək verilişdə mükəmməl danışıb, mütləq baxmağı tövsiyə etdi. İndi gəl yat da! 

Maraqlı məsələdi. E.Əliyevin statusuna rəylər də maraqlı idi:

Tahir Paşa yazırdı ki, “Radio və TV tarixən auditoriyanın zamanına uyğun çalışıb. Ən gözəl vaxt - duyulan zamandır. Kim üçün, nə zaman!.. 

Sənan Həsənov yazıb: Gülmək işarəsi qoydum, əslində çox aglamalı durumdu...

Qaşqay Qasımov: Bir-iki gundur ki, mən məcburən öz telekanallarımıza baxıram və məndə belə təəssürat yaranır ki, millətin çoxu musiqiçidir. Əyninə bir kostyum alan çıxır televizora. Vaxtında gərək mən də özfəaliyyət dərnəyinə gedəydim və oxuyaydım, indi fəhlə olmazdım. 
Bir başqa “FB” istifadəçi isə yazır ki, “əsas” axşam saatlarıdı, onda hamı evdə olur və gərəkdir ki, musiqiyə qulaq asıb feyziyab olsunlar… 
Belə çıxır ki, TV-lər aktual sayıla biləcək proqramları evdə kimsənin olmadığı zamanlarda, tamaşaçı üçün qeyri-aktual, amma TV-lər üçün əsas gəlir mənbəyi olduqlarından “aktual” sayılan müğənniləri isə hər kəs evdə olan vaxt efirə ötürürlər. Saat 21:00-dan sonra hansı telekanalda hansı tok-şou, maarifləndirici proqram efirə verilir? Çətindi suala cavab vermək. 



“Praymtaym”larda bütün tamaşaçı təbəqəsi nəzərə alınmalıdır


Televiziya mütəxəssisi Zeynal Məmmədli qeyd etdi ki, efir vaxtı ilə bağlı qəbul olunmuş prinsiplər var:

"Efir vaxtını televiziyalar öz seqmentinə görə təyin edir. Proqram hansı auditoriyaya ünvanlanıbsa, o auditoriyaya uyğun efir vaxtı təyin edilməlidir. Dünyada seqmentə ünvanlanma praktikası var, bizdə isə yoxdur. Məsələn, ümumi şəkildə belə nəzərə alınır ki, səhər ata-ana işə, məktəbyaşlılar, təhsil alanlar məktəbə, tədris ocaqlarına gedir, evdə qalır nənə-baba və bağçaya getməyən uşaqlar. Deməli, bu zaman efirə verilən proqramlar bu təbəqələr üçün nəzərdə tutulmalıdır. TV-lər bu amili nəzərə alır və “yayım toru” atır. Kim tora düşdü, düşdü.  Radio proqramlarında belə hesablamalar aparılır və deyək ki, yolda, səfərdə olanlar üçün proqramlar nəzərdə tutulur. TV-lərsə əsasən  evdə qalanlara ünvanlanır. Məsələn, səhər saatlarında yüksək intellektli proqramlar olmayacaq. Əyləncə, uşaq verilişləri olacaq. Proqramların efir vaxtı yaş kateqoriyalarına hesablanmalıdır. Fikir verəndə görürük ki, bizim TV-lər böyük bir tamaşaçı qrupunu itirib – bu, gənclər və məktəblilərdir. Gənclər də, tələbələr, məktəblilər də hazırda yalnız sosial şəbəkədədirlər. Çünki onları maraqlandıracaq, cəlb edəcək verilişlər yoxdur. Həmçinin 1 miyondan artıq təqaüdçü də TV-lərdən kənarda qalıb. Elə verilişlər ki, orada ciddi müzakirələr aparılsın, nümunələr, örnəklər gətirilsin. Bunun bir səbəbi də reklam bazarıdır. TV-lər reklamdan asılı olduğundan reklamçının diktəsi ilə çalışır. Amma əksinə olsaydı, reklamçı TV-dən asılı olsaydı, reklamlar tamaşaçı sayına görə alınsaydı, TV-lər tamaşaçı qazanmaq üçün çalışacaqdı və daha maraqlı, yüksək peşəkarlıqlı proqramlara  üstünlük veriləcəkdi. Bizim TV-lərə reklam verən kimlərdir? Dərman şirkətləri, klinikalar, şadlıq sarayları. Geyim mağazaları... Bəli, sosial əhəmiyyətli proqramlar tamaşaçı üçün uyğunsuz zamanda efirə verilir. Bununla da sosial önəmli proqramları sıfırlayırlar. Dünyada “praymtaym” adlanan efir zamanı mövcuddur. Bu elə bir zamandır ki, ən yaxşı efir vaxtı, ekran qarşısına maksimum izləyici toplanan zamandır. TV-lər ən baxımlı proqramlarını bu vaxta təyin edir. Proqramın ən baxımlı olduğunu isə aparıcı, yaxud reklam şirkəti təyin etmir, onu tamaşaçı – izləyici sayına görə təyin edirlər. Praymtaym bütün tamaşaçı qrupları üçün hesablanır. Televiziya üçbucaqdan ibarətdir; televiziya özü – seyrçi – reklamçı. Optimal göstərici seyrçidir. Reklamçı deyir ki, mənim reklamımı seyrçi çox olan vaxtda verin. Gecə praymtaymlarında reklam verənin şərtləri nəzərə alınır. Məsələn, Türkiyə televiziyasında “TV 8” kanalında ən populyar proqramlar axşam saatlarında başlayır və yetərincə də reklamçıları var. Deməli, izləyici kütləsi  böyükdür.  Qaldı proqrama dəvət edilənlər məsələsinə, dünya TV-lərində belə təcrübə çoxdan var ki, dəvət edilən qonağı özləri studiyaya gətirir. Qonağın zamanı, yola sərf edəcəyi vaxt nəzərə alınır. Əgər bu ekspert, ya qonaq sizin üçün dəyərlidirsə, önəmlidirsə, onu gətirib aparmalısınız".               

Eyni məzmunlu proqramlarda ortaq vaxt problemi


Qeyd edək ki, TV-ləri maraqsız edən həm də eyni məzmunlu proqramların təxminən eyni vaxtda verilməsidir. Məsələn, “Xəbərlər” proqramı, mütləq saat 20:00-da, 21:00-da efirə getməlidir? Telekanalları bir-bir izlədikdə hamısında eyni vaxtda eyni məzmunlu proqram görməkdən bezib izləyici. Niyə hərbi-vətənpərvərlik mövzusunda proqramlar mütləq şənbə və bazar günləri günortaya qədər “ömrünü başa vurub” aradan çıxmalıdır?  Hərbi-vətənpərvərlik proqramları ilə bağlı Telman Nəzərlinin “Azərbaycan” qəzetində nəşr olunmuş məqaləsində yazılıb: 
“Radio, televiziya yaranandan sonra adi həyatdan fərqli şəkildə eşitmək və görmək istəyimizin istiqaməti bir az konkretləşdi - bu "sehrli qutular" bizi özünə, öz cazibə qüvvəsinə elə bağladı ki, həyatımızı bu "qutular"sız təsəvvür edə bilmədik. İllər ötdükcə, bu "qutular"ın sayı çoxaldıqca yaxamız daha çox onların əlində qaldı. Bu münasibətdən isə "qutular"ın içindən danışanlar və ya onları danışmağa buraxanlar sui-istifadə edərək əsəb tellərimizin üstündə kəndirbaz kimi fırlanmağa başladılar. Son vaxtlar əsəblərimizi o qədər tarıma çəkib, günümüzü-güzəranımızı, gecəmizi-gündüzümüzü o qədər bir-birinə qarışdırdılar.  

Hərbi vətənpərvərlik mövzusunda verilişlərin səviyyəsizliyinə də toxunub. Torpaqlarının 20 faizi işğal altında inləyən, bir milyondan artıq qaçqını-köçkünü olan bir məmləkətin televiziya kanallarının (özəl olsa belə) hərbi vətənpərvərlik mövzusu ilə bağlı konsepsiyası olmalıdır. Nəyi necə hazırlamaq və nə vaxt efirə vermək! Bu baxımdan çox təəssüf ki, televiziya məkanında ciddi problemlər yaşanır. Həftənin bazar günləri təxminən eyni efir vaxtında hər kanal hərbi proqram adı ilə candərdi bir şey ekrana ötürür. Adidən-adi kadrarxası mətn, sönük çıxışlar, bəsit musiqi yozumu tamaşaçını bezdirir, kanalı dəyişirsən, o birilərdə də təxminən eyni mənzərə. Müharibə dövrü ilə atəşkəs dövrünün hərbi vətənpərvərlik təbliğatını fərqləndirmək mütləqdir. İndi bəzi kanallarda hərdən əsgərlər qarşısında konsertlər göstərilir. Baxan kimi hiss edirsən ki, söhbət burada müğənninin efirə verilməyindən gedir, əsgərləri isə sadəcə, əl çalmağa, necə deyərlər, müğənniyə "züy" tutmaq üçün çəkilişə yığıblar. Adı da olur hərbi veriliş.
Televiziyada nitq, səs və görünüş aparıcı üçün vacib amillərdir. Etiraf edək ki, bu komponentlərin tələbinə ən çox AzTV-nin "Xəbərlər" proqramında əməl olunur. 

Özəl kanalların əksəriyyətinin aparıcılarının ya efir səsi yoxdur, ya da görünüşü zəifdir. Səs demişkən, əksər proqramlarda aparıcı ilə çıxışçıların səsi efirdə alçaqlı-hündürlü çıxır. Çıxışçı pıçıldayır, aparıcı isə az qala qışqırır. Televiziyada səs rejissoru deyilən bir kəs var - o, məhz belə şeylərə də baxmalıdır.
Telekanal rəhbərləri istedaddan, layiq olandan gərək qorxmasınlar. Problemin həlli yollarından biri də budur. Əks halda, bu "boz-bulanlıq", bir-birinə bənzəyən "yiyəsiz" (aparıcısı və senarisi zəif) verilişlər və bu verilişlərin yan-yörəsində fırlanan "şou işbazları" problemləri sürdürməkdə, beləliklə də, tamaşaçıları itirməkdə davam edəcək.

Efir çox qüdrətli təbliğat vasitəsidir. Ondan maksimum dərəcədə xalqın, millətin, dövlətin mənafeyi naminə istifadə etmək lazımdır. 
Bir daha qeyd edək ki, yaddaşın formalaşmasında efirin, ekranın rolu müstəsnadır. Efiri, ekranı yabançı ünsürlərdən qorumalıyıq ki, yaddaşımıza da yiyəlik edə bilək. Başqa sözlə, güclü və milli yaddaşa malik insanın, vətəndaşın ömrü, həyatı və fəaliyyəti milli mənafe, milli təəssübkeşlik duyğuları və prinsipləri ilə istiqamətlənir. Məmləkəti hürr edən də bu şərtlərdir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu