Metro stansiyalarının üzərində tikilən hündürmərtəbəli binalar: TƏHLÜKƏ

Sosioloq Elçin Bayramlı hökumətin diqqətini Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyası  üzərində çoxmərtəbəli binaların tikilməsinə cəlb edib. Sosioloq “fb”də paylaşım edərək yazıb ki, metrostansiyanın üzərində hündürmərtəbəli binaların tikintisinə icazə verməklə çökmə təhlükəsi riskini artıran məmurlar müəyyənləşdirilməli və əmlakları tam müsadirə olunmaqla həbs edilməlidirlər. 

Metrostansiyaları üzərində hündür binalar tikilməsi təcrübəsi çoxdan varımızdı. “Sahil” stansiyasının üzərində nəhəng yaşayış kompleksi tikildi və sonra orda yanğın çıxanda yanğını söndürməli olan maşınlar yol tapıb binaya uzun müddət yaxın düşə bilmədilər. “Azadlıq prospekti” metrostansiyasının üzərində də nəhəng ticarət mərkəzi tikilib və hələ də tikilməkdədi. Bu boyda şəhərdə boş ərazi tapılmır, harda metro tikilir, orda ya bina, ya da ticarət mərkəzi inşa edilir. Bir hadisə baş verdikdə isə günahı qrunt sularının üzərinə atırlar.  Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyası bir neçə il öncə sürüşmə zonalarının xəritəsini tərtib etmişdi. Xəritədə Bayıl, Badamdar, Zığ şossesi, Günəşli, Əhmədli qəsəbəsi və sair. Aktiv sürüşmə zonaları göstərilirdi. Aktiv sürüşmə zonasında hündürmərtəbəli binaların tikintisinə niyə icazə verilir ki?  



“Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz”


Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Z.Budaqova “Şərq”ə açıqlamasında qeyd etdi ki, metro stansiyalarının üzərində hündürmərtəbəli binalar tikmək çox təhlükəlidir: 

“Ümumiyyətlə, metrostansiyalar olan yerlərdə ətraf ərazidə mümkün qədər boşluq saxlanmalıdır ki, həm sərnişinlərin gediş-gəlişinin rahatlığı təmin edilsin, həm də bir hadisə baş verəndə sərnişinləri tez təxliyə etmək mümkün olsun. Metrostansiyaların ticarət obyektləri ilə basdırıldığı bir vaxtda bunu etmək qeyri-mümkündür. Metro strateji obyektdir. Orada maksimum təhlükəsizlik təmin edilməlidir. Hələ sovet vaxtı məsələ qaldırılmışdı ki, «İçərişəhər» və «Sahil» stansiyaları İçərişəhər üçün də, paytaxtın dənizkənarında yerləşən tikililər üçün də ziyanlıdır və bu iki stansiyanın bağlanması təklif olunurdu. «İçərişəhər» metrostansiyası İçərişəhərin, bilavasitə Şirvanşahlar sarayının altından keçir. İçərişəhərdə yaşayanlar həmişə deyirlər ki, metro keçəndə evdə səsini də eşidirik, titrəyişi də hiss edirik. Bu metrostansiya bizim tariximizi təhdid edir. Bizə tariximiz əzizdir, yoxsa metrostansiyası? Eləcə də «Sahil» metrostansiyası ətrafdakı bütün tarixi binaları təhdid edir. «Sahil» metrostansiyası tərəfdəki binaların çoxu mavritan stilində evlərdir. 4-5 mərtəbəli binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, ovaxtkı memarların biliyi yox idi, yoxsa onlar 10 mərtəbəli binalar tikə bilməzdilər?! Binaları ona görə alçaq mərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın, ərazi yüklənməyə məruz qalmasın. O binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilmişdi. Abşeron yarımadasında dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz”. 

Z.Budaqova qeyd etdi ki, bütün tikililərdə ağırlıq yükü nəzərə alınmalıdır. Metronun da, tunellərin də üzərində tikinti aparmaq olar. Amma baxır, necə:

“Əgər tikinti metro tunelinin üzərində aparılırsa, mütləqdir ki, fundament tunelin kənarlarına düşsün. Bərk hissəyə. Ağırlığın altı boşluq olmamalıdır. Tikililərin fundamentini bacardıqca kənarlara yerləşdirmək lazımdır. Tunelin üzərində ancaq 2-3 mərtəbəli tikilinin olmasına icazə verilir. Metro salınarkən də tunelin küçələrin altı ilə keçməsinə diqqət edilməlidir ki, hündürmərtəbəli binalar, ağır tikililər olmayan ərazilərə düşsün. Hər tikilinin özünün incə nöqtəsi var. Məsələn, bir körpünün elə yeri var ki, ora nə qədər təzyiq etsən də, bir-iki daş ancaq qopub düşər. Elə yeri də var ki, kiçicik bir titrəyişdən bütün körpü uçulub dağılar. Tunellər də belədir. Tunellər elə inşa edilməlidir ki, ora ağırlıq düşməsin. İndi soruşuram, «Sahil» metrostansiyasının üzərində o boyda binanın tikilməsinə nə ehtiyac vardı? Həmin ərazidən faktiki olaraq keçib getmək mümkün deyil. Dar, ensiz küçədə 10 mərtəbəli yaşayış binası, 3 mərtəbəli ticarət mərkəzi, səfirliklər, ofislər, yeməkxanalar, şirniyyat mağazası, nə qədər satış məntəqələri yerləşdirilib. İnsanların metro stansiyasına girişi də, çıxışı da keçilməz olub. Dünyada nəhəng tikintilərin aparıldığı ölkələr var. Məsələn, Ukraynada Kiyev metrosunun tikintisi üçün Dnepr çayının altı ilə qazıntı aparıblar. Görünür, buna zəruri ehtiyac olub ki, ediblər. Amma Bakıda «İçərişəhər» metrosunun qədim qala divarlarının altı ilə aparılmasına nə ehtiyac vardı? Başqa ərazidə də bunu etmək olardı. Deyək ki, o zaman sovet quruluşu idi, bizim istəyimizə baxmadılar. Bəs indi? İndi kimdir qarşımızı kəsən? İndi də tarixi abidələrimizə qənim kəsilmişik. Həm tariximizi dağıdırıq, həm də insanların həyatını təhlükə altında qoyuruq". 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu