YAP rəsmisi: "İlham Əliyevin 750 min təbliğatçısı var"

"Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə təlatümlü bir dövr kimi daxil olub. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı “olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Xalq müstəqilliyin sevincini yaşamaq imkanında deyildi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə çətin məqamda xalq üzünü ulu öndər Heydər Əliyevə tutmaqla bugünkü uğurlarımızı, müstəqil Azərbaycanın bir dövlət olaraq varlığının təsdiqini təmin etdi".

Bu sözləri Ulu öndər Heydər Əliyevin anım mərasimində çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 16 ildir Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir:

“Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərkən bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 750 minə yaxın üzv birləşib. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarını, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinin təbliğatçısıdır. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın yoluna işıq salır, onun hədəflərini açıqlayır. Dövlətimizin başçısı İlham Əliyevin gerçəkliklərə əsaslanaraq söylədiyi “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir” fikirləri Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolun aydın mənzərəsini yaradır. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir”.

S.Novruzov Azərbaycanın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxmasının möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslandığını vurğulayıb:

“Tarixə qısa nəzər salsaq, Yeni Azərbaycan Partiyasının 1998, 2003, 2008, 2013 və 2018-ci il prezident, 1995, 2000, 2005, 2010, 2015-ci il parlament, 1999, 2004, 2009, 2014-cu il bələdiyyə seçkilərində uğur qazanmasını şərtləndirən də məhz bu amillərdir. Bununla yanaşı, partiyanın Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günədək üç dəfə ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər də xalqımız tərəfindən dəstəklənmişdir. “Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.

Həmçinin, noyabrın 28-də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentdə təmsil olunan partiya üzvlərinə parlamentin buraxılması təşəbbüsünü irəli sürməsini tövsiyə etməsi, bu tövsiyəyə uyğun olaraq Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət, həmçinin ölkə Prezidentinin parlamentin müraciətində göstərilmiş məsələnin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, dekabrın 4-də Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarı, dövlətimizin başçısı İlham Əliyevin 5 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncamı da Yeni Azərbaycan Partiyasının davamlı inkişafa, təkmilləşməyə verdiyi töhfələrinin miqyasını genişləndirmək istəyindən irəli gəlir. Xalqımız tam əmindir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə davam etdirən, təkmil islahatların müəllifi kimi tanınan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin nəticəsində 23 dekabr bələdiyyə seçkiləri, eyni zamanda, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycanın, partiyanın tarixinə növbəti uğur, qələbələr səhifəsini yazacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu