Evlənmək istəyən doqquz nəfərdə QİÇS aşkarlandı

Noyabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, doqquz nəfərdə isə QİÇS aşkar edilib. Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 10139 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“375 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, bu ilin doqquz ayı ərzində nikaha daxil olmaq üçün 126402 nəfər müayinədən keçib:

“Onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub. 
2015-ci ildən indiyədək 626215 nəfərdə qan müayinəsi aparılıb.

21628 cütlükdən birində talassemiya daşıyıcılığı, 232 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu