Qış turizmi üçün şərait var, amma... – Avropa təcrübəsindən yararlanmaq lazımdır

Azərbaycanda yay turizmi inkişaf etsə də, qış turizmində axsama var. Halbuki, qış turizmindən xeyli mənfəət əldə edən ölkələr var. Məsələn qonşu Gürcüstan, qardaş Türkiyədə qış turizmindən hər mövsüm milyonlarla vəsait qazanılır, iqtisadiyyatın dirçəlməsinə zəmin yaradır. Kifayət qədər populyar olan qış turizmi Azərbaycanda tam inkişaf etməyib. 

Təbii ki, Şahdağ Turizm Mərkəzi hazırda yerli və xarici turistlərin ixtiyarındadır. Lakin Azərbaycanın coğrafi relyefi bu cür mərkəzlərin sayını artırmağa imkan verir. Ekspertlər də belə qənaətdədirlər ki, ölkəmizdə qış turizminin inkişafına şərait var. 

İqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a bildirib ki, mövcud potensialdan səmərəli istifadə etmək üçün addımlar atılmalıdır: 

“Elə ölkələr var ki, oralarda qış fəsli ümumiyyətlə olmur. Adamlar illərlə qara həsrət qalırlar. Lakin Azərbaycanda qış turizmi üçün lazımi şərait var. Bunu Qusardakı, Qəbələdəki infrastuktur sübut edir. Mən həmin ərazilərdə olmuşam və görmüşəm ki, hər şey yüksək səviyyədədir. Ancaq qiymətlərin fantastik dərəcədə baha olması çoxlarının qış fəslindən həzz almaq arzusunu ürəyində qoyur”. 


“Qiymətlərin fantastik dərəcədə baha olması çoxlarının qış fəslindən həzz almaq arzusunu ürəyində qoyur”


Ekspert deyir ki, qiymətlərin baha olması belə obyektlərin sayının azlığı ilə bağlıdır: 

“Dediyim kimi, Azərbaycanda qış turizminin inişafı üçün şərait var. Amma Şahdağ Turizm Mərkəzi kimi obyektlərin sayı daha çox olmalıdır ki, rəqabət yaransın. Əgər  yeni mərkəzlər tikilib istifadəyə verilsə, əvvəlkilər öz müştərilərini itirməmək üçün avtomatik olaraq qiymətləri aşağı salacaqlar”. 

N.Cəfərli vurğulayıb ki, qış turizmini daha da inkişaf etdirmək üçün Avropa təcrübəsindən yararlanmaq lazımdır: 

“Belə ki, bir çox Avropa ölkələri 90-cı illərə kimi qış turizminə ancaq lüks seqmentdən yanaşırdılarsa, sonradan bu sahədə orta və kiçik seqmenti də tətbiq etməyə başladılar. Əvvəllər qış turizmini yalnız lüks istirahət növü hesab edən Norveç, İsveç, Danimarka, İtaliya kimi ölkələr sonralar bu istiqamətin hər kəs üçün əlçatımlığı barədə düşünməli oldular. Nəticədə daha az xərcə home-otellər (ev-otellər) istifadəyə verildi. Düşünürəm ki, biz də orta və kiçik seqment amilini nəzərə almalıyıq. Belə olan halda həm də turizm sahəsində bölgədəki rəqiblərimizi, xüsusilə Gürcüstanı qabaqlaya bilərik”.  

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu