Davudoğlu "Gələcək"? - Sabiq nazirin partiyasının uğur qazanacağına inam azdır

“1992-ci ildən bu yana qədər Türkiyədə yeni qurulmuş partiyaların çoxu uğur qazanmayıb”. Bunu Sherg.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Analitik bildirib ki, əvvəlki partiyalar siyasi ağırlığını qoruduğu müddətdə yeni təşkilatın şansı çox az olub: 

“Əhməd Davudoğlu Türkiyənin siyasi tarixində önəmli şəxslərdən biridir. O, Türkiyə siyasi həyatına müəyyən töhfələr verib və uğurları ilə, eyni zamanda uğursuzluqları ilə bir dövrə möhrünü vurub. Məsələ ondadır ki, Türkiyənin xarici siyasətində tənqid olunan məqamların çoxu məhz Davudoğlunun vəzifədə olduğu dövrdə meydana çıxıb. Davudoğlu AKP-də olduğu dövrdə, baş nazirlikdən getdikdən sonra ortaya konkret mövqe qoymayıb, tənqidi fikirlərini səsləndirməyib. Ümumi açıqlamalarla gündəmə gəlib və onu vəzifədən göndərən indiki Prezidentə təşəkkürünü bildirib. Ancaq xeyli müddət keçəndən və partiyadan uzaqlaşandan sonra iradlar bildirməyə başladı. Bu davranış türk toplumunda yaxşı qarşılanmadı və Davudoğlunun mövqelərini zəiflətdi. Ümumiyyətlə Türkiyə siyasətində liderə qarşı açıq şəkildə mübarizə aparmadan partiyadan ayrılmaqla və yeni qurum yaratmaqla uğur qazanmaq mümkün deyil. Hətta sədr əleyhinə çıxaraq yeni siyasi təşkilat quranlar da əksər hallarda uğur qazanmayıblar”. 



Araz Aslanlı: "Əgər AKP-də çox ciddi dağılma prosesi gedərsə və seçicilər özünə alternativ axtararsa, yalnız o halda Davudoğlunun partiyası siyasi proseslərdə ciddi fiqura çevrilə bilər"


Ekspert vurğulayıb ki, Türkiyədə sağ və sol cinahlardan bir partiyaçılıq ənənəsi mövcuddur: 

“Partiyaçılıq ənənəsindən kənara çıxanların ayaqda qalması, özünü təsdiqləməsi demək olar ki, mümkün olmur. Biz bu nümunəni rəhmətlik Böyük Birlik Partiyasının sədri Muhsin Yazıçıoğlunun timsalında gördük. Yazıçıoğlu Davudoğlu ilə müqayisədə kifayət qədər güclü lider idi və böyük nüfuza sahib idi. Ancaq partiyası 1 faizdən artıq səs toplaya bilmədi. Əgər AKP-də çox ciddi dağılma prosesi gedərsə və seçicilər özünə alternativ axtararsa, yalnız o halda Davudoğlunun partiyası siyasi proseslərdə ciddi fiqura çevrilə bilər”. 

A.Aslanlının fikrincə, Davudoğlunun partiyasının parlamentə düşməsi mümkündür: 

“Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiyanın özü bu ənənəni yaşayıb. İndi eyni metoddan istifadə edərək "Gələcək" Partiyasının da parlamentə girməsini təmin etmək istəyirlər. Düzdür, bu yanaşma Türkiyədə siyasətçilər tərəfindən tənqid olunan məsələdir. Ancaq AKP-nin zəifləməsində maraqlı olan siyasi qüvvələr bunu reallaşdıra bilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu