“Haqq mənəm...” tamaşası barədə düşüncələr!

Ramiz Göyüşov 



Bu il noyabrın 19-da Rəşid Behbudov adına Mahnı Teatrında Əməkdar Mədəniyyət işçisi İftixar Piriyevin Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Haqq mənəm ...” pyesi əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası oldu. Şair-dramaturq İftixarın quruluşunda  və onun  pyesi əsasında səhnələşdirilən tamaşa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdı. Təşkilatçı qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi çıxış edirdi. Əsəri tamaşaya C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teartının kollektivi qoymuşdu. Mən də tamaşaçı  qismində tamaşada iştirak edirdim.

...Bu il böyük  Azərbaycan şairi İmadəddin Nəsiminin  650 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr 2018-ci il tarixli sərəncam imzaladı. Sərəncamda deyilirdi: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq  yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır”. Nəsimi irsinin humanitar tələblər kontekstində aktuallığını, milli, mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq Prezidentimiz cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan etdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli qərarı ilə yubileyin keçirilməsi ilə  əlaqədar Tədbirlər planı təsdiq edilərək icrasına başlandı.

2019-cu ilin əvvəlindən başlayaraq mütəfəkkir şairin  650 illik yubileyi ilə bağlı müxtəlif səpkili və miqyaslı tədbirlər keçirilməkdədir. Məlum olduğu kimi Nəsimi 600 illik yubileyi YUNESKO səviyyəsində keçirilmiş ilk Azərbaycan şairidir və bu tədbirin keçirilməsi birbaşa Ümumumilli  liderimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Nəsimi haqqında ən mükəmməl əsərlər də məhz keçən əsrin 70-ci illərində yaranmışdır. Üstündən 50 il keçməsinə baxmayaraq, Nəsimi dühasının böyüklüyünü əks etdirən bu əsərlər şairin obrazını ifadə edən ən yaxşı əsərlər kimi bu gün də məhşurdur. (İsa Hüseyn və Həsən Seyidbəylinin, “Nəsimi” filmi, heykəltaraş Tokay Məmmədov və İbrahim Zeynalovun Nəsiminin Bakı şəhərində abidəsi, Qabilin” “Nəsimi” poeması, Fikrət Əmirovun “Nəsimi Dastanı”, İsa Hüseynovun “Məhşər” romanı və s. əsərlər).

Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi barədə sərəncamları bu mövzuda da Ulu öndərin varisi kimi missiyanı davam etdirməklə, həm də Nəsimiyə  böyük dəyər verməklə əslində bütün yaradıcı insanlara və tarixçilərə, elm adamlarına ünvanlanmış bir səmimi mesaj idi. “Buyurun bu da meydan”. 

Qeyd etməliyəm ki, “Nəsimi ili” ərzində mütəfəkkir şair və filosofun həyat və yaradıcılığını, onun ideyalarını özündə əks etdirən əsərlər yaradılıb və bu işlər təqdirəlayiqdir. Nəsimi haqqında  onun janrından və miqyasından aslı olmayaraq  yaranan nə varsa  Nəsimini bizə o qədər yaxınlaşdırır, onu bizimkiləşdirir, doğmalaşdırır. Bu yazı  da mənim İftixar Piriyevin  iki hissəli bir pyesi haqqında bir oxucu-tamaşaçı kimi fikirlərimi oxucularla və teatrsevərlərlə bölüşməkdən  başqa bir şey deyildir. Necə olmasından asılı olmayaraq bu da əsər haqqda bir tamaşaçı, oxucu rəyidir. Məlum olduğu kimi  Nəsiminin 600 illik yubileyi Sovet Hakimiyyəti dönəmində keçirilmiş və onun haqqında yaradılan əsərlərin hamısı o zamanki ideoloji tələblər baxımından yaradılmışdır. Təbii ki, bu da başa düşüləndir. Sovet ideologiyası ateizmi təbliğ edirdi. Bu baxımdan Nəsimiyə tarixi şəxsiyyət kimi yanaşma, onun ideya və  fikirlərinin təhlili indikindən fərqli idi. Prezident sərəncamında qeyd edildiyi kimi “Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri baxımından araşdırmasının aktuallığı” ona yeni yanaşma tələb edir. Mən də şair-dramaturq İftixarın “Haqq mənəm...” pyesini məhz müasir yanaşma tərzindən izah etməyə çalışacam.

İftixar müəllimlə Nəsimi haqqında bir araşdırma, əsər, məqalə yazmaq haqqında söhbətlərimiz hələ bu ilin əvvəllərində olmuşdu. Lakin hiss edirdim ki, o bu fikrində tərəddüd edir. Çünki tez-tez ünsiyyətdə olmağımıza baxmayaraq, İftixar müəllim həmin söhbətə qayıtmırdı. Lakin aradan bir müddət keçmiş ondan pyesin hazır olduğunu, artıq tamaşanın məşqlərinə başlandığını eşidəndə  biraz təəccüb etdim. Belə qısa bir vaxtda böyük şair  Nəsimi haqqında pyes yazmaq müəllifdən istedaddan savayı həm də Nəsiminin həyat və yaradıcılığı, dövrü haqqında informasiya,  araşdırma, təhlil tələb edirdi. İftixarın “Haqq mənəm...” pyesi mənzum-dram janrında və tarixi mövzuda yazılmşdır. Yazının bu yerində oxuculara xatırlatmaq istərdim ki, ədəbiyyat və teatr tariximizdə  mənzum-dram janrında zaman-zaman tarixi mövzularda əsərlər yaradılmış, tamaşalar hazırlanmış və bu tamaşalar hər zaman istər Azərbaycan, istərsə də digər xalqların tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Dediklərimə misal olaraq; Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi Xəzri kimi poeziya nəhənglərinin əsərlərini misal göstərmək olar. Bu əsərlərin yaranmasından uzun illər keçməsinə baxmayaraq bu gün də tamaşaçılar arasında məhşurdur və teatrlarımızın repertuarında yaşayır. Hətta bu əsərlər əhali arasında o qədər populyar olmuşdur ki, onları bütünlüklə əzbər bilən insanlar aramızda bu gün də yaşayır. Düşünürəm ki, İftixar Piriyevin tarixi mövzuya müraciət etməsi onun istedadı, poetik ustalığı, teatrşünaslıq və rejissorluğu ilə yanaşı, həm də onun cəsarətindən xəbər verir. Bir qayda olaraq, dramaturqlar əsəri yazanda onun səhnə həllini o qədər də təsəvvür edə bilmir.

Ancaq İftixar həm dramaturq, həm də rejissor olduğu üçün “Haqq  mənəm...”i yazarkən onun səhnə həllini, hətta hər bir surətin səhnədə yerini,
səhnənin dekorasiyasını,  rəssam tərtibatını hiss edib, görüb. Elə bu səbəbdən də əsərin səhnə həlli maraqlı alınıb.

Zənnimcə əsəri yaratmaqda İftixarın baş məqsədi Nəsiminin bir şair kimi, həm də bir filosof kimi nəhəngliyini göstərmək olmuşdur. Bu baxımdan müəllif məqsədinə nail olub desəm səhv etmərəm. Əsərin və elə tamaşanın da ən maraqlı cəhəti finalda Nəsiminin sağ qalması ilə bağlıdır. Təbii ki, bu tarixdə belə olmayıb və müəllifin təxəyyülünün məhsuludur. Fikrimcə, bu tapıntı İftixar müəllimin çox uğurlu tapıntısıdır. Xüsusilə tamaşanın finalı onun qəzəllərinin, ideyalarının həmişəyaşarlığı ilə həmahəng səslənir. Əgər 650 il keçdikdən sonra onun  yaradıcılığı bu gün də aktualdırsa, bu qədər sevilirsə,Nəsiminin adı, onun ilahi qəzəlləri bu qədər səslənirsə, deməli, Nəsimi aramızda yaşayır, elə sufi- hürufi təlimi kimi bir az məndə, bir az səndə, bir az onda təcalla edir. Fikrimcə Nəsiminin tamaşasının finalında sağ qalması elə bu fikirə xidmət edir.

Tamaşanın digər maraqlı bir cəhəti  Teymurləngin müsbət obraz kimi verilməsdir. Məlumdur ki, Sovet dönəmində, elə ondan sonra da uzun müddət Teymurləng bir fateh olmaqla bərabər həm də zalım, qaniçən, zülmkar, heç kimə yazığı gəlməyən, bir şah obrazı kimi təqdim olunmuşdur. 

Əsərdə Teymurun müsbət obraz kimi verilməsi müəllifin uğurudur desəm yanılmaram. Tamaşanın finalında Teymurləng Nəsimini edam etmir, ona yaşamaq haqqı verir,bağışlayır. Tarix baxımından, həm də müasirlik, türkçülük, turançılıq baxımından bu tapıntını da müəllifin uğuru kimi dəyərləndirmək olar. Yazının bu məqamında  Nəsimi ilə Teymurun final dialoquna oxucuların diqqətini cəlb etmək istərdim.



ƏMİR TEYMUR: Deyirlər ki, sən Həllac Hüseyn Mənsurun da aşiqisən. Hətta ilk şeirlərini Hüseyni təxəllüsü ilə yazıbsan. Nədir sənə Həllac Mənsuru sevdirən? Onun hikməti nədə idi? O, nə söyləyirdi?

NƏSİMİ: Ey könül, Mənsur ənəlhəq söylədi, Həqq idi, həqq dedi, həqq söylədi, 

ƏMİR TEYMUR: Mənim üləmalarım deyirlər ki, Nəiminin qüdrəti səndə təcəlladır...

NƏSİMİ:

Kim ki, əsrari-Nəsimi bilmədi,
İzzəti-fəzli-Nə`imi bilmədi...

ƏMİR TEYMUR: Gəl səni alım sarayıma, yaz-yarat.

NƏSİMİ: 

İki padişah bir saraya sığışmaz...
... Bir günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Ənəlhəq söylərəm həqdən, ələş-ərş istiva gəldi,
Üzündür sureyi-rəhman, ələl-rəhman əla gəldi.

Ətrafa dərin sükut çökür. Əmir Teymur Nəsimiyə yaxınlaşır. Nəsiminin gözlərinin içinə baxır. Nəsimi şəstlə dayanmışdır. 

ƏMİR TEYMUR: Sən ki belə cəsarət sahibisən, həqq deyirsən, həqqi özündə tapan hər bir insan azaddır, get, bağışladım səni...

Şeyx Zahid qəfl irəli çıxır... 

Şeyx Zahid: Hökmdar, zinhar bağışlamayın!..

Baş vəzir, üləmalar və bütün əyyanlar bir ağızdan səslənirlər.

XOR: Bağışlamayın, hökmdar, bağışlamayın!...

ƏMİR TEYMUR: ( bağıraraq), Kəsin səsinizi!.. Boş boğazlar!..Acizlər!.. İllərdir sizi bütün qənimətlərə şərik edirəm... Yağ-bal içində bəsləyirəm... Nəsiminin bir kəlamı yüz sizin kimi əbləhin varlığından üstündür!..(Əyyanlarına tərəf gedir. Onlara yaxınlaşar-yaxınlaşmaz uca səslə hər kəsə səslənir). Gün gələcək, bütün bəşəriyyət Nəsiminin qəzəllərini söyləyəcək , ancaq sizlərin heç birinizin adını xatırlayan belə olmayacaq. İnsanlar bir kərə mənim fatehliyimi dilə gətirəndə, min kərə Nəsiminin qəzəllərini dilə gətirəcəklər. Unutmayın, həşərat ölərkən həşərat kimi ölür, insan insan kimi. Siz hamınız həşərat kimi gəbərəcəksiniz. Nəsiminin ölümü də yaranışa bərabər bir möcüzə kimi tarixdə qalacaq. İtilin gözlərimdən... Yolun açıq olsun, Nəsimi...

NƏSİMİ: (Fəryad qoparır).

Bulmuşam həqqi, ənəlhəqq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm. 

Dərvişlər və müridlər meydana daxil olurlar, Nəsiminin səsinə səs verirlər.

Meydana toplaşmış bütün Nəsimisevərlər hamısı dərvişlə müridlərə qoşularaq meydanı ələ alırlar. Meydanda yaranan böyük izdiham getdikcə böyüyür. Meydandakılar bir ağızdan Nəsiminin qəzəlini oxuyurlar. Tədricən ətraf qaranlığa qərq olur. Bir an sonra göydən işıq süzülür. Nəsimi üfüqdə günəş kimi şölələnir. 

İstər əsəri oxuduqca, istərsə də tamaşaya baxdıqca müəllifin digər bir tapıntısının şahidi olursan. Əvvəla  onu qeyd etməyi zəruri hesab edirəm ki, müəllif əsərdə nəsrdən və Nəsiminin qəzəllərindən məharətlə istifadə etməklə maraqlı dialoq qura bilib. Sanki əsərdə və tamaşada istifadə olunan nəsrin də müəllifi Nəsimidir. 

Müəllif dialoqdan istifadə etməklə Nəsiminin qəzəllərinin hikmətini və bütünlüklə Nəsiminin obrazını, onun nəhəngliyini tamaşaçının gözləri qarşısında canlandırır.

Mənim fikrimcə müəllifin Nəsiminin qəzəllərindən dialoq qurması da çox canlı və uğurlu alınmışdır. Məlumdur ki, Nəsiminin yaşadığı dövrdə onun yaşadığı ərazilərdə fars və ərəb dilləri hökmran dil idi və o zaman ədəbiyyat və poeziya da bu dildə yaradılırdı. Nəsiminin böyüklüyü ondadır ki, ərəb və fars dilinin hökmran olduğu bir dönəmdə o, həm də türk dilində, ana dilində yazıb yaradıb. Nəsiminin qəzəllərinin dili bu gün işlətdiyimiz ana dilimizdən o qədər də fərqlənmir. İftixar müəllim qəzəllərdən dialoq qurmaqla dilimizin gözəlliyini, şirinliyini, qüdrətini müasir Azərbaycan oxucusuna çatdırmaqla müqqəddəs bir məqsədə xidmət etmişdir.

İftixar müəllim nəinki pyesi yazarkən, hətta pyesin səhnə həyatını düşünərkən Nəsimi dövrü ilə yaşamışdır. Deyirlər Üzeyir bəy deyirmiş ki, “Bülbül olmasaydı,Koroğlu operası yaranmazdı”. Mənim qənaətimcə İftixar müəllim “Haqq mənəm...” i yazanda ilk növbədə Nəsimi rolunun ifaçısı Natiq Həziyevi düşünüb. Ona görə də əsər bu qədər uğurlu alınıb. Ümumiyyətlə, mən hər dəfə istər aktyor kimi, istərsə də rejissor kimi İftixar müəllimin səhnə əsərlərinə baxdıqca onun necə obraza girdiyinin, yaratdığı obrazların necə rol oynadığının dəfələrlə şahidi olmuşam.

“Haqq mənəm...” tamaşasını təqdim edən aktyor ansamblı haqda danışmamaq mümkün deyil. Ümumi götürdükdə çox maraqlı bir aktyor ansamblı yaratmaqla İftixar müəllim tamaşanı yüksək səviyyədə tamaşaçıya çatdıra bilib. Mən ansambl ifadəsini təsadüfən işlətmədim. Bütün tamaşa boyu hər bir aktyor hadisələri o qədər peşəkarcasına təqdim edir ki, tamaşaya həyəcansız baxa bilmirsən. Bununla yanaşı tamaşada əsərin baş qəhrəmanı, Nəsimi rolunun ifaçısı Natiq Həziyevi, Şeyx Zahid rolunun ifaçısı Bəhruz Hikmətoğlunu, Afət rolunun ifaçısı Müdvər Nemətovanı xüsusilə qeyd etmək istərdim.

Ümumiyyətlə,əsərin müəllifindən tutmuş  texniki heyətə qədər kollektivin hər bir üzvü tamaşanın uğurlu alınması üçün gərgin əmək sərf ediblər. Mən başda İftixar müəllim olmaqla kollektivin hər bir üzvünü bu uğurlu əsəri ərsəyə gətirdiklərinə görə təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu