Xalq artistinin ev qalmaqalı: Nə baş verir?

Noyabrın 26-da Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində divarı uçan və qəzalı vəziyyətdə olan evdən hələ də sakinlər tam köçürülməyib.

Axar.az xəbər verir ki, xalq artisti Şeyx Əbdül Mahmudbəyovun ailəsi də daxil olmaqla bir neçə ailə tam uçmaq təhlükəsi ilə üz-üzə olan binada yaşayırlar. Sakinlər bildirirlər ki, bu əraziləri FF2011 MTK alsa da, binanın tikintisinə icazə verilmədiyi üçün hər şey yarımçıq qalıb: binanın tikintisi də, onların köçürülməsi də...

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov saytımıza açıqlamasında qeyd edib ki, MTK sahibi bu ərazini alaraq, yaxınlıqda bina tikintisinə başlasa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi MTK-nın sənədlərini qanunsuz olduğunu bildirərək, tikintini dayandırıb:

“Şəhərsalma və Arxitektura Komitəsi Hacıbala Abutalıbovun vaxtında Bakı Şəhər İcra Hakimiyyətinin FF2011 MTK-a binanın tikintisi üçün verdiyi qərarı tanımır və ləğv edilməsini tələb edir. Biz isə bilmirik nə edək. Əvvəlcə MTK-nın üzərinə düşdük ki, binanı tikib, sakinləri köçürmək istəmir. Lakin sonradan məlum oldu ki, komitə MTK-nın apardığı işi qanunsuz sayaraq, prosesi dayandırıb”.

Bakı şəhər sakini Elçin Rəfiyev bildirib ki, özü və 2 qardaşı mənzil almaq üçün FF2011 MTK-ya ödəniş etsələr də, hələ də gözləyir:

“Biz 3 qardaş bu binadan ev almışıq. Başqasının haqqına girmirik, MTK-ya bunun üçün pul ödəmişik. İndi evimizi istəyirik. FF2011 MTK sahibi deyir ki, bu məsələ onlarlıq deyil, Şəhərsalma və Arxitektura Komitəsi binanın tikintisinə imkan vermir”.

FF2011 MTK-nın sahibi Tamilla İbrahimovanın oğlu Fərrux İbrahimov isə deyib ki, binanın tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən icazə sənədi var, ancaq Şəhərsalma və Arxitektura Komitəsi tikintini dayandırıb:

“Bina uçan zaman Nəsimi Rayon İcra Hakimiyyətindən bizə tapşırıq verildi ki, sakinləri kirayə evlərə köçürək. Biz 16 ailəyə onsuz da kirayə haqqı ödəyirdik. İndi də 13 ailənin kirayə haqqını ödəməliyik. Bu da ümumilikdə 29 ailə edir. İş 5 aydır dayandırılıb. Bundan başqa öhdəlik qoyulub, 600 min manat vergi ödəməliyik. Tikintiyə icazə vermirlər deyə, dövlətə vergi borcumu da ödəyə bilmirəm. Həm dövlətə, həm sakinlərə, həm də şirkətə zərər dəyir. Sakinlərin köçürülməsinin gecikməsinə əsas səbəb Şəhərsalma və Arxitektura Komitəsi yaradır. Paytaxtda bina tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan zaman bizə binanın tikintisi üçün icazə sənədi verildi. Həmin ərəfədə BŞİH-də bu işə baxan şəxs vəfat etmişdi. Bu səbəbdən Hacıbala Abutalıbov icrada Aparat rəhbəri vəzifəsində çalışan Rasim Quliyevə rəsmi surətdə, qanunla səlahiyyət verib ki, tikintinin aparılmasına dair sənədə qol çəksin. Bunu qeyri-qanuni saymaq nə qədər doğrudur? Bizə Şəhərsalma və Arxitektura Komitəsi bildirir ki, meriyanın Aparat rəhbəri Rasim Quliyev qol çəkdiyi üçün sizin sənəd qanunsuzdur. Bu səbəbdən mən Hacıbala Abutalıbovun baş nazirin müavini olan dövrdə qəbuluna getdim. Rasim Quliyevin bizim sənədlərə qol çəkmək üçün səlahiyyətinin olub-olmamasını soruşdum. O da təsdiqlədi ki, Rasim Quliyevin belə bir ixtiyarı var idi. Hacıbala Abutalıbov mənə 2017-ci ilə aid imzalı sənəd verdi. Həmin sənəddə bildirilir ki, “BŞİH-nin müavini Rauf Pənahovun vəfatı ilə əlaqədar onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Rasim Quliyevə həvalə edilsin”. Şəhərsalma və Arxitektura Komitəsi BŞİH-ə müraciət edir ki, FF2011 MTK-nın tikintiyə dair sərəncamı ləğv edilsin. Səbəb də onu göstərirlər ki, Rasim Quliyevin sənədə qol çəkməsi düzgün deyil. Bu qərarın ləğv edilməsi ilə bağlı göstəriş veriləndə isə artıq bu binanı 6-cı mərtəbəyə qədər tikmişdik. Biz Bakı Şəhər İcra Hakimiyyətini verdikləri qərarı sonradan ləğv etmələri səbəbindən məhkəməyə verdik. Lakin məhkəmə də işə baxmadı deyə, 3 gün bundan əvvəl ərizəni geri götürdük”.

Sözügedən iddialarla bağlı saytımıza açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, binanın tikintisi üçün MTK-dan müraciət daxil olmayıb:

“FF2011 MTK-nın əməkdaşları komitənin rəsmiləri tərəfindən bir neçə dəfə qəbul edilib, onlara tikintinin qanunsuz aparıldığı və qanunvericilik çərçivəsində tikinti layihəsi ilə müraciət etməli olduqları barədə tövsiyələr verilib. Lakin indiyədək hələ də FF2011 MTK tərəfindən sözügedən binanın tikintisinə icazə ilə əlaqədar komitəyə müraciət edilməyib”.

Qeyd edək ki, binaya işıq və qazın verilməsi də təhlükəsizlik səbəbindən dayandırılıb və ailələr soyuq havada tamamilə çarəsiz vəziyyətə düşüblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu