Ehtiram İlham: "Hər adamın yanında hər şey danışılmaz, o ki qala şeir ola" - MÜSAHİBƏ

"Dərdli adamların gözü kədər poeziyasını axtarar"



"Kitabı o adamlar sevir ki, Allahını tanıyır və böyüyünün qədrini bilir. Görünür, cəmiyyətimiz həm də ona görə bu qədər boz-bulanıq hala gəlib ki, kitabsız adamlar at oynadır"



Müsahibimiz tanınmış şair (əminəm ki, özü bu “tanınmış şair” ifadəsinə şübhə ilə yanaşır) Ehtiram İlhamdır. Əslində, şairi ilk dəfə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının onun 50 illik yubileyi ilə bağlı yazdığı səmimi, bir az da ekstaz yaşadan yazıdan sonra qiyabi olaraq tanıdım. Bundan sonra E.İlhamı daha yaxından əxz eləmək məqsədilə şeirlərini axtarıb tapdım. Eyni zamanda onu sosial şəbəkə üzərindən izləyərək düşüncələri ilə daha yaxından tanış oldum. 

Şəxsiyyət və yaradıcılığından az-çox hali olduqdan sonra məndə maraq və hətta təəccüb doğuran məqam o oldu ki, axı belə yazıb-yaradan, şəxsiyyətini, simasını ədəb-ərkanını qoruyan adam niyə mediadan uzaq düşsün, niyə ictimaiyyətin gözündən, könlündən qıraq gəzsin. Məhz bu suallarıma cavab tapmaq üçün şairlə əlaqə yaratdım. Söhbətimizi ən xırda detallarına qədər təqdim edirəm.  

- Salam, Ehtiram bəy, necəsiniz? 

- Salam qadan alım.

- Qada görməyin!

- Allah səni var eləsin! 

- Cümləmizi! Müsahibə istəyirəm, mümkündürmü?

- Yoldayam.

- Nə vaxt söhbətləşə bilərik?

- Hələ de görüm, mənim Akif dərdişim hancarıdı, haralardadı?

- Yaxşıdı, Gəncədə mühüm səfərdədir.

- Həmişə yaxşı olun! Akif Səməd deyirdi Gəncəyə kimi Gəncəbasardı, oradan o yana İncəbasar... (gülür)

- Yaxşı deyirmiş, rəhmətlik.

- Şair, söhbətə başlayaqmı?  

- Şair kimdi, dərdiş?

- Sizi şair kimi tanıyıram... (“Duruxuram, görəsən yanlışmı etdim” deyə düşünürəm)

- Deyəsən, müsahibim vəziyyətimi hiss etdi. Və qısa arayış verdi: 

- Şair böyük adam olur, biz kimik ki…

- Təvazökarlıq edirsiniz... Şeirləriniz oxunur, bəyənilir... - deyib dərhal suala keçirəm.

- Şair, nə yazırsınız və ümumiyyətlə, niyə yazırsınız?

- Maraqlıdı... Çay niyə axdığını, axşam niyə batdığını, ot niyə yaşıllandığını bilirmi heç. Yəqin, şeirin özü də niyə yazıldığının fərqində olmur. Mənim aləmimdə, yazmamaq mümkün olmayanda yazılan hiss, duyğu halıdı şeir. Şeirin havasına düşmək adamı alıb aparır. Elə bir yerə ki, orda demək və görmək istədiyini şeirin özündə tapırsan. Həm də şeiri içinə çəkib yaşayırsan. Bunun ləzzəti isə ayrı bir aləmdi. Mənimçün şeir bütöv bir sistemi özündə ehtiva etməlidir. Təkcə maraqlı deyim tərzi, sərrast fikirləri ilə şeir bütöv olmaz. Onun özünəməxsus intonasiyası da olmalıdır, nəfəsliyi də. Onda ləngərli misra da olmalıdı, axıcı bir bənd də... Şeirin yaxşı məziyyətləri xeyli çoxdu. Hamısı bir yerdə olanda isə poeziya yaranır. Bunu isə əsl istedad yarada bilir. İstedad isə həmişə özüdür. Həmişə təzədi. Və pozulmazdı.

- Bilmək istərdim ki, kimi özünüzə ustad hesab edirsiniz, yoxsa bu sahədə ustad yoxdu?

- Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdi.

- Sərbəst və heca vəzni həmişə müzakirə və mübahisə predmeti olub. Kimi iddia edir ki, şeirdə ölçü-biçi olmalıdır, kimi də düşünür ki, şeir sərbəst olmalıdı. Hətta hecada yazanları aqrar şair də adlandıranlar var.  Bu barədə nə düşünürsünüz?

- Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Amma heca vəzninə sən dediyini söyləyənlər, təkcə səhv düşünmürlər, əgər doğrudan da belə qənaətdədirsə, onlar sadəcə qələt eləyirlər. Bizim - Azərbaycan türkünün vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Onlardan ki, heç kim niyə belə yazdığının hesabını sormur. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun.

- Aqrar şair, burjua şair məsələsinə necə baxırsınız?

- Görünür, həmin gənc şairlərin boş vaxtı çox olur ki, belə mənasız bölgülər aparmağa sərf etdikləri zamana heyfləri gəlmir. Var şair, bir də var Nazim. Nazim sözləri nəzmə çəkər. Orta əsrlərdə, elə indinin özündə də belələrinin sayı yetərincədi. Amma şair... həmişə şairdi. Taleyi yazılanda, Allah özü ona verdiyi ilhamına görə də onun bölgüsünü göylərdə aparır və adını şair qoyur. Bütün bölgülər bu addan sonra gəlir. Şair Hüseyn Cavid kimi səma şairi olar, şair Tofiq Fikrət kimi millət şairi olar, Musa Yaqub kimi təbiət şairi olar. Yoxsa bu nədir - burjua şairi, kənd şairi, şəhər şairi? Yəni, demək istəyirəm, şair göylərdə fələklə əlləşər. Yerlərdə onun qisməti küləklər, kələklər olar. Bir də olsa-olsa şair kimlərdənsə kömək uma bilər.

- Kömək ummaq demiş, bu məsələ ətrafında da sosial mediada xeyli müzakirələr aparıldı. İddia edirlər ki, bu nədi hansısa şairin "əli-ayağı aşağı olanda", pis dolananda, xəstələnəndə ondan-bundan pul dilənir. Razısınızmı?

- Keşkə istedadı olan bir insanın - şairin, yazı-pozu adamının normal işi-gücü ola. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə bilə və kimsədən də asılılığı olmaya. Amma axı bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yolu qalır: ya yuxarılara boyun əyməlisən. Bu yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma...." ehtiyacın qəhrəmanı da qul etdiyi" barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi...

- “Yazıçı mütləq alkol içməlidi və ya içməsə nəysə alınmır, yaza bilmir” düşüncəsi sizdə hansı qənaəti formalaşdırır?

- Yox, o ciddi söhbət deyil axı. İlhamı, təbi və istedadı o qədər kiçiltmək olmaz, vallah. Mey-məzə məclisləri adamı şeirə-sözə doğru çəkir, bu, doğrudur. Elə məclislərdəki aura çox poetik və cəlbedici olur şair üçün. Söz adamı özünü o cür yerlərdə rahat hiss edir. Çünki özü ağılda olan adamların arasında şair içini daha çox aça bilir. Hamının yanında deyə bilmədiklərini elə yerlərdə asanlıqla dilə gətirən qələm adamının, başa düşüldüyü yer üçün sino getməyi, adi şair halıdır. Belə məclislər, adi insanlardan ötəri də xeyli cəlbedici olduğundan, imkanlı olanları şairlərə qonaqlıq verməyə həvəsli olur. Meylə keçən məclislərin, dolub-boşalan badələrin yazı-pozu adamına qələmini qətdəməyə köməyi olduğuna çox da inamlı deyiləm. Yaradıcılıqla bağlı ötəri bir "qığılcımlar"ın olması baş verəndi. Amma içkinin yaradıcılıq üçün "ilham mənbə"yinə çevrilməsinə inanmayın. Bunu sizə, həm də elə məclislərin daimi təşkilatçı-iştirakçılarından biri kimi, təcrübəmdən çıxış eləyib bəyan edirəm.

- Aydın məsələdir ki, poeziya başqa bir sahədir, fəlsəfə isə bir başqa. Fəlsəfə olduqca dərin intellekt tələb edən elmdir. Poeziya isə elm hesab olunmur. Şeirə elm-fəlsəfi düşüncə gətirmək doğrudurmu? 

- Olsun. Hərə şeirdə öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzər, vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyər, dərdli adamların gözü kədər poeziyasını axtarar, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzər. Əgər arzuladığına çata bilibsənsə, deməli, qarşındakı şeir olub. Poeziya da əslində elə budur.  Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun, badənin "sayı"na "çata bilən" şeirlə başı girləmək olar. Çünki "zövqlər dartışılmaz" məntiqi burda yerinə düşür.

- İddialar var ki, yaxşı poeziya nümunələri yaranmır, yarananlar da Biləcərini o tərəfə keçə bilmir. Doğrudurmu? 

- "Bizdə şeir də yaranır, şənət də". Yaranmadığını iddia edənlər Musa Yaqubun, Məmməd İsmayılın, Ramiz Rövşənin bu yaşda yazdıqlarını oxusunlar. Estoniyada Xaqani Qayıblının, Bakıda Ayaz Arabaçının, Qubada Ramiz Qusarçaylının, Sumqayıtda İbrahim İlyaslının, Xırdalanda Elnur Astanbəylinin, Gəncədə Çiçək Mahmudqızının, Şəkidə Qoca Xalidin şeirlərini oxusunlar. Əyyub Qiyasın, Şərif Ağayarın nəsriylə tanış olsunlar. Başqa heç nə demirəm. 

- Adını sadaladıqlarınız dünyanı demirəm, paytaxt Bakıda yetərincə tanınırlarmı?  

- Dünyaya çıxmaq məsələsi də belədir ki, görünür, bizim istedadı və nəhəng qələm adamlarının taleyinə İngiltərədən qayıdandan sonra S.Vurğunun dediyi kimi, "kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi" olmaq səadəti yazılmayıbmış. Həm də axı kiçikliyindən-böyüklüyündən asılı olmayaraq dünyada verilən bütün mükafatların arxasında hər hansı məqsəd güdülür və bu da çox vaxt xoşməramlı olmur. Bilirsiniz necədi, efirlərdən-ekranlardan evimizə dürtülüb, gözümüzə soxuşdurulan hər cür maddiyyatla əhatələnmiş orden-medallı çox "xalq şairləri mövcud olub bir zamanlar. İndi hanı onlar? Axı həm də onlarla eyni vaxtda kasıb komasına sığınıb, öz könül hücrəsinə çəkilən şairlər də yaşayıb. Bu gün onlar həmin o imtiyazlı çağdaşlarından daha diri, daha duru deyilmi?

-Bu günlərdə xəbər yayıldı ki,  "Kitabevim" mağazalar şəbəkəsi baglanmaq üzrədir… 

- Mənim dünyada ən çox 3 şeydən qorxum olub həmişə. Allahsız cəmiyyətdən, böyüksüz mahaldan və kitabsız cəmiyyətdən. Kitabı o adamlar sevir ki, Allahını tanıyır və böyüyünün qədrini bilir. Görünür, cəmiyyətimiz həm də ona görə bu qədər boz-bulanıq hala gəlib ki, kitabsız adamlar at oynadır bu saat. Onlara qalsa, kitab yazanları çıxdaş edər, oxuyanları isə lağ və gülüş obyektinə çevirərlər. Amma hər bir cəmiyyətin dəyəri onun insanlarının müqavimət gücü ilə ölçülür. Təbii ki, indi də heç olmasa, aydınlarımız müqavimət göstərməli, xüsusilə son illərdə əsl kitab və mədəniyyət ocağına çevrilmiş "Kitabevim" mağazalar şəbəkəsini qorumalıdı. İlin-günün bu vaxtında kitabsevərlərin həmişə üz tutduğu belə bir rahat və zövqlü məkanın qapadılması, yumşaq desək, yolverilməzdir.

- Şair, sizdən daha çox sevdiyiniz, özünüz oxuyandan sonra “Ah” çəkdiyiniz, şedevr hesab etdiyiniz  bir şeirinizi istəyirəm.  

- Dərdiş, şedevr-zad nədi?  Mənim elə böyük iddiam yoxdu. Sadəcə, bu dəqiqə yadımda olan bir cızmaqaramı ərz edərəm

AVTOPORTRET

Bu adam sevmədi özünü, 
Özgələrini sevdi amma. 
Ömründə bircə xoş gün görmədi, 
Göz açandan dərd gördü amma. 

Başına uçuldu tikdiyi, 
Fil çəkəmməyəndi çəkdiyi.
Tumurcuqlamadı əkdiyi, 
Gül-çiçək açdı dərdi amma. 

Dözüb də hamının nazına, 
Hə dedi hər şeyin azına. 
Can deyib oğluna-qızına, 
Çörək yox, ürək verdi amma. 

Qaçsalar da hər yerdə üzündən, 
Qaçmadı bir yol da sözündən. 
...Qarışqa idi öz gözündə -
Başqaları bir devdi amma.

Bəlkə də heç baxtlıq deyilmiş,
Bu günlük-sabahlıq deyilmiş.
Ölüb yaşamaqlıq deyilmiş...
Bəlkə yaşayıb öldü amma.

- Bir son söz deyin!
- Yaşasın Azadlıq, bir də Məhəbbət!

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu