Ekspertizanın cavabı çıxmayıb: Sümüklərin Mikayıl Müşfiqə aid olduğu təsdiqlənəcəksə… - AKTUAL

Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərin ekspertizası hələ yekunlaşmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bir müddət öncə bildirmişdi ki, aşkarlanan sümüklərin Mikayıl Müşfiqə aid olub-olmadığının müəyyənləşməsi üçün lazımi müayinələr həyata keçirilir. M.Müşfiqin qohumlarından götürülmüş qan nümunələrinin DNK analizi də müayinələrə daxildir.  
 
İşlərin yekunlaşmasının yubanmasına gəlincə, Ə.Həsənov bunun səbəbini M.Müşfiqə aid olduğu iddia edilən sümük parçaları ilə yanaşı daha bir neçə sümüklərin ekspertizaya təqdim olunması ilə əlaqələndirmişdi: 

- Bizə bir sümük təqdim olunmuşdu. Bir sümüyün yekunlaşması bir, ya da iki həftəyə başa gəlir. Lakin birdən proses dəyişdi.  Bizə başqa materiallar da təqdim olundu. Sümüklərin ardı gəlməyə başladı. Hətta, növbədə bir partiya sümük də gəlməsi gözlənilir. Bu, qlobal məsələdir.



Burada bir nəfərdən söhbət getmir artıq.  Çünki aşkarlanan ərazidə təkcə Mikayıl Müşfiqə aid edilən sümüklər deyil, repressiyaya məruz qalmış digər şəxslərin də sümük qalıqlarının olduğu iddia edilir. Ona görə də ekspertizanın miqyası böyüyüb. Eyni zamanda, qohumlar gəlib qan verirlər və biz də bunu yoxlayırıq.
Birliyin direktoru işlərin uzanması ilə bağlı xaricdən mütəxəssis gətirilməsinə ehtiyac qalmadığını bildirib.
“Heç bir xarici mütəxəssisə ehtiyac yoxdur. Çünki bu, genetik ekspertizadır. Genetik ekspertizanı həyata keçirən aparatların  hamısı özümüzdə var”.
Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.



Dilavər Əzimli: “O zaman xeyli insan güllələnib. “NKVD”-nin qəbiristanlığının harada olması “NKVD” materiallarında əksini tapıb”


Tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında bildirdi ki, tibbi ekspertizanın başa çatması və sümük qalıqlarının Mikayıl Müşfiqə, yaxud repressiya olunmuş hansısa digər şəxsə aid olduğunun aşkarlanması yalnız mənəvi baxımdan əhəmiyyət daşıyır: 

- Sümüklərin Mikayıl Müşfiqə aid olduğu təsdiqlənəcəksə, bu, əlbəttə ki, qohumlar üçün və bütövlükdə Azərbaycan xalqı üçün mənəvi bir yüngüllük, mənəvi rahatlıq olacaq. Sümüklər islam qaydalarına uyğun dəfn ediləcək. Bu da hamımıza bir təskinlik olacaq. Eləcə də 1937-ci ildə Stalin repressiyalarının qurbanı olmuş soydaşlarımızdan, ziyalılar, dahi şəxsiyyətlərimizdən hansınınsa sümük qalıqları müəyyənləşəcəksə, eyni ilə bu da həm onların qohum-əqrəbası, həyatda qalan, hazırda yaşayan doğmaları üçün ən böyük mənəvi rahatlıq və təskinlik olacaq. Ona görə də hamımız ekspertizanın cavabını səbirsizliklə gözləyirik. 



D.Əzimli prosesin silsilə xarakter ala biləcəyini istisna etmədi: 

- Məlumdur ki, o zaman xeyli insan güllələnib. “NKVD”-nin qəbiristanlığının harada olması “NKVD” materiallarında əksini tapıb. Bunu müəyyənləşdirmək üçün arxiv sənədlərinə baxmaq yetərlidir. Müxtəlif sözlər danışılır, guya, Mikayıl Müşfiq həbsdə olanda Mircəfər Bağırov ora gedib, işgəncələr onun iştirakı ilə verilib və sair. Bunlar gərək təsdiqini tapsın. Amma hələ ki, söz-söhbət çərçivəsindədi. Mircəfər Bağırov repressiyaların önünü ala bilmədi. Həqiqət budur ki, Mikayıl Müşfiq güllələnib. O zaman kim güllələnirdisə, onun haqqında “güllələndi” məlumatı verilirdi, kim ki sürgün edilirdi, onun haqqında sürgün olundu məlumatı verilirdi və qohumları, ailəsi xəbərdar edilirdi. Hesab edirəm ki, sümüklərin aşkarlandığı ərazidə - bir vaxtlar “NKVD”nin qəbiristanlığı olduğu deyilən yerdə repressiya qurbanlarının xatirəsinə ümumi abidə ucaldılmalıdır. Repressiyaya məruz qalanların, güllələnənlərin siyahısı da orda əks olunmalıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu