Gürcüstanın başı bəladadır: Qonşu ölkə çətin siyasi prosesdən keçir

Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Gürcüstan nə ordusu, nə silahı, nə iqtisadi potensialı olan bir ölkədir” açıqlaması ictimaiyyətin və müxalif siyasilərin sərt etirazına səbəb olub. Etirazçılar prezident iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar ölkə prezidentinin bu cür açıqlama verməsini doğru hesab etməyiblər. Eks-prezident Saakaşvili də məsələyə münasibət bildirib. 

O, vurğulayıb ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Gürcüstanın nə ordusu var, nə də silahı, olmayacaq da” bəyanatı Rusiya və İvanişvilinin istəyinin birbaşa ifadəsidir: “Zurabişvili ordunu təhqir etdi. Bu, Rusiya ordusu və dövləti tərəfindən ordumuzdan alınan qisasdır. Bu, Ukraynanı bizim ölkəmiz adına müdafiə edən gürcü zabitlərdən alınan qisasdır. Bizim onminlərlə əsgərimizə təhqirdir”. 

“Ordudakı rusmeyilli zabitlər lazımi səviyyədə xidmət göstərmirlər”


Zurabişvilinin məlum ifadələrini “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib ki, Gürcüstan olduqca çətin bir siyasi prosesdən keçir. Analitikin sözlərinə görə, ölkənin daxili və xarici problemlərlə başı bəladadır: 

“Gürcüstan Qərbi Avropaya meyl edəndən sonra Rusiya və Qərbin siyasi maraqlarının toqquşduğu məkana çevrilib. Bundan sonra Gürcüstan ictimaiyyətində ruspərəst və qərbmeyilli siyasi qüvvələr meydana gəlib və indiyə kimi də onların mübarizəsi gedir. Digər tərəfdən Abxaziya və Osetiyanın separatçı fəalliyyətləri ictimaiyyətdə, ən əsası isə Gürcüstan ordusunda ciddi problemlər doğurub. Məncə, sabiq prezidentin ordu ilə bağlı ifadəsində pərdəarxası məqamlar var. Gürcüstan ordusundakı rusmeyilli zabitlər lazımi səviyyədə xidmət göstərmirlər. Demək olar ki, ordu siyasi oyunların parçasına çevrilib. Xatırladım ki, eks-prezident Saakaşvilinin devrilməsində də ordunun rolu az deyildi”.

Siyasi şərhçinin sözlərinə görə, Gürcüstan ordusunda islahatlara ehtiyac var: 

“Bunun ən bariz nümunəsi 8 günlük Rusiya-Gürcustan müharibəsində gürcü ordusunun biabırçı məğlubiyyətidir. Düşünürəm ki, prezidentin məlum ifadələri hər nə qədər təhlükəli sayılsa da, etirazlara səbəb olsa da, bu, əslində ordunun indiki vəziyyətinin üstüörtülü tənqid edilməsidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu